Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır

Xarici diplomatlar Bərdədə erməni terrorunun izləri ilə tanış olublar

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdəyə səfər ediblər.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respubli­kası Prezidentinin köməkçisi – Prezi­dent Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Ha­cıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət ediblər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş prokuror Kamran Əliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov yerli və xarici jurnalistlərə açıqlamalar veriblər.

Daha sonra erməni terrorunun izləri ilə tanışlıq olub. Bildirilib ki, Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə proto­kollarını, BMT-nin Təhlükəsizlik Şu­rasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın mülki şəxslərini hədəf alır. Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması onu yeni cinayətlər törətməyə sövq edir. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiq edilməsi nəticəsində çoxsaylı mülki şəxs həlak olub. Ümumiyyətlə, sentyabrın 27-dən bəri mülki şəxslərdən 90 nəfər həlak olub, 400-ə yaxın dinc sakin isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusu­nun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2338 ev, 92 çoxmənzilli yaşayış binası və 415 mülki obyekt yararsız vəziyyətə düşüb.

Diqqətə çatdırılıb ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində aralarında 7 yaşlı uşaq da olmaqla, 5 mülki şəxs həlak olub, 10-a yaxın dinc sakin yaralanıb. Ondan bir gün sonra – oktyabrın 28-də yenidən düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qada­ğan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qa­dınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Erməni terroru nəticəsində ölənlər arasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) könüllüsü də var. O, Bərdə şəhərində dinc sakinlərə hu­manitar dəstək verərkən qətlə yetirilib.

Beləliklə, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

30 Oktyabr 2020 02:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə