Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı

Abdulla Şaiqin Mənzil Muzeyində filologiya üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qabaqcıl maarif xadimi, Qabaqcıl təhsil iççisi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimat mərasimi keçirilib. 

Monoqrafiyada müəllif görkəmli ədib Abdulla Şaiqin nəsr yaradıcılığını tədqiqata cəlb edərək onun ədəbi irsinin bu sahəsini konseptual şəkildə araşdırıbdır. Kitabda nəsr əsərlərinin müxtəlif nəşrləri arasındakı fərqlər üzə çıxarılıb, janr, metod və digər sənətkarlıq məsələlərinə aydınlıq gətirilibdir. Filologiya üzrə elmlər doktoru Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyası müəyyən əlavələrlə, 1999-cu il nəşri əsasında hazırlanaraq  çap olunub və elmi ictimaiyyətə təqdim edilibdir.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri,Azərbaycan Menecment və Turizm Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər xanım Talıbzadə açıb. Ardınca söz Abdulla Şaiq irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevaya verilib. Məruzəçi çıxışında Abdulla Şaiqin yaradıcılığının tədqiqatçıları barədə söz açdıqdan sonra fil.e.d. Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” kitabının məziyyətlərindən danışıb. Tədqiqatçı fil.e.d. B.Babayevin Abdulla Şaiqin epik yaradıcılığını milli nəsr tariximizdə özünəməxsus mərhələ hesab etdiyini qeyd edib, yazıçının epik irsini  iyirminci əsrin əvvəllərindən altmışıncı illərinədək nəsrin bədii yaradıcılıq axtarışlarının inkişaf səciyyələri və istiqamətlərinin müəyyənləşməsi baxımından etibarlı məxəz hesab etdiyini deyib.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini fil.e.d., prof. Əlizadə Əsgərli çıxış edib. Alim bütün nəsillərin müəllimi hesab etdiyi Abdulla Şaiqin yaradıcılığına   münasibətini səsləndirdikdən sonra Baba Babayevin şəxsiyyəti və elmi fəaliyyəti barədə danışıb.

Tədbir  fil.e.d., prof Alxan Bayramoğlunun çıxışı ilə davam etdirilib. A.Bayramoğlu B.Babayevin pedaqoji fəaliyyətindən söhbət açdıqdan sonra monoqrafiyanın əhəmiyyətindən danışıb, müəllifin tədqiqatı ilk mətnlər əsasında aparmasını işin məziyyəti kimi yüksək qiymətləndirib.

Tədbir bədii hissə ilə davam edib. Muzeyin könüllüsü Pərvin Niftəliyeva tədbir iştirakçıları üçün Abdulla Şaiqin “Köç” hekayəsindən “Məşğələlərim” parçasını səsləndirib.

Təqdimat mərasimində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri fil.f.d., prof. İslam Qəribli də çıxış edib. B.Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının hər iki – 1999-cu və 2018-ci il nəşrləri ilə tanış olduğunu, sonuncunun daha mükəmməl olduğunu qeyd edib.

Pedaqoji Universitetin professoru Təyyar Salamoğlu “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyası ilə tanışlıqdan sonra Abdulla Şaiqi  qüdrətli  nasir kimi kəşf etdiyini  bildirib və müəllifin ədəbi maarifçi kimi təqdim etməsini alqışlayıb.

Tədbirdə iştirak edən digər alimlər fil.e.d. N.Tağısoy, fil.e.d.E.Mehrəliyev, fil.f.d. Ş.Şamıoğlu, fil.f.d. G.Qocayeva, fil.f.d. Z.Bayramlı, “Kredo” qəzetinin baş redaktoru Ə.Xələfli və başqaları Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının məziyyətlərindən danışıblar, müəllifi təbrik edib, yaradıcılıq uğurları arzulayıblar.

Təqdimat mərasiminin sonunda Baba Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

17 Oktyabr 2018 17:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə