Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistana dəstək onu qanlı terrora şirnikləndirir!

Bu gün Ermənistandan fərqli olaraq, Azərbaycanda ictimai rəydə, müharibəyə münasibətdə yekdillik var. Xalqımız torpaqlarımızın iş­ğaldan azad edilməsi uğrunda aparılan müharibədə Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Ölkəmizdə sarsılmaz Xalq-Prezident-ordu birliyi mövcuddur. On yed­di ildir ki, respublikada belə bir şərait yaşanır. Amma Ermənistan əvvəllər olduğu kimi, bu gün də sülh danışıq­larına getmək istəmir, işğal siyasətini israrla davam etdirir, ərazi bütövlüyünün bərpasını qarşıya prioritet vəzifə kimi qo­yan Azərbaycana münasibətində riyakar əməllərindən əl çəkmir. Düşmənin döyüşlər getdiyi ötən bir ay ərzində üç dəfə imzalanan humanitar atəşkəsi pozması, çox sayda terror törətməsi bunun bariz ifadəsidir.

Bu gün də işğalçı istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı ardıcıl təxribatlar törədir, dinc sakinləri atəş altında saxlayır və beləliklə, müharibə cinayətlərini davam etdirir. Düşmənin oktyabrın 27-də və 28-də Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutması, nəticədə neçə-neçə mülki əhalinin həyatını itirməsi, yaralanması, onların arasında uşaq­ların da olması işğalçının beynəlxalq hüququn norma və prinsiplərinə saymazlığını göstərir, onun sülh və insanlıq əleyhinə yönələn təcavüzkar xislətindən, müharibə və terror prinsiplərinə sadiqliyindən xəbər verir.

Yeri gəlmişkən, xatırladaq ki, düşmənin Bərdə terrorundan əvvəl Naftalan, Tərtər, Ağdam, Daşkəsən, Gəncə və digər şəhərlərə qarşı da insanlığa sığmayan belə əməlləri nəticəsində çox sayda dinc sakin qətlə yetirilib, yaralanıb, sosial infrastruk­tur dağıdılıb.

Bərdədə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirir. Bu van­dalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlar­dan alması məqsədi daşıyır. Ölənlər və yaralananlar arasında körpələrin olması isə onun qəddarlığının, insanlığa sığmayan əməllərinin göstəricisidir.

Ermənistanın azğınlığı o həddə çatıb ki, Azərbaycanın dövlət sərhədlərini pozmaqdan da belə çəkinmir, bununla beynəlxalq hüququn norma və prinsiplərinə nümayişkaranə hörmətsizlik göstərir, regiondakı gərginliyin saxlanılma­sına bilərəkdən şərait yaradır. Bu məqamda fikrimizin təsdiqi üçün xatırladaq ki, işğalçı bu il iyul ayının 12-16-da Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində, oktyabrın 26-da isə yeni humanitar atəşkəs rejimini ciddi şəkildə pozaraq, bərpa edilən dövlət sərhədlərimizdə məqsədyönlü şəkildə təxribatlar törədib.

İşğalçı anlamır ki, bərpa edilən dövlət sərhədləri artıq münaqişə zonası deyil. Bu, Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyənləşdirən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığına təhlükə yaradan istənilən təxribat isə Azərbaycanın ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirilir. Deməli, belə halda Azərbaycan öz torpaq­larına təhdid təşkil edən istənilən legitim hərbi hədəflərin yerləşdiyi ərazidən asılı olmayaraq məhvini gerçəkləşdirmək hüququna malikdir.

Yuxarıda vurğuladığımız terror hadisələri bir daha göstərir ki, dünya­da hələ də tam ədalətli bir sistem qu­rulmayıb. Müxtəlif maraqlar, xüsusilə böyük dövlətlərin mənafe toqquşma­ları dövlətlər arasında münasibətlər sisteminin beynəlxalq hüquqa əsaslanmasına imkan verməyib. Əgər belə olmasaydı, Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistan qanun qarşısında cavab verər, düşmən qo­şunları ərzilərimizdən geri çəkilməyə məcbur edilərdi. Lakin bütün bunların əvəzində işğalçı dövlət ötən illərdə hər addımda ədalətsiz şəkildə müdafiə edilib, silahlandırılıb.

Təəssüf ki, əvvəllər olduğu kimi, bu gün də nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanı sadalanan qeyri-insa­ni hərəkətlərdən, cinayətkarlıqdan çəkindirmək istiqamətində elə bir ciddi ölçü götürülmür, müvafiq tədbirlər reallaşdırılmır, əksinə, işğalçı istər maddi, istərsə də silah-sursatla dəstəklənir. Bu isə şübhəsiz ki, faşist Ermənistanı daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.

Burada təəssüfləndirici məqam həm də odur ki, bu gün bəzi dövlətlər, Minsk qrupunun həmsədr ölkələri haqqın-Azərbaycanın tərəfində dur­maq, işğalçını yolundan çəkindirmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirir, dolayısı ilə düşməni müdafiə edirlər. Məsələn, Prezident İlham Əliyev oktyabrın 26-da İtaliyanın “Rai-1” televiziya kanalına müsahibəsində jurnalistin– “Bəzi ölkələr, təkcə Ermənistan deyil, o cümlədən Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzd­lunun Türkiyədən keçməklə Qaraba­ğa göndərilməsində ittiham edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara Siz necə cavab verərsiniz?”–sualına cavabında deyir: “…Əvvələn, bizə bu cür əsassız itti­hamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib… Mən Fransa tərəfə müraciət etmişəm ki, müva­fiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar…”.

Prezident İlham Əliyev oktyab­rın 26-da xalqa müraciətində də Azərbaycana qarşı olan haqsızlıq barədə ətraflı bəhs edib: “…Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçı­ya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmış­dım: əgər məsələnin həllini görmək istəyirsinizsə, sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə – nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi”.

Dövlətimizin başçısı daha sonra Ermənistanın işğal altındakı torpaq­larımızda qanunsuz məskunlaşma apardığını, lakin bu məsələdə də beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər tərəfindən biganə münasibət sərgiləndiyini vurğulayıb: “Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə kon­vensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yox­dur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi”.

Bax, belə ədalətsiz yanaşma­nın nəticəsində son illər ərzində Ermənistan-Azərbaycan arasında qarşıdurma daha da gücləndi, işğalçı tərəfindən ardıcıl şəkildə təxribatlar törədilməyə başlandı. Əlbəttə, burada Ermənistanın yeni hakimiyyəti, Paşinyan rejimi müstəsna rol oy­nadı. “Soros çevrilişi” nəticəsində hakimiyyətə gələn Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sağ­lam düşüncə və xoş məram nümayiş etdirmək əvəzinə, məkrli siyasət yürütməyə, eskalasiyası prosesinin, necə deyərlər, canlandırılmasına üstünlük verdi. Bütün bu təxribatları isə aşağıdakı kimi qruplaşdırmaq olar:

– Ermənistanın yeni baş na­ziri oğlunu Ermənistanda de­yil, Azərbaycanın işğal edilmiş ərazilərində hərbi xidmət keçməyə göndərdi;

– Paşinyan işğal edilmiş ərazilərə tez-tez səfər etməyə başladı və belə səfərlərin birində şəxsən “Qarabağ Ermənistandır və nöqtə” şüarını səsləndirdi;

– Ermənistanın müdafiə naziri “ərazilər müqabilində sülh” formulun­dan imtina etdiyini bildirdi və “yeni ərazilər uğrunda yeni müharibə” məzmunlu yeni hərbi konsepsiya irəli sürdü;

– Bu il iyulun 12-16-da Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağ münaqişəsi zonasından xeyli uzaq ərazidə, Ermənistan–Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində irimiqyas­lı hərbi təxribat törədildi, nəticədə Azərbaycanın hərbi qulluqçuları, habelə 76 yaşlı bir sakin həlak oldu­lar;

– Avqustun 23-də təmas xəttinin Goranboy hissəsində erməni təxribat-kəşfiyyat qrupu Azərbaycan qoşunla­rının mövqelərini ələ keçirməyə cəhd göstərdi. Bu cəhd dəf edildi, təxribat qrupunun komandiri əsir götürüldü və etiraf xarakterli ifadə verərək, həmin qrupun məqsədinin arxa cəbhədə Azərbaycanın dinc əhalisinə qarşı ter­ror aktları törətmək olduğunu bildirdi;

– Paşinyan Azərbaycan ilə dövlət sərhədində, eyni zamanda, ölkəmizin işğal olunmuş ərazilərində öz qoşun­larının sıxlığını getdikcə artırdı;

– Paşinyan “Qarabağdakı qon­darma rejim danışıqların tamhüquqlu üzvü olmalıdır” kimi qeyri-ciddi prinsip irəli sürdü;

– Ermənistanın yeni baş naziri ölkəmizin işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini intensivləşdirdi.

Paşinyan növbəti çirkin əməlini sentyabrın 27-də reallaşdırdı, ölkəmizə qarşı təxribat törətdi, Azərbaycanın hərbi obyektləri və mülki əhalisini hədəfə aldı. Bu isə indiki hadisələrə gətirib çıxardı.

Burada təəccüblü və təəssüf doğuran hal odur ki, istər Paşinyan hakimiyyətinin, istərsə də ondan əvvəlki rejimin avantürist siyasəti vurğuladığımız kimi, beynəlxalq birlik tərəfindən daim susqunluqla qarşılanlb. Ermənistanın işğalçılığına laqeyd, biganə münasibət bəslənilib. Düşmən dövlətin ərazilərimizi işğal altında saxlamaqda davam etməsi, beləliklə, beynəlxalq hüququ kobud şəkildə pozması, əgər belə demək mümkündürsə, nüfuzlu ölkələri, benəlxalq qurumları narahat etməyib. Yoxsa, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi illər uzu­nu kağız üzərində qalmazdı, əməli addımlar atmaq, işğalçıya yerini göstərmək əvəzinə, işğalçı ilə bərabər Azərbaycana da ünvanlanan neytral xarakterli, sülhə çağıran və iki tərəf arasında tarazlığı saxlamağa yönələn şablon bəyanatlar səsləndirilməzdi.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

29 Oktyabr 2020 00:27 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə