Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silah­lı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikası­nın bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiya­sının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etsin.

3. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Res­publikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirsinlər.

4. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılsın:

4.1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

4.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

4.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

4.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

4.7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiya­lar Nazirliyi;

4.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

4.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

4.10. müvafiq yerli icra hakimiyyəti orqanları.

5. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumla­rının) nümayəndələri cəlb oluna bilər.

6. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıda­kı vəzifələrin yerinə yetirilməsini təşkil etsinlər:

6.1. mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunika­siya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarları­nın, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;

6.2. ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

6.3. aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inven­tarlaşdırılması və mühafizəsi;

6.4. kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılma­sı, saxlanılması və mühafizəsi;

6.5. aşkar edilmiş sənədlərin uço­tunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;

6.6. hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.

7. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirsinlər:

7.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi;

7.2. Azərbaycan Respublikası­nın Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;

7.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi;

7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrast­ruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;

7.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi;

7.6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologi­yalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması;

7.7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoq­rafiya və xəritəçəkmə işlərinin aparıl­ması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi;

7.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi.

8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respub­likasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsu­si rejiminin tətbiqini təmin etsinlər.

9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologi­yalar Nazirliyi və Azərbaycan Respub­likasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etsinlər.

10. Azərbaycan Respublikası­nın Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görsünlər.

11. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublika­sı Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurum­larının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirsinlər.

12. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geo­informasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqan­larının (qurumlarının) sorğuları əsasında onlara təqdim etsin.

13. Azərbaycan Respublikası Pre­zidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirsin.

14. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

15. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2020-ci il

30 Oktyabr 2020 03:12 - FƏRMANLAR
FƏRMANLAR
13 Noyabr 2020 | 02:21
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 171-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2019-cu il 16 dekabr tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə