Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni separatizmi və ekstremizmi region üçün əsas təhlükə mənbəyidir

Mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ermənistan cəbhədə silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycanın müharibə gedən ərazilərindən kənar kəndlərdə, insanların sıx cəmləşdiyi şəhərlərdə dinc əhaliyə qarşı törətdiyi qanlı terror əməllərindən əl çəkmir. Gəncə və Bərdənin mərkəzi hissələrində, habelə digər rayonlarımızda insanlığa sığma­yan belə vəhşi hərəkətlər faşist erməni xislətindən, Azərbaycana qarşı kin-küdurətdən, təcavüzkar siyasətdən xəbər verir.

Düşmən tərəf Dağlıq Qarabağ münaqişəsi başlayandan mülki azərbaycanlılara qarşı çoxsaylı terror aktları həyata keçirib. Vurğu­ladığımız kimi, hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşa­dığı, hərəkət etdiyi məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub.

İşğalçı dövlətin dinc insanları, evləri, mülki obyektləri məqsədli şəkildə atəşə tutması beynəlxalq hüququn əsas normalarına, o cümlədən, beynəlxalq humanitar hüquq və Cenevrə konvensiya­larına məhəl qoymamasını açıq-aydın göstərir. Təəssüf ki, nüfuzlu beynəlxalq təşkilatlar, əksər dövlətlər tərəfindən bu vəhşilik torpaqlarımızın işğalı məsələsində olduğu kimi, susqunluqla qarşılanır, laqeydlik göstərilir.

Əslində biz düşmənin 30 il ərzində bu cür qeyri-insa­ni əməllərinin dəfələrlə şahidi olmuşuq. Belə hallarda nə vaxt indi haqdan-ədalətdən dəm vuran ölkələr səslərini çıxarıb­lar?! Bəkə onlar erməni cəlladları tərəfindən azərbaycanlıların Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və ətraf bölgələrdəki dədə-baba yurdlarından didərgin salınanda, Ermənistanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç biri yerinə yetirilməyəndə, işğalçı ölkənin baş naziri Nikol Paşinyan mənfur əməlləri ilə dəfələrlə sülh danışıq­ları pozulanda, Dağlıq Qarabağda “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsi aparılanda haqq səslərini ucaldıblar?! Bəlkə nə vaxtsa Ermənistana vandal, barbar hərəkətlərinə görə sank­siyalar tədbiq etmək təşəbbüsü göstəriblər?! Heç vaxt, heç vədə!

Prezident İlham Əliyev Ru­siyanın İnterfaks agentliyinə müsahibəsində də bu barədə ətraflı danışıb. Bildirib ki, Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal ediləndə, hərbi cinayətlər törədiləndə, etnik təmizləmə aparılanda qəsbkara qaşı sanksiyalar tətbiq edildi: “Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sank­siyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi – təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxla­yaq”.

Amma Ermənistan rəhbərliyi özü terrorçu, işğalçı ola-ola ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin digər dövlətlərə Azərbaycanın cinayətkar olması barədə, necə deyərlər, utanıb-qızarmadan uydur­malar, həqiqətdən uzaq yalanlar söyləyib. Bununla da qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də ol­sun hörmət etmədiyini təsdiqləyib.

Burada ən təəccüblü və təəssüf doğuran bir də odur ki, erməni ordusu Azərbaycandan Avropaya uzanan neft və qaz kəmərlərimizi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı- Tblisi-Ceyhan neft kəmərini raket zərbələri ilə üz-üzə qoyanda belə Avropa susub, səsini çıxarma­yıb. Amma, şübhəsiz ki, düşmən anlayır ki, belə bir fitnəkar hərəkətə yol verərsə, bu cür dəhşətli terroru reallaşdırarsa, əməlləri cavabsız qalmayacaq...

