Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan: Əhali ümidsizlik və böhran içində boğulur

Azərbaycan Ordusu cəbhədə hər gün bir tarix yazır. Hər gün yeni ərazilərimiz düşməndən azad edilir. Işğalçı qüvvələrə ağır zərbələr vurulur. Əks-hücum əməliyyatlarının davam etdiyi bir aydan artıq müddətdə xeyli ərazilərimiz mənfur düşməndən təmizlənib. Azərbaycan ictimaiyyəti inanır ki, yaxın günlərdə cəbhədən yeni xoş xəbərlər eşidəcəklər.

 

Cəbhə

Azərbaycan Müdafiə Nazir­liyinin yaydığı məlumata görə, oktyabrın 28-də axşam və 29-da cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar olub. Ermənilərin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Günorta saatlarında Qubadlı istiqamətində düşmənin iki Su-25 təyyarəsi ordu­sumuz tərəfindən məhv edilib.

Dünən cavab tədbirləri nəticəsində həm də düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini, polkovnik Artur Sarqis­yan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi, mayor Aram Qazaryan məhv edilib. Bundan əlavə, 1-ci ümumqoşun ordusunun artilleriya idarəsinin zabiti polkovnik-leyte­nant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrum­yan yaralanıb, 5-ci dağatıcı alayın 3-cü taboru komandirinin müavini Roman Tunyan isə itkin düşüb.

Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib. Düşmən xeyli itki verib, döyüş texnikası sıradan çıxarılıb, xeyli sayda silah-sursatı qənimət götürülüb. Ermənistanın hərbi rəhbərliyi də artıq cəbhədə ciddi məğlubiyyətə uğradıqlarını etiraf etmək məcburiyyətində qalıb.

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri isə dinc sakinlərımizi və mülki infrastrukturı hədəfə alır. Oktyabrın 28-də gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordu­su bölmələrinin yerləşdiyi mövqelər və yaşayış məntəqələrimiz müxtəlif silahlardan, o cümlədən artilleri­ya və raketlərdən atəşə tutulub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edirlər.

Dünən BMT də, nəhayət, Dağlıq Qarabağ münaqişəsi zonasından kənardakı yaşayış məntəqələrimizin, o cümlədən Bərdə şəhərinin ağır silahlardan atəşə tutulmasını qınayıb. BMT Baş katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib: “Çoxsaylı insan ölümünə və yaralanmasına səbəb olan Bərdə şəhərinə hücum da da­xil olmaqla, yaşayış məntəqələrinə edilən bütün hücumları şiddətlə qınayırıq. Bu cür hücumlara heç bir əsas ola bilməz”.

Rusiyada yaşayan Azərbaycanın Xalq artisti, iş adamı Emin Ağalarov dünən sosial şəbəkə hesabında Bərdə ilə bağlı paylaşım edib. İfaçı Bərdədən fotolar paylaşaraq yazıb: “Münaqişə zonasından xeyli uzaqda yerləşən Bərdə ermənilərin terror aktına məruz qalıb. 21 sivil insan ölüb, 70-dən çox yaralı var. Onlar arasında uşaqlar da var”.

Ermənistanda istefa tələbi

Hər gün məğlubiyyətlə üzləşən Ermənistanda isə daxili siyasi vəziyyət get-gedə gərginləşir. Dünən mötəbər qaynaqlardan məlum olub ki, Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş verib. Bu korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşir. Orduda müqavilə ilə xidmət edənlər kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə getməkdən imtina ediblər. Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə etməyə çalı­şıb. Artıq hərbçilərdən bəzilərinin qohumlarının da korpusun qərargahında toplaşdığı bildirilib.

İşğalçı ölkə cəbhə zonasında verdiyi yeni hərbi itkiləri açıqla­yıb. “Sputnik Armenia”nın verdiyi məlumata görə, dünən daha 51 hərbçinin öldürüldüyü rəsmi şəkildə təsdiqlənib. Bununla da, Ermənistan ordusunun rəsmi açıqlanan canlı qüvvə itkisi 1119-a çatıb. Əslində isə Ermənistanın itkisi bu rəqəmdən bir neçə dəfə çoxdur.

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi isə Dağlıq Qarabağdan Ermənistana silah daşınmasının qarşısını almaqla məşğuldur. Nazirliyin açıqlamasında deyilir: “Son günlər Dağlıq Qarabağdan Ermənistana qanunsuz silah-sursat ötürülməsi halları aşkar edilərək qarşısı alınıb. Döyüş əməliyyatlarında iştirak edən bəzi insanlar vasitəsilə cinayətkar ünsürlər bu prosesdə iştirak edirlər. Bu həlledici dövrdə hər hansı bir qanunsuz hərəkətin yolverilməzliyini təkrar edərək, ermənilərin “təhlükəsizliyinə” birbaşa zərər verə biləcək bu cür hərəkətlərdən çəkinməyiniz barədə qətiyyətlə xəbərdar edirik”.

Belə görünür ki, Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin rəhbərliyi Azərbaycan Ordusunun uğurlu əməliyyatlarının tam qələbə ilə nəticələnəcəyini bildiklərindən silah-sursatlarını Ermənistana daşıyırlar. Yaxşı bilirlər ki, tezliklə özləri məhv ediləcək, silahları isə qənimət kimi Azərbaycan Ordusuna qalacaq.

Baş nazir Paşinyanın istefası ilə bağlı tələblər isə daha da artmaq­dadır. Rusiyada fəaliyyət göstərən erməni əsilli iş adamı, “Monarx” şirkətlər qrupunun rəhbəri Sergey Ambartsumyan dünən Paşinyana açıq məktub ünvanlayaraq, onu istefaya çağırıb. Məktubda bildi­rilir ki, 2018-ci ildə erməni xalqı Paşinyanı daha yaxşı yaşayacaq­larına inandıqları üçün hakimiyyətə gətirib. Amma indi bütün insanlar ümidsizlik, mütləq böhran içində boğulurlar: “Bu vəziyyətdə yeganə doğru qərarınız hakimiyyəti ölkəni bu böhrandan xilas etməyi bacaran və Rusiyanın inamını qazanmış bir insana ötürməyiniz olar”. Erməni iş adamının fikrincə, Rusiya işə qarış­masa, problem həll olunmayacaq.

Dinc sakinlərə atəş

Ermənistan dinc yaşayış məntəqələrimizi atəşə tutmağı davam etdirir. Azərbaycan Prezi­dentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və baş prokuror Kamran Əliyev dünən ölkəmizdəki diplo­matik korpusun nümayəndələrini oktyabrın 28-də endirilmiş raket zərbələrindən dağılmış ərazilərlə tanış etmək üçün Bərdədə olarkən şəhər yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Oktyabrın 29-da saat 09.25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisi də artilleri­ya atəşinə məruz qalıb. ABŞ-ın “The New York Times” qəzetinin jurnalistləri də dünən Ermənistanın Bərdəni raket atəşinə tutması za­manı orada olublar. Bununla bağlı Hikmət Hacıyev “Twitter” hesabın­da yazıb.

Xatırladaq ki, Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri federasiyasının könüllüsü də var. Dünən cəmiyyətin Avropa bürosu bu barədə məlumat yayıb.

Paşa ƏMİRCANOV,“Xalq qəzeti”

30 Oktyabr 2020 02:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə