Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

RF Prezidenti: Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan bu əraziləri qaytarmaq hüququna malik olduğunu deyir

Dağlıq Qarabağ özü və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Ermənistanın nəzarəti altına keçib. Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. RF Prezidenti Vladimir Putin bu sözləri “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında söyləyib.

Rusiya Prezidenti deyib: “Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayo­nun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir və Azərbaycan deyir: Bizim bu əraziləri özümüzə qay­tarmaq və Dağlıq Qarabağla münasibətləri aydınlaşdır­maq hüququmuz var. Başa düşürsünüzmü, hər kəs özünü haqlı hesab edir və burada sadə həll yoxdur, çünki düyün çox möhkəm bağlanıb. Biz lap əvvəldən nə demək lazım olduğunu əsas götürmüşük, – bizim mövqe­yimiz isə tamamilə açıqdır, – Azərbaycana beş üstə gəl iki rayonun verilməsinin müm­künlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı münasibətlər və sair barədə danışmaq lazımdır”.

Prezident V.Putin Dağ­lıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanması barədə sualın cavabında deyib: “Hər iki tərəfi – həm bizim həmişə hörmətlə yanaş­dığımız Azərbaycan xalqını, həm də erməni xalqını və Ermənistan dövlətini qane edən, onların maraqları nəzərə alınan mənafelər balansını tapmaq lazımdır ki, insan­lar özlərini təhlükəsiz hiss etsinlər, lakin, eyni zamanda, həm Azərbaycanın, həm də Ermənistanın, elə insanların kifayət qədər sadə yaşadığı Dağlıq Qarabağın özünün də səmərəli inkişafının əsasını təşkil edən bütün infrastruktur imkanları bərpa olunsun və in­kişaf etdirilsin. Bu halda bizim bugünkü diskussiyanın iştirak­çılarının çoxu həmin ərazilərin inkişafında iştirak etmək, orada sərmayə qoymaq imkanı əldə edərdi – hər iki ölkənin insanları çox istedadlı, çox qabiliyyətlidir. Artıq 30 ilə yaxın davam edən bu münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir”.

Rusiya lideri vurğulayıb ki, birinci mərhələdə döyüş əməliyyatlarını dayandırmaq lazımdır. V.Putin sonda deyib: “İnsanların həlak olması­na son qoymaq, danışıqlar masası arxasına keçmək və Minsk qrupu tərəfindən, onun həmsədrləri – Rusiya, ABŞ, Fransa tərəfindən ifadə edilmiş təkliflər əsasında həmin Minsk qrupunun digər üzvlərinin, – orada çox ölkə var, Türkiyə, bəzi Avropa dövlətləri, – iştirakı ilə konsensus və mənafelər ba­lansını tapmaq lazımdır. Bunu etmək olar”.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

30 Oktyabr 2020 03:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə