Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı hesabat hazırlayıb

Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı hesabat hazırlayıb.

AZƏRTAC xəbər verir ki, hesaba­tın əvvəlində Ermənistan–Azərbaycan münaqişəsi barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi regionda ən uzun sürən (təxminən 30 il) münaqişədir. Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan tərəfindən işğal edilib. Münaqişə Dağlıq Qarabağ regionunda və ətraf 7 rayonda yaşayan bir milyon­dan çox azərbaycanlının həyatına mənfi təsir göstərib, sosial, iqtisadi və huma­nitar problemlər yaradıb. Qeyd edilən 7 rayon Dağlıq Qarabağ regionuna daxil deyil. Dağlıq Qarabağ regionunun ümu­mi ərazisi 4400 kvadratkilometrdir. Ətraf 7 rayonun ümumi ərazisi isə bundan demək olar ki, 3 dəfə böyükdür – 11000 kvadratkilometrdir. Məcburi köçkünlərin 90 faizdən çoxu həmin 7 rayondandır. Dağlıq Qarabağ regionundan qovulan azərbaycanlıların sayı isə 86 mindir.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə dair dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunur.

Hesabatda bildirilir ki, bu il sentyab­rın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə xətti boyunca genişmiq­yaslı təxribata başlayıb. Ermənistan silahlı qüvvələri intensiv şəkildə yaşayış məskənlərini, tarixi və mədəni tikililəri, strateji əhəmiyyət daşıyan obyektləri, cəbhə bölgəsindən uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı əraziləri ağır artilleriyadan, raket sistemlərindən və qadağan olunmuş silahlardan atəşə tuturlar.

BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də qeyd edilir ki, mülki əhalinin, xüsusilə qadınların və uşaqların hücumlara məruz qalması qadağandır. Bütün ölkələr 1925-ci il tarixli Cenevrə Pro­tokoluna və 1949-cu il tarixli Cenevrə Konvensiyalarına, hərbi münaqişələr zamanı insan hüquqlarına hörmət edilməsi, xüsusilə qadınların və uşaq­ların qorunmasının təmin olunması ilə bağlı digər sənədlərə əməl etməlidirlər.

Hesabatda sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və rayonların Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qal­ması ilə bağlı faktlar və rəqəmlər, fotolar əks olunub.

Hesabatın tam mətni ilə bu linkdə ta­nış olmaq mümkündür: http://cojep.com/ wp-content/uploads/2020/10/COJEP-Int.-Report-Azerbaidjan-Armenia-2020- oct..pdf.

30 Oktyabr 2020 03:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə