Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu hərb tariximizin ən şanlı səhifələrini yazır

Azərbaycanın qədim tarixini vərəqləyərkən onun səhifələrində böyük zəfərlər qazanan Babək, Şah İsmayıl Xətai, Pənahəli xan Cavanşir, Cavad xan və adlarını çəkmədiyimiz digər sərkərdələrimiz var. On­lar haqqında oxuyarkən, həqiqətən də necə böyük iradəyə, cəsarətə və şəxsi idarəetmə keyfiyyətlərinə malik xaqanların övladları olduğumuzla fərəhlənir və qürürlanırıq. Sözsüz ki, xronika baxımından, ard-arda belə dövlət xadimlərimizin meydana çıxması və tarix yazmaları xalqımızın şərəfli keçmişə malik olduğunun sübutudur.

Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz tərəfindən bir ay ərzində qazanılan və dünyaya səs salan zəfərlərimizin timsalında da bunu söyləmək mümkündür. Sent­yabrın 27-dən yenidən alovlanan münaqişədə Azərbaycan Ordusu­nun uğurlu əks-hücum əməliyyatları və qələbələr qazanaraq, artıq bir neçə rayonumuzu işğalçılardan təmizləməsi müasir hərb tariximizin şanlı səhifəsi kimi əbədiləşdi.

Müasir dövrün siyasətlə bağlı yeni trendlərini, eləcə də dünyanın supergüclərinin də marağında olduğu bu coğrafiyanı nəzərə alsaq, böyük hərbi və iqtisadi imkanlara malik dövlətlərin maraqları fonunda yeni inkişaf edən bir ölkənin sərbəst siyasi iradə nümayiş etdirməsi çətin olsa da, nümunəvidir. Prezidentimizin liderliyi ilə, xüsusən, belə dönəmdə qazanılan qələbələr, o cümlədən 30 ilə yaxın dövrdə erməni işğalçıları tərəfindən əsarətdə saxlanılan Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının, həmçinin digər rayonlara məxsus qəsəbələrin, kəndlərin və hərbi stra­teji əhəmiyyətli yüksəkliklərin, qədim tarixi memarlıq abidəsi hesab edilən Xudafərinin azad edilməsi, şübhəsiz, Azərbaycanın şanlı zəfər tarixinin ən çox vərəqlənən səhifələrindən olacaqdır.

Bu gün qazanılan qələbələrə qarşı ermənipərəst dövlətlərin sərt reaksi­yasına və Azərbaycanı son otuz ildə olduğu kimi, yenə də, eyni məqsədli danışıqlara dəvət etmələrinə cavab olaraq, dövlətimizlə bərabər, haqlı savaşımıza inanan dost ölkələrin liderləri tərəfindən irəli sürülən təkzibedilməz arqumentlər, əslində, cənab Prezidentimizin qələbə naminə atdığı qətiyyətli addımların zaman nöqteyi-nəzərindən nə qədər doğru-dürüst olduğunu göstərir.

Bəli, dəfələrlə beynəlxalq arena­larda dərin tarixi və siyasi bilgisinə əsaslanaraq, silsilə çıxışlar edən Prezident İlham Əliyev bütün dünya ölkələrinin siyasi və me­dia nümayəndələrinə təsir etməyi bacararaq Azərbaycanın haqq yolundakı mübarizəsini layiqincə hədəfə doğru götürməyə müvəffəq olmuşdur. Tarixi reallıqlarımızla yanaşı, sabitlik, sülh və dostluq münasibətlərinə əsaslanan dövlət maraqlarımızı xarici ictimaiyyətə açıq sübutlu və inandırıcı şəkildə çatdır­maqla hazırkı mübarizəmizdə region dövlətlərinin də mənəvi dəstəyinin Azərbaycanyönümlü olmasına nail ola bilmişdir. Ümumilikdə, siyasi cəbhələrdə irəli sürülən əsaslı fikirlər, eyni zamanda, nümayiş etdirilən liderlik keyfiyyəti, əslində, bugünki qələbələrimizin ərsəyə gəlməsində peşəkar memar əməyinin incəliklərini dünyaya nümayiş etdirir.

Siyasi arenada Prezident İlham Əliyevin söylədiyi nitqlərlə müqayisədə N. Paşinyanın çoxsaylı çıxışları hər nə qədər hakimiyyətdəki qeyri-sabitliyi sığortalamaq məqsədilə Ermənistanın regiondakı təxribat manevrlərinı ört-basdır etməyi hədəfləyirdisə, bir o qədər də onun siyasi lider baxımından savadsız və dayanıqsız olduğunu nümayiş etdirir­di. Belə ki, nəticə etibarilə Paşinyanın verdiyi açıqlamalarda sözügedən mövzuların əsas kontekstindən tez-tez uzaqlaşması, bəzən həssas anlar­da fikirlərini ifadə etməkdə çətinlik çəkməsi, hətta tez-tez çaşqınlıq aurasına düşməsi onun Prezidentimiz İlham Əliyevə hər iki cəbhədə uduz­ması üçün real şərait yaradır.

Liderinin dərin siyasi və ta­rix bilgisinə, eləcə də fenomenal intellektinə inanan, ən həssas dönəmlərdə verdiyi qərarlara tam səmimiyyəti ilə arxalanan, bütün ça­ğırışlarına sidq-ürəkdən qulaq verən, onun siyasi iradəsinin təcəlli etməsi üçün xarici düşmənlərlə bərabər, daxili xainlərə qarşı öz qətiyyəti ilə mübarizə aparan çoxsaylı dürüst, vic­danlı və sabit əqidəli vətəndaşlarımız kimi, Azərbaycanın gənc alimləri də Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə və müzəffər ordusuna minnətdarlığını bildirir, Azərbaycanın xoşbəxt gələcəyi və güclü dövlət kimi daha da inkişaf etdirilməsi hədəfində yeni-yeni nailiyyətlər arzulayır.

Famin SALMANOV,
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent

30 Oktyabr 2020 02:44 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə