Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlham ƏLİYEV: Döyüş meydanında baş verənlər Ermənistan üçün ciddi siqnal olmalıdır

Rusiya, ABŞ və Fransa prezidentləri bəyanatlarla çıxış ediblər, özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo qəbuledilməzdir. Yaxşı, biz bunu alqışladıq. Yadımdadır, bu, bizdə bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu tezisdən tədricən uzaqlaşmağa başladılar... Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün – hələ gec deyil – sank­siyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibədən


Çoxdan oxuduğum ibrətamiz bir materialın indi – Azərbaycanın Vətən müharibəsinin davam etdiyi bir zamanda, Prezident İlham Əliyevin rusiyalı jurnalistin suallarına verdiyi cavabları oxuyarkən yadıma düşməsi təsadüfi deyil. Əhvalat belə olub: Bir nəfər böyük loğ­man İbni-Sinadan (Avropada Avitsenna kimi tanınır) soruşur ki, valideynin övlad qarşısındakı vacib borc­ları nədən ibarətdir? Böyük loğman cavab verir: “Ən mühüm doqquz borc vardır – uşağı sağlam böyütmək, tərbiyə vermək, təhsil vermək, normal ailə qurmasına şərait yaratmaq, cəmiyyətdə layiqli yer tutmasını təmin etmək...və səkkiz borcu sayandan sonra deyir ki, bütün bunları yüksək səviyyədə yerinə yetirib, doqquzuncu borca əməl etməsən, zəhmətin hədər gedəcək”. Sual verən maraqlanır ki, o, hansı borcdur: “Dünyadan gedəndə övlada düşmən qoyub getməmək” – deyə, loğman cavab verir.

...Dövlət başçımızın bundan əvvəlki müsahibələrinin hamısını həyəcanla oxuyurduq. Bu həyəcanı jurnalistin suallarına Prezidentin verdiyi cavabların məzmunu ya­radırdı. Rusiyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “İnterfaks”a verilən müsahibəni isə təkcə maraq və həyəcanla deyil, həm də, heyrətlə oxudum. Müsahibəyə televiziya ilə baxanda bu heyrəti hiss etməmişdim.

Mən bu müsahibədə İlham Əliyevin timsalında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, əxlaqımızın, davranışımızın ən ali nümunəsini gördüm. Bu müsahibə sübut etdi ki, Azərbaycan Silah­lı Qüvvələrinin Ali Baş Koman­danı, Prezident İlham Əliyev, sözün həqiqi mənasında, ulu əcdadlarımıza xas uzaqgörənliyin və müdiikliyin daşıyıcısıdır. Dövlət başçımız bu müsahibəsində sü­but etdi ki, biz regionda kiminləsə düşmən olmaq istəmirik, kimisə gələcək nəsillərimizə, övladlarımıza düşmən kimi saxlamaq istəmirik. Ona görə də “Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır”.

20 Yanvar, Qarakənd, Xoca­lı faciələrini törətmiş, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimizin 20 faizini otuz ilə qədər işğalda saxlamış, həmin ərazilərdəki təbii sərvətlərimizi qarət eləmiş, bütün mədəni-tarixi abidələrimizi vəhşicəsinə məhv etmiş ermənilərə... gələcək ni­catın vəd edilməsi... bunu türk müdrikləri bacarardı, bu mərhəməti azərbaycanlı liderin ədalətli ürəyindən gözləmək olardı.

Prezident xatırlatdı ki, bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasındakı həm üçtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq müsbət nəticələrini verir. Bizim üçtərəfli formatımız mövcuddur. Düşünürəm ki, gün gələcək, biz ar ­tıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geo­siyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq. Buna görə Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Fikrimizcə, liderin bu bu qətiyyəti təkcə regiondakı sülhə və əmin-amanlığa xidmət etmir, həm də gələcək inkişafın, tərəqqinin qayğısına qalmaqdır. Ancaq hələlik, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, beynəlxalq aləmdəki ikili standartların yabanı bitkilər for­masında Qafqaza uzanan tağları kəsilməli, bölgədə haqq-ədalət bərqərar edilməlidir.

Azərbaycan Prezidenti və Silahlı Qüvvələrimiz bu gün məhz bölgədə haqq-ədalətin bərqərar olmasına xidmət edir və bu istiqamətdə qar ­şıya qoyulan məqsədlərə çatmaq üzrəyik. Dövlət başçımız Rusiya mətbuatı vasitəsilə bütün dostları­mıza və bədxahlarımıza səsləndi ki, döyüş meydanında Ermənistanı məğlub etməyimiz, hər halda, ciddi siqnal olmalıdır ki, daha onlar imi ­tasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə məsələnin konk­ret müzakirəsindən yaxa qurtara bilməzlər: “Danışıqlar prosesinə gəldikdə isə, son bir il ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq bu proses aparılmayıb... Axı, bu prinsiplər göydən düşməyib. Bu prinsiplər Minsk qrupu tərəfindən, onun həmsədrləri tərəfindən təklif edilmiş və münaqişə tərəfləri onları razılaşdırmışdılar”.

Prezident İlham Əliyev bu dəfə də təkrar etdi ki, Azərbaycan baza prinsiplərinə əsasən sadiqdir. Xatırladaq ki, bu prinsiplərin birinci bəndi Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsi barədə idi. Lakin hazırda beş rayondan dördü bilavasitə Azərbaycan Ordusu tərəfindən, demək olar ki, azad edilib. Belə çıxır ki, minimum baza prinsipləri ya aktual deyil, ya da onlara müəyyən düzəliş edilməsinə ehtiyac var: “ Birinci mərhələdə beş rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qaytarılması. Prinsip etibarilə, bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayta­rılması. Buna görə də biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözləməyimiz lazım olmayacaq”.

“İnterfaks”ın əməkdaşı xatırlatdı ki, Prezident Putin Minsk qrupunun formatına yenidən baxılmasının mümkünlüyünü istisna etməyib. Azərbaycan Prezidentinin bu xatırlatmaya münasibəti isə təkcə Moskvaya deyil, bütün həmsədrlərə aid idi: “Axı, hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamla­maya yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlan­mışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrult­madı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam”.

Doğrudan da, burada düşündürücü məqamlar çoxdur. Belə ki, Minsk qru­punun həmsədrləri tutaq ki, Danimarka, Gürcüstan, Misir və ya başqa ölkələr ol­saydı, onda həmin qurumun rəhbərliyinin kəsərsiz qərarlarına dözmək olardı. Çünki o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şura­sının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur.

Prezident xatırlatdı ki, praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır: “Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu”.

Yeri gəlmişkən, son zamanlar ekspert və mətbuat təmsilçiləri bu fikirdədirlər ki, Ermənistan – Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsini həlli üçün 2+2 formu­lunun yaradılması vacibdir. “İnterfaks”ın müxbiri də bu ideyanın perspektivindən danışarkən əlavə etdi ki, 2+2 dedikdə, Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya nəzərdə tutulur.

Azərbaycan Prezidentinin bu məsələyə münasibəti kifayət qədər sadə şəkildə ifadə olundu. Dövlət başçımız qeyd etdi ki, həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusi­ya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar: “Biz Türkiyə ilə Rusiyanın ya­xınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü – təkcə bizdən ötrü deyil, regiondan ötrü – əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yol­la nizamlanmasını sürətləndirə bilərdi”.

Jurnalistin Ermənistana tətbiq edilə biləcək sanksiyaların nədən ibarət olacağı barədə sualının cavabı da ma­raqla gözlənilirdi. Elə maraqlı da oldu. Prezident dedi ki, Ermənistana tətbiq ediləcək sanksiyalar bu ölkəni BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etməlidir: “Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axı, beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küvey­tin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxt­da… Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi”.

Dövlət başçımız sonda qətiyyətlə xatırlatdı ki, işğalçı ölkə öz irticaçı möv­qeyini uzun müddət davam etdirə bilməz: “Ermənistan buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

30 Oktyabr 2020 03:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə