Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz haqlıyıq, biz güclüyük!

Müsahibimiz Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır

– Fazil müəllim, Prezident İlham Əliyev xalqa müraciətində beynəlxalq qurum­ları, xüsusən, ATƏT-in Minsk qrupunun həmsədrlərini sərt tənqid etdi. Sizcə, bundan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinin bir əhəmiyyəti varmı?

– Hesab edirəm ki, onsuz da ATƏT-in Minsk qrupunun bu illər ərzində fəaliyyətinin heç bir mənası olmayıb. Onu mənasızlaşdıran Azərbaycan dövləti, Ali Baş Komandan və rəşadətli ordumuz oldu. Yəni, artıq ATƏT-in Minsk qrupu adlanan ermənipərəst, onların maraqlarını güdən, erməniləri ayaqda tutan, dünya reallığını beynəlxalq hüquqdan ayıra­raq tamamilə yeni bir fantaziya açan bir qu­rum fəaliyyət göstərmək perspektivinə malik deyil. Bunlar, sadəcə, son çırpıntılarını edir və Azərbaycana da hər hansı bir arqumentli sənəd və ya mövqe təqdim edə bilmirlər. Yığışırlar və guya, hansısa bir qətnamə qəbul edirlər. Guya, BMT Təhlükəsizlik Şurası­nın iclasını keçirirlər. Onların toplantısında istənilən ölkənin nümayəndəsi soruşa bilər ki, 27 il əvvəl qəbul etdiyiniz 4 qətnamədən nə xəbər var? Məgər bu qətnamələr icra olun­dumu ki, siz yeni qətnamə qəbul edirsiniz? Dünyada nə baş verdi? Hansı münaqişəni tənzimlədiniz ki, yeni qətnamə qəbul etmək fikrinə düşmüsünüz?

Bəli, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyə başlanılıb. Bunu Azərbaycan edir. Özləri yerinə yetirə bilmədikləri qətnamələri indi Azərbaycan, onun Prezidenti icra edir. Heç olmasa, imkan verin, yardım edin, sizin qəbul etdiyiniz qətnamələri sona qədər icra edək. İmkan ve­rin, ölkəyə barış gəlsin. Ona görə də ATƏT-in Minsk qrupu mahiyyətcə Azərbaycana hər hansı bir şərti, mövqeyi, ideyanı diktə edəcək gücə sahib deyil. Böyük, güclü dövlət olanda nə olar ki? Onlar da ortaya reallığı əks etdirən sənəd qoymalıdırlar.

– Dövlət başçısı elə həmin müraciətində qeyd etdi ki, “böyük beşlik” dövlətlər digər dövlətlərə təzyiq göstərirlər ki, Azərbaycanın əleyhinə qətnamələr qəbul etsinlər. Məqsəd nədir?

– Azərbaycanın əleyhinə qətnamələr və bəyanatlar yayılmasında məqsəd, təbii ki, ölkəmizin mövqeyini zəiflətmək, eyni zamanda, Ermənistanı xilas etməkdir. Beynəlxalq ictimaiyyətə də bəllidir ki, hazırda Ermənistan çökmüş vəziyyətdədir.

Artıq erməni yalanı, erməni mifi dağılıb. Təsəvvür edin, 30 ildir ki, Dağlıq Qarabağ savaşından söhbət gedir, amma bundan 3 dəfə artıq ərazini girov saxlayırlar. Nə vaxta qədər Ermənistana himayədarlıq edib bu ölkəni dünyanın başına bəla edəcəklər? Ona görə də bu məsələdə dövlətimizin başçısı bir vacib məqama toxundu. Dünya sanki bunlardan ibarətdir. Dünyanın reallıqları var və bu real­lıqları heç cür dəyişmək mümkün deyil. Əgər ermənilərə muxtariyyət vermək istəyirlərsə, buyursunlar öz ölkələrində versinlər. Sual olunur, məgər Amerikada, Fransada erməni muxtariyyəti var? Bu nə cəfəng, mənasız bir təklifdir? İllərdir ölkəmizə qarşı təzyiqlər göstərilir ki, erməni xalqına muxtariyyət ve­rin. Hansı xalqdan söhbət gedir? Ermənilərə bir dəfə muxtariyyət verilib və Azərbaycan ərazilərində özlərinə dövlət yaradıblar. İkinci dəfə də muxtariyyət verib daha bir erməni dövləti də yaradılsınmı? Bu, çox mənasız və əhəmiyyətsiz bir tələbdir. Hesab edirəm ki, heç kim bu barədə Azərbaycana təzyiq göstərə bilməz.

– Bütün bunlardan sonra indiyədək ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsində hazırlanan prinsiplər öz mahiyyətini saxlaya bilərmi?

– Əlbəttə yox. Bundan sonra artıq yeni reallıqlar meydana gəlib. Dövlət başçısı da qəti olaraq bildirdi ki, bundan sonra Dağ­lıq Qarabağda hər hansı bir referendum keçirilməyəcək. Ermənilərə təklif oluna bilər ki, Xankəndidə, Şuşada məhəllə yaradı­lıb. Gəlin, bu məhəllədə yaşayın. Onların Azərbaycanda yaşayan azsaylı xalqlardan nəyi artıqdır? Niyə onlara muxtariyyət verilməlidir? Ona görə də kimliyindən asılı olmayaraq, hər bir kəs dövlət başçımızın ətrafında daha sıx birləşməli, həmrəylik nümayiş etdirməli və Ali Baş Komandanın başladığı bu mübarizəni qələbə ilə başa çatdırmasına nail olmalıyıq. Biz haqlıyıq, biz güclüyük. Qələbə də bizimlədir. Artıq 27 illik yurd həsrətinə son qoyulur və yaxın vaxtlarda Azərbaycan bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə dalğalanacaq.

Müsahibəni qələmə aldı:Əliqismət BƏDƏLOV,“Xalq qəzeti”

30 Oktyabr 2020 03:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Noyabr 2020 | 01:03
Hava proqnozu
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə