Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısı Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün böyük fədakarlıq göstərir

Azərbaycan yalnız döyüş meydanında müharibə aparmır, ölkəmiz həm də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində də ciddi fəaliyyət göstərir. Xüsusilə də erməni yalanları fonunda beynəlxalq aləmin Dağlıq Qarabağ və ona bitişik ərazilərdə gedən hərbi əməliyyatlar barədə ətraflı və müfəssəl məlumatların verilməsi böyük əhəmiyyət daşıyır. Bu mənada Prezident İlham Əliyevin dünyanın nüfuzlu televiziya ka­nallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük rol oynayır. Ölkə başçısı müsahibələrində münaqişənin tarixi, indiki vəziyyəti və Azərbaycanın ədalətli mövqeyi barədə müfəssəl açıqlama­lar səsləndirməklə, ölkəmizə qarşı köklənmiş qüvvələrə layiqli cavablar verir və xalqımızın haqlı mübarizəsində erməni havadarlarına tutarlı mesajlar göndərir.

Prezident İlham Əliyev özü­nü “ədalətli və balanslı” şüarları ilə reklam edən və hadisələrin neytral işıqlandırılmasında maraqlı olduğunu iddia edən “Fox News Channel”ə müsahibəsində bir sıra maraqlı məqamlara toxun­du. Əlbəttə, Qarabağ münaqişəsi ətrafındakı son vəziyyətin geniş auditoriyaya çatdırılması ba­xımından olduqca əhəmiyyətli olan bu müsahibədə ölkə başçısı Azərbaycanın milli maraqlarının konkret məqamlarını da açıq­ladı, xarici auditoriyanı narahat edən məsələlərə də aydınlıq gətirdi. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin amerikalı jurnalistin suallarına məntiqli və düşünülmüş cavabları ictimaiyyətdə böyük rəğbət hissi ilə qarşılandı. Belə ki, müsahibə zamanı amerikalı jurnalist dövlət başçımıza Qarabağda döyüşlərin ölkə daxilində sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındır­maq üçün istifadə etmək barədə fərziyyələr irəli sürməyə çalışması diqqətdən yayınmadı. Prezident İlham Əliyev bu fərziyyələrin qətiyyən həqiqətə uyğun olma­dığını bildirdi: “Xeyr, xeyr, bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir”. Dövlət başçısı jurnalistə bu rəqəmi ABŞ ilə müqayisə etməyi məsləhət gördü.

Heç kimə sirr deyil ki, Qərb jurnalistləri müsahibələrində bəzən özlərini ittihamçı kimi aparırlar. Prezident İlham Əliyev oktyab­rın 26-da xalqa müraciətində bu məsələyə öz münasibətini bildirdi. “Sual vermir, bizi ittiham edir, elə bil prokurordur”, – deyən ölkə başçısı əlavə etdi ki, bütün illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. “Azərbaycan xalqı görür ki, xarici mətbuatın bütün suallarına necə lazımdır, cavab verirəm. Susurlar. Çünki cavab verə bilmirlər. Heç vaxt onların səviyyələrinə düşmürəm. Sual ver­mir, bizi ittiham edir, elə bil proku­rordur. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür və ondan istifadə edirlər. Mən onlarla mülayim tərzdə danışıram, amma bilirlər ki, istənilən formada danışa bilərəm”, – deyə Prezident bildirdi.

Təbii ki, müxbirin Azərbaycan üçün bir sıra prinsipial məsələlər barədə ya tam yanlış, ya da məqsədyönlü şəkildə təhrif olun­muş düşüncədə olması müm­kündür. Hətta, onu qeyd etmək lazımdır ki, jurnalistin sualları bir çox məsələlərdə erməni audito­riyasının baxışlarına uyğun idi. Ancaq Prezident İlham Əliyevin qərəzli suallara təmkinlə və ətraflı cavab verməsi xarici auditoriya­da bir sıra prinsipal məsələlərdə Azərbaycan həqiqətləri barədə dolğun rəy yaranmasına şərait yaratdı. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanda yoxsulluq səviyyəsinin 5 faiz olduğunu vurğualayaraq bildirdi ki, Azərbaycanın ciddi sosial prob­lemi yoxdur: “COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabit­dir, davamlıdır”.

