Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrailli ekspert: Azərbaycan məsələni məntiqi sona çatdırmaq niyyətindədir və bu məsələdə heç bir yarımçıq variantlara baxılmır

BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Dağlıq Qarabağ ərazisinin işğaldan azad edilməsi barədə dörd qətnaməsi var. Əgər Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmirsə, o halda müharibə qələbə əldə edilənədək davam edəcək.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin başçısı Arye Qut bu barədə İsrailin Doqquzuncu televiziya kanalının “Gün” analitik-informasiya proqramının birbaşa efirində bildirib.

Arye Qutun sözlərinə görə, rəsmi Yerevan real şəkildə yaddan çıxarır ki, Azərbaycanın indiki ordusu – ən güclü, ən müasir texnika və silah-sursat, şəxsi heyətin yüksək səviyyəli döyüş hazırlığı, intizamı və döyüş ruhu deməkdir.

“Azərbaycan məsələni məntiqi sona, yəni öz ərazilərinin işğaldan tamamilə azad edilməsinə çatdırmaq niyyətindədir. Bu məsələdə heç bir yarımçıq variantlara baxılmır. Müasir müharibədə isə hərbi əməliyyatların daha qabaqcıl yüksək texnologiyalı vasitələrlə təchizatına malik olan tərəf qalib gəlir. 2016-cı il Aprel əməliyyatları zamanı erməni işğalçılara qarşı İsrail istehsalı olan zərbə pilotsuz uçuş aparatlarının səmərəli tətbiqini yada salmaq kifayətdir və bu haqda xeyli danışmaq olar. Heç kəs yaddan çıxarmayıb ki, Ermənistanın hərbi təxribatına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri 2016-cı il aprelin əvvəlində erməni ordusuna sarsıdıcı hərbi zərbə endirmişdi. 2016-cı ilin Aprel hadisələrindən sonra Azərbaycan ordusu sürətli əks-hücuma keçərək erməni ordusunun müdafiə xəttini məhv edəndə, bir neçə strateji yüksəkliyə və yaşayış məntəqələrinə nəzarəti özünə qaytaranda biz Ermənistanda antiisrail isterikasını və antisemitizmini real şəkildə gördük”, - deyə israilli ekspert vurğulayıb.

Qut bildirib ki, o, il yarım bundan əvvəl təmas xəttində olub və atəşkəs rejiminin zəifliyini və amanabəndliyini real olaraq hiss edib. O deyib: “Müasir güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Hamı yaxşı başa düşür ki, üçüncü ölkənin dəstəyi olmadan yoxsul və dilənçi Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri artıq çoxdan tükənmişdi.

Azərbaycan öz ərazilərinin azad edilməsi üzrə hərbi əks-hücuma davam edəcək, yoxsa danışıqlar masası arxasına əyləşəcək – bu, Ermənistanın danışıqlar prosesində konstruktiv mövqe tutmağa hazır olmasından asılıdır. Yəni Azərbaycan münaqişənin nizamlanmasının siyasi-diplomatik müstəviyə keçirilməsinin əleyhinə deyil. Lakin bunun üçün Yerevan Azərbaycan ərazilərinin işğalından əl çəkmək barədə beynəlxalq öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bildirməlidir. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. İndiki vəziyyətdə vasitəçilər – ATƏT-in Minsk qrupu – Rusiya, ABŞ və Fransa bəyanatlar verməkdən başqa ümumiyyətlə prosesə qarışmırlar. Rusiya münaqişənin həllinə qarışa, təsir edə və real şəkildə kömək edə bilər. ABŞ Prezidenti Tramp ABŞ-da seçkiqabağı vəziyyəti əsas götürərək, münaqişə ilə bağlı bəyanatla çıxış edib”.

İsrail Azərbaycana humanitar yardım təqdim edib. İsrailin Azərbaycandakı səfiri Corc Dik humanitar yardımı Gəncə bələdiyyəsinə çatdırıb, atəşə tutulan yerlərdə olub, ölənlərin xatirəsinə ehtiram əlaməti olaraq oraya güllər qoyub və atəş nəticəsində doğmalarını və yaxınlarını itirmiş vətəndaşlarla görüşüb.

Arye Qutun fikrincə, İsrail-Azərbaycan strateji tərəfdaşlığı iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlığı və tərəfdaşlığı sayəsində inkişaf edib. Qeyd etmək yerinə düşər ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Avrasiyada heç bir ölkənin İsraillə dostluq əlaqələri Azərbaycan qədər sıx deyil. Bu, danılmaz faktdır.

“Birincisi, İsrail-Azərbaycan münasibətləri strateji və hərbi-texniki xarakter daşıyır və ən yüksək hökumətlərarası və dövlətlərarası səviyyədə etimada və daimi qarşılıqlı dialoqa söykənir. Bu gün bu strateji tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki sahələrdə həyata keçirilir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir.

Əfsuslar olsun, Ermənistan o faktı qəbul edə bilmir ki, İsrailin Cənubi Qafqazda strateji tərəfdaşı məhz Azərbaycandır və Azərbaycan İsrail ilə hərbi-strateji tərəfdaşlıq nəticəsində hər cür texnoloji üstünlük əldə edir, bu üstünlüyə postsovet məkanının heç bir ölkəsi nail ola bilmir. Bu, bizim tərəfdaşlığımıza həsəd aparanlara real cavabdır. Ermənilər qibtə edə, provokasion hərəkətlər törədə, cəfəng fikirlər yaya bilərlər, lakin bu gün artıq tarixi faktdır ki, İsrailin müdafiə sənayesi şirkətləri Azərbaycan hərbi sənayesinin qurulmasında fəal iştirak ediblər və bunu davam etdirirlər”, - deyə Qut vurğulayır.

İsrailli ekspertin fikrincə, Azərbaycanın multikulturalizm və tolerantlıq sistemi sınaqdan uğurla çıxıb, Azərbaycanda dinlər və etnik qruplar arasında əsl harmoniyanı və dialoqu qoruyub saxlaya bilib.

“Yəhudi icmasının nümunəsində onu demək istəyirəm ki, azərbaycanlılar heç vaxt yəhudilərə əcnəbilər kimi baxmayıblar. Yəhudi xalqı əsrlərboyu müasir Azərbaycanın ərazilərində təqiblə, təhqirlə, talanla və antisemit hərəkətlərlə heç vaxt qarşılaşmayıb. Azərbaycanda nə vaxtsa olmuş hər bir yəhudi təsdiqləyə bilər ki, orada yaşayan yəhudilər sinaqoqa təhlükəsiz gedə bilirlər. Halbuki, hətta Qərbin inkişaf etmiş bəzi ölkələrində bu gün bunu etmək praktik olaraq mümkün deyil və çox təhlükəlidir.

Siz Milix Yevdayevin rəhbərlik etdiyi Bakı Dağ Yəhudiləri İcmasının gördüyü gözəl işlərə baxın. M.Yevdayev təkcə icmaya rəhbərlik etmir, həm də, eyni zamanda, Amerikanın nüfuzlu yəhudi saytlarında Azərbaycanın populyarlaşdırılması və Azərbaycan həqiqətlərinin yayılması ilə məşğul olur. Məhz Milix Yevdayevin israrı və real işgüzarlığı sayəsində Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun çox gözəl abidəsi ucaldılıb. Bu abidə yəhudi və Azərbaycan xalqlarının dostluq və qəhrəmanlıq simvoludur.

Mən bir İsrail vətəndaşı olaraq, fəxrlə qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev yəhudi icmasına böyük hörmət nümayiş etdirir. Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi tikilib. Cənubi Qafqazda və bütövlükdə dünyada ilk dəfə olaraq dağ yəhudiləri muzeyinin yaradılması planlaşdırılır”, - deyə israilli analitik qeyd edib.

Arye Qut vurğulayır ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 28 ildən çoxdur davam edir. O deyib: “Bu təcavüz nəticəsində Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor olan İsrail Dövləti tərəfindən dəstəklənməsi Azərbaycan üçün çox mühüm və zəruridir.

Dünya işğal edilmiş torpaqlarda erməni millətçiləri və faşistlərinin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi vəhşiliklər və qəddarlıqlar barədə daha çox bilməlidir. Bu qətliamın qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi daim qalacaq.

Azərbaycanın qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri cəmi bir gecədə dağıdılıb və yandırılıb. Bu faciə bəşəriyyətə qarşı cinayətkarlıqdır. Bu, artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlulardan ibarət dəstələr Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmamış sakinlərin heç birinə rəhm etmədilər.

Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin – qocalar, qadınlar, uşaqlar əsir götürülərək, misli görünməmiş işgəncələrə, əzablara, təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qaldılar. Xocalı şəhərinin mülki əhalisinin kütləvi şəkildə qərəzli məhv edilməsinin yeganə səbəbi onların hamısının azərbaycanlı olmaları idi. Xocalının yolları meyitlərlə örtülmüş qarlı və qanlı palçığa dönmüşdü”.

Arye Qutun sözlərinə görə, azərbaycanlı qaçqınların öz torpaqlarından qovulması Avropada İkinci Dünya müharibəsi dövründən bəri bu qəbildən olan ən kütləvi hadisə idi. “Azərbaycana və onun xalqına xəyanət edilmiş, bu adamlar aldadılmış və atılmışdı... Xocalı şəhəri Azərbaycan ərazilərinin işğalında və etnik təmizləmədə, sarsıdıcı qəddarlıq qarşısında çaxnaşma və qorxu yaradan növbəti mərhələ idi. Xocalıda misli görünməmiş amansızlıqla və vəhşiliklə törədilən qanlı soyqırımı aktı XX əsrin sonlarında ən dəhşətli faciələrdən biri olub. Bu qətliamın qəddar və amansız səhnələri azərbaycanlıların qəlbində sağalmaz yara kimi daim qalacaq”, - deyə Arye Qut bəyan edib.

“Və nəhayət, Azərbaycan özünün bütün beynəlxalq tərəfdaşlarına mesaj göndərir – rəsmi Bakı beynəlxalq qüvvələrin münaqişəyə aid mövqelərini və fəaliyyətini (həm siyasi-diplomatik, həm də hərbi-siyasi müstəvidə) diqqətlə izləyir. Axı gec və ya tez müharibə başa çatacaq, bizi isə qarşıda əməkdaşlıq gözləyir”, - deyə İsrailin Doqquzuncu televiziya kanalının “Gün” analitik-informasiya proqramının birbaşa efirində beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin başçısı Arye Qut bildirib.

29 Oktyabr 2020 20:09 -

Köhnə versiyamızdan xəbərləri izlə