Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb

BMT-nin dəstəyi ilə yaradılmış və dünyanın 140 dövlətini birləşdirən Beynəlxalq Antikorrup­siya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov təşkilatın üzvlərinin işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlar və müharibə cinayətləri barədə məlumatlandırılması məqsədilə Assosiasiyanın prezidenti, Qətərin baş prokuroru Dr.Ali Al Marriyə müraciət ünvanlayıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli tarixi torpağımız Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal olundu­ğu, Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalaraq bir mil­yon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi qeyd edilib.

Bildirilib ki, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllini müxtəlif bəhanələrlə uzadan, BMT Təhlükəsizlik Şurası­nın erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icra­sına məhəl qoymayan Ermənistan ona sərf edən status-kvonu davam etdirərək 30 ildir torpaqlarımızı işğal altında saxlayır. Ermənilər bu ərazilərin zəngin təbii ehtiyatlarını istismar edərək qeyri-qanuni iqti­sadi fəaliyyət göstərir, qanunsuz məskunlaşdırma həyata keçirir, tarixi, mədəni və dini abidələrimizi məhv edir, məscidlərimizdə heyvanlar, xüsusilə müsəlmanların hisslərinə toxunan donuz saxlayırlar.

Bütün bunlarla beynəlxalq hüquq normalarını, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozan Ermənistanın yeni rəhbərliyinin açıq işğalçılığa hesab­lanan şüarlarla çıxışlar etməsi qeyd olunub, düşmənin hərbi təxribatlarını intensivləşdirdiyi bildirilib.

Müraciətdə bu məsələlərin BMT-nin Baş Assambleyasının 75-ci Sessiyasında Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev tərəfindən dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrimizə və dinc əhaliyə qarşı başladığı, hərbi təxribatlara cavab olaraq ölkəmiz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünümüdafiə hüqu­quna əsaslanmaqla işğalçını sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatları həyata keçirir.

Doğma torpaqları uğrunda və yalnız öz ərazisində heç bir kənar dəstək olmadan öz gücü ilə vuruşan ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfinin qəsdən və məqsədyönlü şəkildə ağır ar­tilleriya qurğularından, xüsusilə beynəlxalq hüquq normalarına əsasən istifadə olunması qadağan edilmiş kaset bombaları ilə hərbi əməliyyatlar aparılan yerdən onlarca, yüzlərlə kilometr aralıda yerləşən, insanların sıx məskunlaşdığı Gəncə, digər dinc şəhər və rayonlarımızı, o cümlədən oktyabrın 28-də Bərdəni dəfələrlə atəşə tutduğu, nəticədə 21 nəfərin həlak olduğu, 70 nəfərin isə yaralandığı diqqətə çatdırılıb. Ümumilikdə, bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda, qadın, uşaq və ahıllar olmaqla, 94 dinc sakinin həlak olduğu, 380-dən çox mülki şəxsin yaralandığı, 2700- dən artıq yaşayış binasının və mülki obyektin dağıdıldığı və ya ciddi ziyan gördüyü qeyd olunub.

Razılaşdırılmış humanitar atəşkəs rejiminə dəfələrlə məhəl qoymayan Ermənistanın qeyri-in­sani siyasətindən əl çəkmədiyi, dinc əhaliyə və mülki infrastruktura hədəflənən təxribatlarını davam et­dirdiyi, həlak olanların və yaralanan­ların sayının artdığı vurğulanıb.

Müraciətdə Gəncəyə səfər etmiş Qətərin Azərbaycandakı səfirinin dinc insanlara qarşı törədilmiş müharibə cinayətlərini pislədiyi, bu dövlətin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyi minnətdarlıqla qeyd edilib.

Bundan əlavə, münaqişəyə xarici ölkələrdən muzdluları cəlb edən Ermənistan tərəfindən, həmçinin Çikaqo Konvensiyasının tələbləri pozularaq, humanitar yardım adı altında mülki aviasiya vasitəsilə bu ölkəyə silahların daşındığı vurğula­nıb, bununla əlaqədar Azərbaycan tərəfindən Beynəlxalq Mülki Avia­siya Təşkilatına müraciət olunduğu barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan döyüş meydanında açıq üstünlüyə malik olmasına baxmayaraq, insanla­rın həyatını qorumaq naminə qan tökülməsini istəmir və razılaşdırılmış prinsiplər çərçivəsində sülh danışıq­larının aparılmasının tərəfdarıdır.

Nazir beynəlxalq nüfuza malik peşəkar hüquqşünas və proku­ror kimi müharibə cinayətlərinin qarşısının alınması üçün səylərini əsirgəməyəcinə, IAACA-da təmsil olunan çoxsaylı dövlətlərin mötəbər nümayəndələrinin səslərini bütün dünyaya çatdıracaqlarına ümidvar olduğunu bildirib.

Ədliyyə Nazirliyi tərəfindən, həmçinin birgə layihələr həyata keçirilən BMT-nin Uşaq Fonduna (UNICEF) müraciət ünvanlanaraq Ermənistanın müharibə cinayətləri, mülki insanların hədəfə alınma­sı, 11-i uşaq olmaqla onlarla dinc vətəndaşların həlak olması, bəzi uşaqların hər iki valideynini itirməsi barədə məlumat verilib. Habelə ordu­dan kütləvi fərarilik halları ilə üzləşən düşmənin çıxılmaz vəziyyətdə olma­sı görüntüsünü yaratmaq niyyəti ilə döyüş əməliyyatlarına hətta uşaqları cəlb etməsi faktları diqqətə çatdırılıb. Bununla da Ermənistanın beynəlxalq humanitar hüququn, xüsusilə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının tələblərini kobud surətdə pozduğu vurğulanıb.

Eyni zamanda, BMT-nin digər ixtisaslaşmış qurumu və fəal tərəfdaşımız olan Dünya Bankına müraciət göndərilib. Bildirilib ki, respublikamızın dinc əhalisi və mülki obyektləri dəfələrlə Ermənistanın terror və hərbi təxribatlarına məruz qalır, o cümlədən məhkəmə infrast­rukturunun müasirləşdirilməsinə dair birgə layihə həyata keçir­diyimiz Gəncə və digər yaşayış bölgələrimizə raket zərbələri endiri­lib, məhkəmə binalarına ciddi ziyan dəyib.

Bundan əlavə, nazirliyin sıx əməkdaşlıq etdiyi, dünyadakı yüksək nüfuzu və həyata keçirdiyi nəcib missiya nəzərə alınaraq Ümumdün­ya Səhiyyə Təşkilatına (ÜST) və qurumun Avropa Regional Büro­suna, Qlobal Fonda (səhiyyə üzrə) müraciətlər olunub və onların qeyd edilən məsələlərdə laqeyd qalma­yacaqlarına, insanların həyatını və sağlamlığını qorumaq naminə qan tökülməsini dayandırmaq və sülhü bərpa etmək üçün səslərini ucalda­caqlarına ümidvar olduğu bildirilib.

Nazirlik tərəfindən analoji müraciətlər uzun illər əməkdaşlıq edilən Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına (GIZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna (IRZ) da ünvanlanıb.

29 Oktyabr 2020 00:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə