Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpağını geri qaytarır”

Çətin ki, Dağlıq Qarabağa görə hansısa ölkə münaqişəyə müdaxilə etsin

“Müharibə Azərbaycan ərazisində gedir. Bütün dünya, o cümlədən BMT tərəfindən Dağlıq Qarabağ və ətrafı Azərbaycan ərazisi hesab olunur. Prinsipcə, hüquqi və siyasi cəhətdən bu müharibədə heç kəs Azərbaycanın haqqını şübhə altına ala bilməz”. Rusiyalı politoloq, Moskva Şimali və Şərqi Avropa Ölkələri Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, tarix elmlər doktoru Aleksandr Sıtin APA -nın Moskva müxbirinə müsahibəsinin davamında bildirib:

– Böyük ehtimalla Azərbaycan müharibəni udacaq və Dağlıq Qara­bağı yenidən öz ərazisinə qatacaq. Bundan sonra yeni sual ortaya çıxa­caq. Bu sual humanitar məsələlərlə bağlıdır. Dağlıq Qarabağın erməni əhalisi ilə bağlı məsələlərdən söhbət gedir. Ona görə də, Azərbaycanın siya­si rəhbərliyinin qarşısında qələbədən sonra ciddi məsələlər dayanır.

Mən Azərbaycanın bu müharibədə göstərdiyi iki şeyə heyranam. Birin­cisi, Azərbaycan bu 30 il ərzində, heç kəsə heç nə demədən yüksək döyüş qabiliyyətli ordu yarada bilib. İkincisi, əlbəttə ki, Azərbaycanın siyasi qərarlar səviyyəsində bütün hərbi əməliyyatların ancaq Qarabağ ərazisində aparılmasına nail olmasıdır. Bu, sözsüz ki, böyük layiqli işdir.

Rusiyalı politoloq Ermənistanın Rusiyanı Qarabağ münaqişəsinə cəlb etmək cəhdlərinin davam etdi­yini də vurğulayıb:

– Təkcə müharibə başlayan­dan deyil, ermənilər buna qədər də əllərindən gələni edib, edir və edəcək ki, Rusiyanı bu münaqişəyə cəlb etsin. Bunun üçün də Ermənistan tərəfindən bu və ya digər yollarla Azərbaycan tərəfində, guya, radikal-islamçı terror­çuların döyüşməsi, onların Suriyadan Azərbaycan gəlməsi kimi xəbərlər dövriyyəyə buraxıldı. Çünki ermənilər yaxşı bilirlər ki, terrorçu məsələsi Rusiya rəhbərliyi üçün olduqca ağrılı mövzudur.

Bundan başqa, Rusiya­nı münaqişəyə cəlb etmək üçün Ermənistan Türkiyənin münaqişədə iştirakı məsələsini ortalığa atır, öz ərazisinin Azərbaycan tərəfindən atəşə tutulması üçün çoxsaylı cəhdlər edir. Onların məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüquqi mexanizmlərini işə salmaqdır. Əgər açığını desək, məsələ belədir: Rusiya hazırda əlindən gələni edir ki, bu, baş verməsin. Bu günə kimi, bu, həqiqətən də belədir. Lakin burada bir şeyi nəzərə almaq lazımdır. Azərbaycanın qələbəsi həm Türkiyənin, həm də Azərbaycanın regiondakı gücünü artıracaq.

Formal olaraq Rusiya bu gün bu məsələdə düzgün mövqe tutub. Mən özüm, Rusiyanın, ümumiyyətlə, bu münaqişəyə müdaxiləsinin əleyhinəyəm. Lakin Rusiyanın erməni lobbisi tərəfindən körüklənən informasiya siyasəti başqa cür deyir. Onlar Moskvanın bu münaqişəyə müdaxiləsini tələb edirlər. Bu gün Moskva ancaq humanitar əsaslarla münaqişəyə müdaxilə edir. Bəyanatlarında atəşkəsə əməl etməyə, insanların həlak olmasına işarə vurur.

Rusiyalı ekspert Dağlıq Qarabağ müharibəsində Rusi­yanın dəstəyindən məhrum olan ermənilərin Rusiya Federasiyası ərazisində terrora əl atacağı ehtima­lının böyük olduğunu qeyd edib:

– Sözsüz ki, onlar bu cür təxribatlara əl atacaqlar. Ona görə ki, terror Rusiya üçün olduqca həssas mövzudur. Çeçenistandan sonra do­ğum travması kimi bu təhlükə Rusiya üçün qalıb. Ona görə də, ermənilər təxribatlara əl atıb, hərbi yolla ol­masa da, Moskvanın siyasi yolla bu münaqişəyə müdaxilə etməsinə cəhd edəcəklər. Bu, yalnız Dağlıq Qarabağdakı münaqişənin arealının genişlənməsi halında mümkündür.

Lakin bu gün gördüyümüz kimi münaqişə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış konkret ərazisində gedir. Bu gün Dağlıq Qara­bağ münaqişəsi ilə bağlı ölkələrin siya­si mövqeləri artıq cızılıb və Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpağını geri qaytarır. Ona görə də, çətin ki, Dağlıq Qarabağa görə, han­sısa ölkə öz mövqeyindən geri çəkilib, münaqişəyə müdaxilə etsin.

Rusiyalı politoloq ölkəsindəki erməni lobbisinin Rusiyanın xari­ci və informasiya siyasətinə təsir qüvvəsinə toxunaraq bildirib:

– Ermənistan kasıb ölkə olsa da, diasporu çox varlıdır. Birinci məqam budur. İkinci məqam isə erməni lobbisi­nin Rusiyadakı nüfuzudur. Bu heç kəsə sirr deyil. Üçüncü məqam, Rusiyanın bu gün silah alveri ilə məşğul olması­dır. Məncə, Moskva üçün fərqi yoxdur, kimin pulu var, ona silah satır. Rusiya­nın hərbi sənaye kompleksi elə qurulub ki, hər kəsə silah sata bilər. İnternetdə bir çarx var. Orada Moskva Beynəlxalq Münasibətlər İnstitutunun məşhur pro­fessoru Andranik Miqranyan Rusiya­dakı erməni lobbiçilər barədə danışır, Konstantin Zatulinin, Vladimir Poznerin adlarını çəkir.

Mən Zatulini tələbəlik illərindən tanıyıram. Onunla bağlı hər şey aydın­dır. O ki, qaldı Poznerə, o, Fransada doğulub böyüyüb. Başqa hansı cür mövqeni tuta bilər ki?! Fransa ən qatı ermənipərəst ölkədir. Bu faktdır. O ki, qaldı siyasi tok-şoulara, xatırladım ki, bu tok-şoular Rusiya auditoriyasına hesablanıb. Bu tok-şoular analitik siyasi proqramlardan çox fərqlənir. Təəssüflər olsun ki, bu gün Rusiya kanallarında siyasi-analitik proqramlar yoxdur. Bu tok-şoular ona hesablanıb ki, maraqlı olsun və onlara rusiyalı izləyici baxsın.

Belə siyasi şoularda Rusiya ictimaiyyətini Azərbaycan–Ermənistan münaqişəsinin deyil, publikanı Rusiya üçün təhdidlərin maraqlandırdığını xatırladan A.Sıtin söyləyib:

– Başa düşüləndir ki, Dağlıq Qarabağ münaqişəsi miqyasına görə Rusiyanı təhdid etmir və Rusiya ictimaiyyətini maraqlandırmır. Ona görə də, tok-şoularda bu vəziyyət genişləndirilir, Türkiyə, ABŞ və Qərb mövzuları ortalığa atılır. Tok-şouların məntiqi bundan ibarətdir. Mən də həmin tok-şoularda daha çox ermənipərəst mövqenin dəstəkləndiyini müşahidə edirəm. Baxmayaraq ki, Rusiyada Ermənistan və Azərbaycana olan simpatiyanın səviyyəsi fərqlidir.

Artıq Rusiya cəmiyyətində bir çoxları mövcud erməni təsirindən narazıdır. Deyim ki, koronavirusla bağlı sərhədlər bağlı olduğuna görə, çoxları Soçidə olub, ora istirahətə getmişdi. Orada yaşayan ermənilərin təsir qüvvəsini şərh etməyə ehtiyac görmürəm. Anlaşılandır ki, bütün bun­lar insanları qıcıqlandırır. O ki, qaldı tok-şoularda ermənipərəst mövqenin nümayiş olunmasına, əlbəttə ki, bura­da erməni lobbisinin əli var. Açıq-aydın bu prosesin iştirakçıları arasında çoxlu sayda “ermənilərin olduğu görünür.

Rusiyalı politoloq, tarix elmlər doktoru Aleksandr Sıtin müsahibəsinin sonunda deyib: “Bir məsələni də deyim ki, bu gün erməni və ya ermənipərəst ekspertlər mənimlə açıq müzakirəyə girməkdən çəkinirlər. Onlar ancaq hədələyə və qarğış edə bilirlər. Mən isə bunu zəiflik əlaməti hesab edirəm”

Hazırladı:T.AYDINOĞLU, “Xalq qəzeti”

30 Oktyabr 2020 02:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə