Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Milli Müdafiə naziri Özbəkistana rəsmi səfər edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev paytaxt Daşkənddə rəsmi səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı qəbul edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Tədbirdə, həmçinin Özbəkistanın Müdafiə naziri Bahadir Qurbanov və Türkiyənin Daşkənddəki səfiri Mehmed Sureya Er də iştirak ediblər.

Prezident Ş.Mirziyoyev bil­dirib ki, rəsmi Daşkənd Anka­ra ilə hərtərəfli münasibətlərin, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın inkişa­fına böyük önəm verir. Dövlət başçısının sözlərinə görə, qədim ənənələrə malik olan Özbəkistan-Türkiyə əlaqələri son üç ildə dinamik inkişaf səviyyəsinə yüksəlib.

Özbəkistanın rəsmi infor­masiya mənbələri qeyd edirlər ki, görüşdə iki ölkə arasında hərbi sənayenin inkişafı, kadr hazırlığı və sair istiqamətlər üzrə müzakirələr aparılıb.

Təhlilçilər hesab edirlər ki, Türkiyə-Özbəkistan hərbi əməkdaşlığının güclənməsi regionda sülhün və təhlükəsizliyin güclənməsi baxımından da önəmlidir.

Son illər Özbəkistanın ictimai-siyasi, iqtisadi həyatında müsbət dəyişkiliklər baş verir. Rəsmi Daşkənd son vaxtlar türkdilli dövlətlər, xüsusilə Türkiyə ilə əlaqələrini genişləndirir.

H.Akar görüşdən sonra jurnalistlərin sual­larını cavablandırarkən Özbəkistana səfərin “mühüm və məzmunlu” adlandırıb. Onun fikrincə, Daşkənddə tərəflər “çox pozitiv danışıqlar” aparıblar.

Türkiyəli nazir hesab edir ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsi hər iki dövlətin milli maraqla­rına cavab verir. H.Akar onu da qeyd edib ki, FETÖ terror təşkilatı fəaliyyət göstərdiyi ölkələrin təhlükəsizliyinə ciddi təhdidlər törədir. Buna görə də bu təxribatçı quruma qarşı birgə səmərəli mübarizənin təşkili zəruridir.

Xatırladaq ki, Türkiyənin Milli Müdafiə naziri Özbəkistandan əvvəl Qa­zaxıstanda olmuş, paytaxt Nur-Sultanda bu ölkənin baş naziri Əskər Mamin ilə iki ölkə arasında hərbi əməkdaşlığın daha da gücləndirilməsi sahəsində müzakirələr apar­mışdır.

M.HACIXANLI, “Xalq qəzeti”

29 Oktyabr 2020 00:43 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:25
Rusiyada yeni antirekord
2 Dekabr 2020 | 04:24
Ekzotik ekootel
2 Dekabr 2020 | 04:24
Bir trilyon dollar sərmayə

Köhnə versiyamızdan xəbərləri izlə