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində jurnalistin “Erməni tərəfi tez-tez Azərbaycanın müxtəlif enerji infrastrukturunu– Mingəçeviri, qaz kəmərlərini, neft kəmərlərini atəşə tuturdu. Ümumiyyətlə, Siz necə hesab edirsiniz, bu, Azərbaycan neftinin və qazının dünya bazarına çatdırıl­ması üçün müəyyən risklər yarada bilərmi?”-sualına cavabında da bu barədə deyib: “Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konk­ret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft və qaz əsasən avro­palı istehlakçılara lazımdır. Sirr de­yil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avro­pa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq”.

Dövlətimizin başçısı sözünə əlavə edərək bildirib ki, bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına ödəyirlər. Ona görə də neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş verərsə, Ermənistan, şübhəsiz ki, ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Lakin bu da onları dayandırmır. Axı onlar Bakı-Novorossiysk neft kəmərini bombalamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyanı bağlayır: “Həmin Rusi­yanı ki, Ermənistan ondan həmişə hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arenada dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik stansi­yasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiya­larını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin yırtıcı mahiyyətini göstərir”.

Prezident İlham Əliyev müsahibəsində bu gün Azərbaycanın neft-qaz, eləcə də digər infrastrukturunun etibarlı şəkildə qorunduğunu, indiyədək bu öbyektlərə yönləndirilən raketlərin çoxunun elə havada məhv edildiyi­ni diqqətə çatdırıb.

Burada bir məqamı da xa­tırlatmaq istərdik. Ermənistanın Azərbaycanın müharibə gedən ərazilərindən kənar kəndlərdə, vətəndaşların sıx cəmləşdiyi şəhərlərdə dinc əhaliyə qarşı törətdiyi qanlı terror təxribatı, yaşanan faciələr, insan itkiləri insanlarımızı sındırmır, xalqımızı, ordumuzu haqq, ədalət savaşın­dan çəkindirmir. Azərbaycan xalqı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və ordumuzun ətrafında getdikcə sıx birləşir, hər gün verilən qələbə xəbərləri insanlarda yüksək ovqat yaradır, mübarizə əzmini artırır. Düşmən özü də tamamilə dar­madağın olacağını, Azərbaycan Ordusunun mərhəmətinə möhtac qalacağı günə çox az qaldığını yaxşı bilir.

Ermənistan dərk edir ki, Azərbaycana yönələn bu mənfur əməllərinin qarşılığında cəbhədə, torpaqlarımızın azadlığı uğu­runda aparılan savaşda əvəzsiz qalmır, yüz qat artıq cavab alır. Çünki Silahlı Qüvvələrimizin güc-qüdrətinə yaxşı bələddir. Bilir ki, bu gün cəbhədə əldə ediyi­miz qələbələrin əsasını son 17 il ərzində qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyev ordumu­zun güclənməsinə daim önəm verib, ən müasir döyüş texnikasının alınmasını gerçəkləşdirib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Məhz bütün bunların nəticəsidir ki, sentyabrın 27-dən¬Azərbaycanın əks-həmlə əməliyyatları ilə müharibəyə baş­ladığı gündən ötən bir ay ərzində ordumuz möhtəşəm uğurlara imza atıb, döyüş meydanında öz üstün­lüyünü dəfələrlə sübut edib.

Prezident İlham Əliyev Ru­siyanın İnterfaks agentliyinə müsahibəsində indiki müharibəni hərbi-siyasi nizamlanma baxı­mından dəyərləndirərkən bildirib ki, işğal edilən ərazilərimizin xeyli hissəsi ötən bir ay ərzində azad olunub. Silahlı Qüvvələrimiz erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı bir neçə müdafiə xəttini, mühəndis qurğularını şücaətlə dağıdıb, ərazilərimizin xeyli hissəsini yağı tapdağından xilas edib. Bu isə Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyini təsdiqləyib.

Dövlətimizin başçısı sözünə da­vam edərək deyib: “Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın apa­rıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordu­sunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir”.

Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi hazırda davam edir. Döyüşlərin başlandı­ğı gündən ötən müddət ərzində Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istədiyini bildirib: “Lakin təəssüf ki, erməni tərəfi atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm - hərbi-siyasi nizamla­ma yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin”.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

30 Oktyabr 2020 03:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə