Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28- də Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib. Müsahibə ölkə ictimaiyyəti arasında dərin maraq doğurub. Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

–Müsahibə ilə diqqətlə tanış oldum. Qeyd etmək istəyirəm ki, dövlətimizin başçısının əvvəlki müsahibələrdə olduğu kimi, bu dəfə də fikir və mülahizələri son dərəcə aydın və məntiqli, mövqeyi prinsipial və adalətlidir.

Cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətinin Qarabağla bağlı siyasətini beynəlxalq hüquqa əsaslanaraq, parlaq şəkildə şərh etdi. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə hüquqi və mənəvi haqqı var.

Rusiyalı jurnaistin “Yəni, belə çıxır ki, erməni hərbçilər işğal edilmiş bütün ərazilərdən çıxarılmayınca Bakı dayanmaya­caq” sualına cavabında dövlətimizin başçısı demişdir: “Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik alma­lıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik, biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alı­nandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayan­dırmağa hazırıq. Bu şərtlə ki, erməni tərəfi də onları dayandırsın. Çünki atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib.”

Görürsünüz, nə qədər konkret, aydın və birmənalı cavabdır. Ermənistan işğalçı dövlətdir. Rəsmi İrəvan militarist siyasət yürüdür və bu qərəzli və təhlükəli yoldan əl çəkmək istəmir. Ermənistan rəhbərliyi, nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağın və ətraf rayonların işğalını legitimləşdirməyə cəhd edir. Bu, əlbəttə, yolverilməzdir. Azərbaycan heç cür işğal faktı ilə barışa bilməz. Çünki biz haqlıyıq. Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirir.

Müsahibədə möhtərəm Prezidentin münaqişənin həllinin “2+2” formulu ilə bağlı cavabı da diqqətimi özünə cəlb etdi. Cənab İlham Əliyev qeyd etdi ki, münaqişə tərəfləri ilə yanaşı, Rusiya və Türkiyənin danışıqlar prosesinə cəlb olunması rəsmi Bakı üçün məqbul variantdır. Prezident demişdir: “Ona görə ki, həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz arala­rında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaş­manın yüksək səviyyəsinə nail olublar.”

Dövlətmizin başçısı vurğuladı ki, erməni separatizminin və ekstremizminin region üçün əsas təhlükə olduğu nəzərə alınsa, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilər.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

30 Oktyabr 2020 02:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə