Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qafqaz Müsəlmanları İdarəsinin sədri: Erməni qriqoryan kilsəsi ən müqəddəs dəyər olan insan həyatına deyil, ölümə xeyir-dua verir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə erməni qriqoryan din xadimlərinin xristianlığın təməl prinsiplərinə, İncilin sülhsevər çağırışlarına zidd davranışlarını pisləyən bəyanat verib. QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatın mətnini təqdim edirik:

“Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərində, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi ağır artilleriya və raketlərlə atəşə tutmaqda davam edir.

Sentyabrın 27-dən bu günədək Ermənistan Azərbaycanın onlarca şəhər və yaşayış məntəqələrinin, o cümlədən, hərbi əməliyyatların baş verdiyi bölgədən xeyli uzaqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin dəfələrlə atəşə tutulmasından sonra oktyabrın 28-də qədim şəhərimiz Bərdə raket atəşlərinə məruz qalıb. Bərdədə azyaşlı uşaqlar da daxil olmaqla, 21 nəfər qətlə yetirilib, 70-dən çox insan yaralanıb. Ümumilikdə, bu günədək 90-dan artıq dinc sakinimiz həlak olub, 392 nəfər yaralanıb, 2406 fərdi ev, 92 çoxmənzilli ev, 423 mülki obyekt dağıdılıb. Gəncədə, Bərdədə məsum uşaq­ların öldürülməsi heç bir insanı biganə qoya bilməz. Lakin Ermənistanın dövlət səviyyəsində törətdiyi bu terrora dünya ictimaiyyəti hələ də yekdil, birmənalı mövqe ifadə etmir.

Ermənistan tarix boyunca çoxlu qanlı cinayətlər törədib. Ermənilər soyqırımı, işğal, ekstremizm, terror, zorakılıq kimi insanlıqla bir araya sığışmayan cinayətlər törədiblər.

BMT-nin qətnamələrini yerinə yetirməmək, separatizm, qondarma dövlət qurmaq cəhdləri, münaqişənin sülh yolu ilə həllinə dair danışıqları pozmaq, əldə olunmuş razılaşmalara, öhdəliklərə əməl etməmək Ermənistanın hazırkı reji­minin fəaliyyət istiqamətləridir və bu, erməni dövlətçiliyini iflasa aparır, süquta sürükləyir. Soyqırımı, ksenofobiya, İsla­mofobiya, monoetniklik, etnik təmizləmə aparmaq, tarixən ərazi iddialarını təmin etmək məqsədilə terror təşkilatları yarat­maq və onları maliyyələşdirmək, dindən öz təcavüz məqsədləri üçün istifadə etmək – erməni ekstremistlərinin xislətidir.

İşğal olunmuş ərazilərimizdə mədəni irsin məhv edilməsi, məzarlıqların dağı­dılması, məscidlərin həqarətə məruz qal­ması, müxtəlif dinlərə məxsus məbədlərin, dini abidələrin məhv edilməsi, tarixin sax­talaşdırılması, mənşəyinin dəyişdirilməsi, özününküləşdirərək qriqoryanlaşdırılması siyasəti – bütün bunlar erməni vandaliz­minin təzahürləridir.

Erməni rejiminin daha bir xarakterik cəhəti yalan, iftira xarakterli təxribatçı məlumatlar yaymaqdır. Belə ki, muzdlu terrorçulardan istifadə etdikləri hal­da Azərbaycana böhtan atmaq buna nümunədir. “Qarabağ Ermənistandır” deyərək, işğal etdikləri Azərbaycan torpaqlarında qədim toponimləri erməni adları ilə dəyişdirərək özününküləşdirmək cəhdlərindən belə çəkinmirlər. Xocalı, Gəncə, Bərdə soyqırımlarını törətdikləri halda, guya ozlərinin soyqırıma məruz qaldıqları barədə dünyada hay-küy salmaq da bu qəbildəndir. Faşizm dövrünün canilərinə haqq qazandıraraq xatirəsini əbədiləşdirmək Ermənistanın ən yeni tarixində siyasi yönünün göstəricisidir.

Ermənistanın təcavüzkar, işğalçı siyasətinə və müharibə cinayətlərinə erməni kilsəsi tərəfindən xeyir-dua verilməsi təəssüf doğurur. Erməni qri­qoryan kilsəsi ən müqəddəs dəyər olan insan həyatına deyil, ölümə xeyir-dua verir, uşaqların, qadınların ölümünə, dinc insanların qətlinə bəraət verməsi isə heç bir məntiqə sığmır. Bütün səmavi dinlərin kitablarında, o cümlədən, İncildə, İsa Peyğəmbərin xitablarında insanları yaşa­mağa və yaşatmağa çağırış vardır. Xris­tianlığın təməl prinsiplərinə xilaf çıxan, İncilin sülhsevər çağırışlarına zidd gedən erməni qriqoryan din xadimlərinin belə bir davranışı mənsub olduqları din adına həqarətdir. Sülh üçün dua etmək əvəzinə, müharibə səngərlərində bir əlində xaç, bir əlində silah tutub əsgərlərini Azərbaycan torpaqlarının işğalına ruhlandıranların həqiqi din xadimliyi şübhə doğurur. Öz xalqını sülhə deyil, zorakılığa təhrik edən Ermənistan dövləti, erməni kilsəsi öz millətini ölənədək savaşa səsləməklə erməni xalqının gələcəyini fəlakətə sürükləyir.

Dünya dövlətlərinin rəhbərlərinə, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət edərək, erməni qriqoryan kilsəsi başçısının dünyadakı ermənilərə müraciətinin mahiyyətini və mümkün fəsadlarını lazımınca qiymətləndirməyə çağırıram. Monoetnik ölkə olan Ermənistanın dini mərkəzi faşizmə, ter­rora, işğala, ilhaqa, milli və dini ədavətə təşviq edirsə, bu, çox təhlükəli bir ten­densiyadır və təkcə bölgədə deyil, qlobal müstəvidə sülhə, dinlər və sivilizasiyala­rın dinc birgəyaşayış mühitinə təhdiddir. Ölkəmizin beynəlxalq birlik tərəfindən ta­nınan ərazilərini işğaldan azad etmək yo­lunda əzmkarlığı və israrı qarşısında aciz olduğunu dərk edən və məğlubiyyətinin qaçılmaz olduğunu anlayan erməni tərəfi son ümid yeri olaraq kilsə amilindən istifadə edərək münaqişəyə dini don geyindirərək xristian-müsəlman qarşıdur­ması kimi təqdim etməyə və beləliklə, xristian dünyasının dəstəyinə nail olmaq yönündə cidd-cəhdlə çalışır. Bu amilin təhlükəli olması dünyanın aparıcı dini liderləri ilə, o cümlədən, Rus Pravos­lav Kilsəsinin başçısı Patriax Kirillin, Ümumgürcüstan Katalikos-Patriarxı II İliyanın, Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə keçirilən, erməni dini lide­rinin şəxsən iştirak etdiyi görüşlərimizdə dəfələrlə gündəmə gətirilib və münaqişələrdə din amilindən istifadənin qətiyyən yolverilməz olduğu birmənalı vurğulanıb. Belə ki, bu amil dinlərin sülhsevər mahiyyətinə ziddir.

Bütün dünyaya bir daha bəyan edirik ki, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, heç bir ölkəyə təcavüz etməmişik və Qarabağda yaşayan ermənilər öz vətəndaşlarımızdır. Biz, dövlətimizin başçısı Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə, müzəffər ordumuz sayəsində qələbəmizə, şəhidlərimizin qanının yerdə qalmayacağına inanırıq. Biz sülhün bərqərarını istəyirik və Vətənimiz Azərbaycanda sülhə və əmin-amanlığa nail olunması üçün bu niyyətlərimizdə bütün dünya birliyinin dəstəyinə ümid edirik!”

30 Oktyabr 2020 02:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə