Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Bizim iradəmizə heç kim təsir edə bilməz

Bayrağımızın hər gün respublikamızın 27 ildir işğal altında qalmış yaşayış məntəqələrində ucaldılmasına artıq vərdiş edirik. Hər gün qulağımız səsdə, nəzər-diqqətimiz televiziya ekranlarındadır. İnanırıq ki, cənab Prezident, müzəffər Ali Baş Komandan efirdə görünəcək və düşməndən azad edilmiş yeni kəndlərimizin adlarını elan edəcək. Vətən müharibəsi bizə qəm- qüssə ilə yanaşı, sevinc də bəxş edir. Bu sevinc bütün kədərlərimizi üstələyir.

Sentyabrın 27- dən indiyədək Azərbaycanın 4 rayonu, 3 qəsəbəsi və 165 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsi, Murovdağ yüksəkliyi, Suqovuşan, Xudafərin körpüləri və strateji əhəmiyyətli zirvələr Ermənistan silahlı qüvvələrinin işğalından azad edi­lib. İndi həmin ərazilərdə rəşadətli Azərbaycan bayrağı dalğalanır. Bu qələbələr Prezident İlham Əliyevin siyasi xadim, qətiyyətli, müzəffər Ali Baş Komandan kimi fəaliyyətinin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin, xalqımızın gücünün göstəricisidir. Ordumuz işğal altında olan torpaqlarımızı öz gücü ilə azad etmək qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirir.

Əgər Ermənistanın havadarları tərəfindən ölkəmizə təzyiqlər olmasaydı, indi işğal altında bir qarış da torpağı­mız qalmazdı. 27 ildir ki, beynəlxalq təşkilatların qərəzli hesabatları, işğal­çını adı ilə çağırmaması, törətdyi terror aktlarına biganəlik, dünyada mövcud olan ikili standartlar Ermənistanı daha da quduzlaşdırdı. Bu vaxta qədər Ermənistanın beynəlxalq hüquq nor­malarını kobud şəkildə pozmasına qarşı hər hansı bir sanksiyanın tətbiq edilməməsi də işğalçı ölkəni getdikcə şirnikləşdirdi.

Sentyabrın 27- dən başlayaraq, işğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana hələ də xaricdən çoxsay­lı təzyiqlər edilir. Məqsəd ordumuzun güclü zərbələrindən sonra acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın havadarla­rı da görürlər ki, Azərbaycan Ordusu təcavüzkarı darmadağın edir. Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanı işğal siyasətindən əl çəkməyə çağırmaq əvəzinə, yenə də təcavüzkarın yanında­dırlar. Artıq ictimaiyyət nümayəndələrinin belə qurumlara inamı heçə enib. Bu günlərdə BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin ATƏT-in Minsk qru­pu ilə birlikdə hazırladıqları bəyanat layihəsinin geri qaytarılması da bunu təsdiqləyir.

Beynəlxalq təşkilatlara da bəllidir ki, bu vaxta qədər Azərbaycan və Ermənistan arasında bu ilin 10 və 17 oktyabrında olmaqla, 2 huma­nitar atəşkəs barədə razılıq əldə edilmişdir. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən po­zuldu. Yenə də beynəlxalq təşkilatlar susdu. Əvəzində, Azərbaycana təzyiqləri davam etdirirlər. Qeyd et­diyim kimi, bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasın­da məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər.

Azərbaycan tərəfi qəti mövqe nü­mayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni, onun ancaq humani­tar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Əslində, bəyanatda, əsasən, söhbətin atəşkəsdən deyil, humanitar atəşkəsdən getdiyi vurğulanmalı idi. Yenə də ikili standartlar və ermənipərəst siyasət özü­nü açıq şəkildə büruzə verir. Təəssüf ki, həm ABŞ Dövlət Departamentinin, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin 25 oktyabr tarixli bəyanatlarında yer al­mış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehti­yac vardır. Çünki bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu, o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.

Ermənistanın havadarlarının Azərbaycana təzyiq göstərməsinin heç bir faydasının olmadığını görən Nikol Paşinyan indi kompromislərdən danışır. Halbuki, baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” – deyən işğalçı ölkənin baş naziri bu dəfə çıxış yolunu danışıqlar üçün ABŞ-a yalvarmaqda görür.

Təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınma­sı davam edir. Bu, onu göstərir ki, Ermənistan növbəti humanitar atəşkəsə də riayət etməyəcək. Dünya ictimaiyyəti də bunun şahidi oldu. 3- cü huma­nitar atəşkəs də Ermənistan ordusu tərəfindən pozuldu. Bütün bunlara baxmayaraq, Azərbaycan hər hansı bir təzyiqdən geri çəkilməyəcək və ərazi bütövlüyümüzün təmin olunması yolun­da sona qədər gedəcək. Dövlətimizin başçısnın qəti mövqeyi də belədir: “Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz”.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

30 Oktyabr 2020 02:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə