Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Konqres Mərkəzində İDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.

Bu il Ümumdünya Ərzaq Günü "Addımlarımız gələcəyimizdir. 2030-cu ilə qədər dünyada "Sıfır aclıq" mümkündür" mövzusuna həsr edilib.

Əvvəlcə tədbirin qonaqları Bakı Konqres Mərkəzində təşkil edilən  fotoşəkillərdən, həmçinin təşkilatçılar tərəfindən təqdim edilən nəşr və bukletlərdən ibarət sərgi ilə tanış olublar. Tədbir çərçivəsində təşkil edilən sərgidə Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarından gəlmiş qadınlardan ibarət Qadın İnkişaf Qruplarının nümayəndələrinin əl işləri də sərgilənib. Qeyd edək ki, sözügedən qruplar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan İkinci Kənd İnvestisiya layihəsi çərçivəsində yaradılıb. Bu cür qrupların yaradılmasında əsas məqsəd kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi yolu ilə əhalinin rifahının yaxşılaşdırılmasıdır.

Tədbir İDEA və FAO-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanan qida tullantılarına həsr olunmuş qısa filmin nümayişi ilə başlayıb. Sonra qonaqlara FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.

Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və AQTA-nın sədri Qoşqar Təhməzli çıxış ediblər.

Xatırladaq ki, FAO-nun 1945-ci ildə yaranması günü olan 16 oktyabr tarixi Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

17 Oktyabr 2018 16:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə