Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalib ordunun əsgəri və qalib xalqın vətəndaşı olmaqdan qürurlu heç nə yoxdu dünyada

Hər gün vətən torpağı bir az böyüyür, bir az tamlaşır və bütövləşir. Bu bütövlük təkcə ərazicə yox, həm də hər bir kəsin baxışında, duruşunda, əzmində, danışığında özünü büruzə verir. Biz sanki hər gün işğaldan azad olunan Vətən torpağı kimi bir qarış böyüyürük, mətinləşirik. Bu gün mübarizəmizin mənası, qayəsi bütöv Azərbaycandır. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil, bütünlükdə Azərbaycan Respublikasıdır, müstəqilliyimizdir, ərazi bütövlüyümüzdür. Biz bu gün həmin hücumların daha qabarıq formada təzahürlərini görürük. Bu vəziyyətdə kimin dost, kimin düşmən olduğunu daha aydın başa düşürük. Eyni zamanda bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdiririk. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan hökuməti də, cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan, işğal olunmuş torpaqlarımızı qarış-qarış düşməndən azad edən əsgərimiz də, əsgər yolu gözləyən valideynlər də, övladlar da, bir sözlə, bütün vətəndaşlarımızın bütün gücü Qarabağ uğrunda mübarizədə səfərbərdir. İndi Qarabağ uğrunda döyüşən əsgərlərimizin böyük əksəriyyəti heç Qarabağı görməyiblər. Onlar anadan olanda artıq mənfur işğal planları reallaşmışdı, bu gənclər Qarabağı yalnız kitablardan, qarabağlıların xatirələrindən, kinofilmlərdən, internet materiallarından tanıyırlar. Lakin onlar cəbhədə böyük ürəklə və  böyük inamla döyüşürlər. Bu gün bölgəsindən, milliyətindən, dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının ürəyi Qarabağla döyünür. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir amal ətrafında sıx birləşdirib.  
 
Bu günlərin hər saatı, hər dəqiqəsi bir dastandır
 
  Qeyri-adi günlər yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi, rəşadətli Ordusunun iştirakı ilə şanlı tarix yazmaqdadır. Bu günlərin hər saatı, hər dəqiqəsi bir dastandır.
Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin cavabını verdi: Var başqa yol, – dedi və dediyini etdi. Uzun illərdir status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş görməyib işğalçının başına sığal çəkənlərə göstərdi ki, məsələni necə həll etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan müzəffər Ordumuz 30 ilə yaxın davam edən status-kvonu 30 günün içərisində dəyişdi. İndi nə status-kvo var, nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan Ordusu döyüş meydanında etdi.
Əks-hücum əməliyyatlarının başladığı ilk gündən “atəşi dayandırın, danışıqlara başlayın” deyən supergüclərin, fövqəldövlətlərin aramsız təzyiqlərinə mərd-mərdanə sinə gərən Prezidentimiz nəyi necə və nə vaxt etmək lazım gəldiyini bilir. Bu, Qarabağ uğrunda döyüşlərin gedişində bir daha təsdiqləndi. Ali Baş Komandan İlham Əliyev təkbaşına bir ordunun işini gördü: həm savaş meydanında, həm diplomatiya və siyasi platformalarda. Bir vaxt “Qarabağ Ermənistandır” deyən, Şuşada ədəbazcasına rəqs edərək acıq verən, bizi təhqir edən paşinyanlara öz yerini göstərdi. Paşinyanı – bu riyakar, avantürist, siyasətdən uzaq küçə adamını rəzil duruma saldı. Onu yalvarmağa məcbur etdi: indi çıxıb desin, “Qarabağ Ermənistandır, görək necə deyir”.
Son hadisələr düşmənə də, bütün dünyaya da göstərdi ki, bu şərəfli, namuslu xalqın heysiyyəti ilə oynamaq, onu təhqir etmək olmaz. Azərbaycanın Prezidenti, Azərbaycan xalqı bunu paşinyanlara bağışlaya bilməzdi və bağışlamadı.
Bu gün öz Liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirən Azərbaycan xalqı doğma torpağı uğrunda ölüm-dirim savaşına qalxıb. Bu taleyüklü məqamda 10 milyon qəlb bir ürək kimi vurur. Bu, sözün əsl mənasında, Vətən müharibəsidir. Azərbaycan əsgəri öz canı-qanı bahasına düşməni Vətən torpaqlarından qovub çıxarır.
 
Azərbaycan xalqının bu gün bir arzusu var – düşmən  tapdağı altındakı torpaqlarını azad etmək
 
Müharibənin öz qanunları var. Ordu ordu ilə savaşar, əsgər əsgər ilə döyüşər – üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o da qalib gələr. Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları da pozur, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutur. Düşmənin xain hücumları nəticəsində çox sayda mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər, çoxmənzilli yaşayış binaları, obyektlər dağılıb.
Oktyabrın 11-də atəşkəs razılaşmasının hələ mürəkkəbi qurumamış döyüş əməliyyatları zonasından 80 kilometr aralıda yerləşən, ərazisində heç bir hərbi obyekt olmayan Gəncəyə – Azərbaycanın ikinci böyük şəhərinə ballistik raket zərbəsi endirildi. Beşi qadın olmaqla, 10 nəfər dinc sakin həlak oldu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla 34 nəfər yaralandı.
Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsini növbəti dəfə raket atəşinə tutması nəticəsində 13 nəfər həlak oldu, 45-dən çox insan yaralandı, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi. Ölənlərdən 3-ü azyaşlı uşaq, 4-ü qadındır.
Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan və raket sistemlərindən atəşə tutması nəticəsində 60-dan mülki şəxs həlak olub, 300-ə yaxın insan xəsarət alıb. Həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.
 Bu riyakarlığın və imitasiyanın adı yoxdur. Düşmənin bu təxribatları, xain hücumları xalqımızın iradəsini qıra bilmir və bilməyəcək. Əsrlər boyu başı min-bir müsibət çəkmiş, tarixə bir çox şanlı səhifələr yazmış Azərbaycan xalqının bu gün bir arzusu var – düşmən tapdağı altındakı torpaqlarını azad etmək.
Bu gün cəbhə xətti şərti termindir. Bu gün bütün Azərbaycan cəbhədir – bütün oğlu-qızı, cavanı-yaşlısı ilə. Hərə öz sahəsində Vətən üçün, böyük Qələbəmiz naminə var qüvvə ilə çalışır.
 
 
Azərbaycan Ordusu düşmənə istənilən cavabı verməyə qadirdir və verir
 
Artıq bir aydır ki, ikinci Qarabağ müharibəsi davam edir. Ermənistanın hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusu işğalçını torpaqlarımızdan çıxarmaq üçün əks-hücum əməliyyatlarına başlayıb. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib. İşğalçı qüvvələr bütün istiqamətlərdə ağır itkilər verməklə məğlubiyyətin hər gün yaxınlaşdığını hiss etməkdədirlər. Ordumuz döyüşlərdə ən müasir silahlarla yanaşı, yeni metodlardan da istifadə edir. Ermənistan rəhbərliyi döyüş başlayan gündən bütün səylərini müharibəni dayandırmağa yönəldib. Müxtəlif ölkələrin rəhbərlərinə zəng edən Ermənistan baş naziri onlardan Azərbaycanın əks-hücumunu dayandırmağı xahiş edir.
Təhlillər göstərir ki, Ermənistan iqtisadi cəhətdən qısamüddətli döyüş aparmağa belə qadir deyil. Təqribi hesablamalara görə, son günlər Ermənistanın məhv edilmiş texnikalarının dəyəri artıq 1 milyard dolları keçib. Gündəlik döyüş əməliyyatlarını aparmaq milyonlarla dollara başa gəlir. Ermənistanın belə bir müharibəni davam etdirmək üçün iqtisadi gücü də yoxdur. İqtisadi cəhətdən 3 dəfə Azərbaycandan kiçik olan bu ölkənin hərbi büdcəsi cəmi 658 milyon dollardır. Azərbaycan Ordusunun hərbi büdcəsi isə 2,3 mlrd dollar təşkil edir. Yəni 4 dəfəyə yaxın böyükdür.
Hər ötən gün düşmənin istər canlı qüvvə, istər hərbi texnika baxımından imkanları tükənməkdədir. Ən mühümü odur ki, Azərbaycan hərbi əməliyyatları ən müasir döyüş imkanları ilə həyata keçirir və biz bu döyüşlərdə bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi modern ordu quruculuğunun şahidi olduq. Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşmənin müdafiə eşalonlarını darmadağın edərək irəliləyir.
Ötən 1 ay müddətində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər erməni işğalı altında olan bir sıra şəhər və rayonlarımız, yaşayış məntəqələrimiz və strateji əhəmiyyətli yüksəkliklərimiz azad olunub, düşmən bütün cəbhə boyu geri çəkilməyə məcbur edilib.
 
Biz Qarabağa gənclərin alovlu vətən sevgisi ilə qayıdırıq
  
Son 30 ildə Dağlıq Qarabağın və onun ətrafında olan rayonlarımızın işğalı cəmiyyətimizin ən ağrılı problemi olub. Bu problem iqtisadi, sosial, mədəni, elmi inkişafımızı ləngidib. Lakin Qarabağ problemi bizi daha da mətinləşdirib, hər birimiz qəlbimizdə Qarabağa bir heykəl ucaltmışıq. Əslində, bu milli özünüdərk, milli oyanış prosesində olduqca mühüm bir mərhələ idi. Biz tarixən itirdiklərimizə – həm ərazi baxımından, həm sərvətlər baxımından, həm maddi-mədəniyyət baxımından – bir daha, daha obyektiv şəkildə baxmağa başladıq. Ən azı, XVI əsrdən bu yana –  Azərbaycan Səfəvilər dövlətindən indiyədək itirdiklərimizi, İrəvanımızı, Zəngəzurumuzu düşündük. Qarabağ itkisi bizi silkələdi. Bu gedişlə daha hansı ərazilərimizi itirə biləcəyimizi, əhalimizin hansı vəziyyətə düşəcəyini düşündük. Torpağımızı, xalqımızı, çoxmillətli Azərbaycanı qoruduq, milli-mənəvi dəyərlərimizə sahib çıxdıq.
Müstəqilliyin sevincini duymağa imkan tapmadan üzləşdiyimiz torpaq itkisi, əhali itkisi bizi sərtləşdirdi, mətinləşdirdi. Dağlıq Qarabağ və ətraf rayonlar işğal altında olsa da, dövlətimiz bu ərazilərdən köçürülən əhaliyə sahib çıxmağı, onları düşdükləri çətin vəziyyətdə qorumağı, müdafiə etməyi bacardı. Onların məskunlaşmaları üçün qəsəbələr yaradıldı, onlar ayrı-ayrı sahələr üzrə iş yerləri ilə təmin olundular. Qarabağdan olan, ancaq Qarabağda doğulmayan uşaqlar Qarabağ sevgisi ilə böyüdüldü. Biz Qarabağa bu gənclərin alovlu vətən sevgisi ilə qayıdırıq. Qarabağın işğal olunmuş ərazilərindən qundaqda olanda atasının qucağında çıxan körpələr bu gün Qarabağa tankın üstündə vətənpərvər və peşəkar zabitlər kimi qayıdırlar. Biz Qarabağa dünyanın müxtəlif ölkələrində çalışan, vətənin dar günündə köməyə gələn, ürəyində vətən sevgisi daşıyan gənclərlə qayıdırıq. Biz Qarabağa yumruq kimi birləşən xalq, bütövləşən Azərbaycan kimi qayıdırıq. Biz Qarabağa yenilməz Müzəffər Ali Baş Komandanımız, güclü Ordumuzla, siyasi, sosial-iqtisadi, elmi, mədəni nailiyyətlərimizlə qayıdırıq. Nəhayət biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq.
Qeydlərimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər bir azərbaycanlının qəlbində əks-səda verən duyğusal sözləri, duaları ilə tamamlamaq istərdim: Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!
Qarabağ Azərbaycandır!
 
 
Rəşidə Mənəfova
1 sayli Baki “ASAN xidmət” mərkəzində
Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi
 

 

30 Oktyabr 2020 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu
1 Dekabr 2020 | 14:19
Laçınım mənim...

Köhnə versiyamızdan xəbərləri izlə