Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan lideri islamofobiyaya qarşı birgə mübarizəyə çağırıb

Pakistan hökumətinin rəhbəri İmran Xan Qərbdə son vaxtlar güclənməkdə olan islamofobiyanın qarşısını almaq üçün “kollektiv strategiya” hazırlamağa çağırıb. Bu barədə İslamabaddakı rəsmi mənbələr məlumat yayıb.

Baş nazir müsəlman dövlətlərinin başçılarına müraciət ünvanlayıb. Sənəddə deyilir ki, İslam dövlətləri dinimizə və Məhəmməd (ə.s) Peyğəmbərə qarşı haqsız hücum­lara son qoyulması üçün səylərini birləşdirməlidir.

İ.Xan əmindir ki, Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamaları açıq-aşkar təxribatdır və bu, ağır fəsadlara yol aça bilər. Onun fikrincə, İslamı başa düşmədən ona açıq bir şəkildə hücum edən Makron Avropa­da və dünyadakı milyonlarla müsəlmanı təhqir edib.

Baş nazir, həmçinin bildirib ki, İslam dininə qarşı ayrı-seçkilik siyasəti Qərbdə sağçı radikal ünsürlərin daha da fəallaşması üçün şərait yaradır. İslama qarşı “nifrət dalğası”nın güclənməsinə seyrçi qalmaq olmaz. Əks təqdirdə, qatı ekstremizm daha da güclənər və cəmiyyətlər kəskin surətdə qütbləşə bilər.

Xatırladaq ki, bu ayın əvvəlində E.Makronun "İslam bütün dünyada böhran içində olan bir dindir" deməsi ciddi mübahisələrə və bəzi müsəlman ölkələrinin Fransa mallarını boykot etməyə çağırmasına səbəb olub.

Yeri gəlmişkən, bu günlərdə İran Prezidenti Həsən Ruhani deyib ki, müqəddəs Peyğəmbəri təhqir etmək insanlığın bütün dəyərlərini təhqir etmək deməkdir. O vurğulayıb ki, söz və mətbuat azadlığı adı altında peyğəmbərin təhqir olunması heç də xoş niyyətdən xəbər vermir.

H.Ruhani sonra bildirib ki, müxtəlif dinlərə etiqad edən adamların hissi ilə oynamaq demokratiyadan deyil, təfriqədən xəbər verir. Fransa və Avro­panın digər ölkələri şiddəti və iğtişaşı təşviq edirlər, bu da milyonlarla insanın etirazına səbəb olur.

M.HACIXANLI, “Xalq qəzeti”

30 Oktyabr 2020 02:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:25
Rusiyada yeni antirekord
2 Dekabr 2020 | 04:24
Ekzotik ekootel
2 Dekabr 2020 | 04:24
Bir trilyon dollar sərmayə

Köhnə versiyamızdan xəbərləri izlə