Bundan başqa, dövlət başçı­sı amerikalı jurnalistin diqqətinə çatdırdı ki, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. “Bu, qar­şı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındır­mağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir”, – deyən Prezident İlham Əliyev xatırlatdı ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki sabiq prezidenti təqib edir. Bununla da ölkə başçısı xarici auditoriyanın diqqətinə çatdırdı ki, özünü “demokrat” kimi təqdim etməyə can atan N.Paşinyan vaxtilə siyasi rəqibləri olan şəxslərdən qisas almağa çalışır.

Müxbirin hökumətdə və korpo­rativ strukturlarda ailə idarəçiliyi və korrupsiya ilə bağlı sualına ölkə başçısının cavabı birmənalı oldu. Qərb dairələri, eləcə də xarici KİV Qərb ölkələrində korrupsiya haq­qında danışmağa ehtiyat edirlər. Halbuki, korrupsiya bəşəri prob­lemdir və dünyanın ən denokratik ölkələrində belə, korrupsiya var. Ölkə başçısı amerikalı jurnalistin bu sualına tutarlı cavab verdi: “Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrup­siya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bu­nunla mübarizə aparırıq”. Bununla yanaşı, Prezident İlham Əliyev amerikalı jurnalistin bütün prinsipial məqamlar barədə Azərbaycanın siyasətini təfsilatlı şəkildə ortaya qoyması ilə də diqqəti çəkdi. Belə ki, ölkə başçısı jurnalistin ailə idarəçiliyi barədə sualına Qərb auditoriyasını da maraqlandıracaq açıqlama verdi: “Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir”. Bundan sonra müxbirin onların hamısının demokratik və şəffaf şəkildə seçildiyini qeydinə İlham Əliyev “Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş” cavabını verdi.

Prezident İlham Əliyev ordu­muzda muzdluların döyüşməsi iddi­alarına da sərt reaksiya göstərdi. “Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər”, – deyən ölkə başçısı amerikalı jurnalistin diqqətinə çatdırdı ki, o, sübutlar, dəlillər tələb etdi və hələ də tələb edir. Dövlət başçısı müharibənin başlandığı gündən bu yana nə Rusiya, nə də Fransa tərəfindən Azərbaycana heç bir dəlil və ya sübut təqdim olunmadığını xüsusilə vurğuladı. Prezident İlham Əliyev müsahibəsində bir daha bildirdi ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur: “Mən elə bu barədə danışı­ram. Nizami orduda 100 min əsgər, üstəgəl, bir neçə gün ərzində biz, bəlkə də, bundan üç dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl, müasir avadanlıq”.

Ölkə başçısı bunun, sadəcə, Azərbaycanın nüfuzuna xələl gətirmək və döyüş meydanın­da əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbər olduğunu xarici auditoriyanın diqqətinə çatdırdı.

Amerikalı jurnalistin sualla­rından belə görünürdü ki, Dağlıq Qarabağ müharibəsi barədə yanlış məlumatları var. Yoxsa “1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz” sualını verməzdi. Dövlət başçısı jurnalistin bu naşı sualına çox tutarlı cavab verdi və birinci Qarabağ müharibəsində ermənilərə xarici qüvvələrin kömək etdiyini vurğuladı. “Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq”, – deyən Prezident İlham Əliyev xüsusilə bildirdi ki, Azərbaycan döyüşü uduzmuşdu və bu da obyektiv səbəblər üzündən olmuşdu. Dövlət başçısı diqqətə çatdırdı ki, birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermiş­di.

“Biz müharibəyə başlamamı­şıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik”, – deyən ölkə baş­çısı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini hər bir ölkənin özünümüdafiə hüququnu təmin etdiyini xatırlatdı, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad etdiyini açıqladı. Prezident İlham Əliyev dünya ermənilərinə, eləcə də ermənilər üçün “narahat” olan Qərb auditoriyasına da mühüm mesaj göndərdi: “Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalaca­ğıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”.

Prezident İlham Əliyev ABŞ-ın “Fox News Channel” teleka­nalına müsahibəsində bir sıra həqiqətləri də xarici auditoriya­nın diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır. “Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərirlər. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, – bunlar fərqlidir – ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır!”

Əlbəttə, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatla­rının “Fox News” televiziya kanalı əməkdaşının suallarına təmkinlə verdiyi cavablar Azərbaycan ictimaiyyətində qürur hissi yarat­maqla yanaşı, rəşadətli ordumuzun xilaskarlıq missiyası barədə xarici auditoriyada zəruri təsəvvürün formalaşmasına öz müsbət təsirini göstərdi.

Səbuhi MƏMMƏDOV,“Xalq qəzeti”

30 Oktyabr 2020 03:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə