Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müstəqillik tariximizin ən yeni salnaməsi

Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. Ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz  tam nəzarətimiz altındadır. Sentyabrın 27- dən bu günə qədər 170- dən çox yaşayış məntəqəsinin , strateji əhəmiyyətli yüksəkliklərin, Xudafərin körpülərinin, Şuqovuşanın azad  edilməsi və həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanması müstəqillik tariximizin ən yeni salnaməsidir.

Azərbaycan Ordusunun qısa müddətdə uğurlu əməliyyatı, torpaqları işğaldan azad etməsi, hərbçilərimizin  peşəkarlığı, müasir hərb strategiyasının tətbiqi və dünya hərb tarixinə yenilik gətirməsi (dronlar və müasir texnologiyalar) bir daha təsdiqlədi ki, ordumuz dünyanın 50 ən güclü ordularındandır. Təbii ki,  əldə edilmiş uğurlarını əsasında Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində apardığı məqsədyönlü siyasəti dayanır. Artıq,  demək olar ki, hər gün xoş xəbərlər alırıq. Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyən  işğalçı ölkə diz çökmək üzrədir. Baş nazir Nikol Paşinyan 3 dəfə ağ bayraq qaldırıb və humanitar atəşkəs barədə razılığa gəlib. Lakin hər  dəfə də erməni məkri, erməni hiyləsi özünü büruzə verib.

Ermənistan atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, azad edilmiş əraziləri yenidən işğal etməyə cəhd göstərir, prosesi qarşıdurmanın davamına doğru yönəldir. Münaqişənin həlli lə bağlı Azərbaycanın prinsipial mövqeyi – hərbi-siyasi nizamlama yeganə mümkün yoldur.  Dövlətimizin başçısı qəti mövqeyini dəfələrlə bildirib:  İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan  öz ordusunu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalı, ondan sonra siyasi nizamlama prosesinə keçmək olar.

 Dövlətimizin başçısı bugünlərdə xalqa müraciətində  işğalçı Ermənistana ağır zərbələr vurulması  barədə məlumat verərək dedi ki, bir aya yaxındır ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub.

Möhtərəm Prezidentimiz dünyanın aparıcı  televiziya kanallarına və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Ermənistanın dezinformasiyasını ifşa edərək əsil reallıqları olduğu kimi çatdırır.  Dövlətimizin başçısı  oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində son bir ay ərzində baş verənlər, Ermənistanın işğal siyasətindən əl çəkməməsi, müharibə qanunlarına, beynəlxalq konvensiyalara zidd olaraq  dinc əhalinin qətlə yetirlməsi, yaşayəş məntəqələrinin və digər obyektlərin viran edilməsi barədə ətraflı məlumat verdi.  Agentliyin çoxminli oxucularına da bəlli oldu ki, emrənilər işğal etdikləri bütün yaşayış məntəqələrini dağıdıblar. Həmin ərazilərdə mədəniyyət abidələri, məscidlər, inzibati binalar, evlər məhv edilib. Hətta binaların daşları belə sökülərək digər ərazilərə aparılıb. Bu, barbarlıq, vəhşilik, quldurluqdan başqa bir şey deyil.

Nikol Paşinyan hakimiyyətə gələnə qədər  münaqişənin nizamlanması istiqamətində irəliləyiş əldə olunmasa da, danışıqlar davam etdirlirdi.  Ancaq Ermənistan tərəfi açıq şəkildə müharibəyə başlamamışdı. Küçə və meydanlardan ölkə rəhbərliyinə gələn Nikol Paşinyan bu vaxta qədər danlışıqlar prosesindən əldə olunmuş bütün razılaşmalırın üstündən xətt çəkdi. “ Qarabaöğ Ermənistandır” deyən baş nazir münaqişəni daha da alovlandırdı.  O, dövlət başçısına xas olmayan hərəkətləri, qeyri- ciddiliyi, münaqişənin tarixindən, beynəlxalq hüquqdan bixəbərliyi  və sərsəm  bəyanatları ilə Ermənistana rəhbərlik etmiş şəxslərin heç birinin etmədiyi Azərbaycana qarşı təhqirlərə yol verdi. Onun açıqlamaları bir-birini təkzib edir, bu gün dediyini sahab danır, ziddiyətli fikirlər səsləndirir. İşğalçı ölkənin indiki rəhbərliyi bu sərsəm, düşünülməmiş addımları ilə  danışıqlar prosesini mümkünsüz etdi və münaqişənin hərb yolu ilə həllindən başqa çıxış yolu qoymadı.

Həm beynəlxalq təşkilatlar, həm də vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun laqeydliyi, Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyinə göz yummaları  münaqişəni indiki səviyyəyə gətirib çıxardı.

Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi təcavüzkarı daha da azğınlaşdırdı.  Təcavüzkara hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları  xatırlada bilərik.

Dövlət başçısı hazırda hərbi əməliyyatlarda Ermənistanın  böyük miqdarda hərbçi və texnika itkisi verdiyini də diqqətə çatdırdı. Ən təəccüblüsü də odur ki,  Ermənistan tərəfi həlak olmuş hərbçilərin cəsədlərini təhvil almaqdan imtina edir. Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etsə də, erməni tərəfi imtina edib. Ermənistanın mübadiləni döyüş zonasında etmək cəhdləri mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir.  Azərbaycan  Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsinin birtərəfli qaydada Ermənistana verilməsi barədə qərar qəbul edib. Lakin Ermənistan növbəti dəfə ölülərin cəsədlərini təhvil almaqdan imtina edib. Bu, heç bir insani əxlaq normalarına sığmır.

Dövlətimizin başçısı bütün müsahibələrində birmənalı olaraq bildirib ki, Azərbaycan öz ərazisində vuruşur və işğal altında olan ərazilərimizin azad olunması uğrunda sona qədər  mübarizə aparacaq, müstəqillik tariximizin ən yeni salnaməsini yazacaq.  

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,  hüquq üzrə fəlsəfə doktoru

30 Oktyabr 2020 10:08 -

Köhnə versiyamızdan xəbərləri izlə