Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fuad Ələsgərov: Azərbaycan Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan barəsində təminat tədbirlərinin tətbiq olunmasını tələb edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində Ermənistanın müharibə cinayətləri ilə bağlı Azərbaycan hökumətinin Avropa Məhkəməsinə müraciətini şərh edib. Müsahibəni təqdim edirik.

– Məlum olduğu kimi, Ermənistan tərəfi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət göndərmiş və Azərbaycan hökuməti, öz növbəsində, buna cavab vermiş­dir. Bu barədə məlumat verməyinizi xahiş edirik.

– Bəli, artıq qeyd etdiyiniz kimi, Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktı törətdikdən dərhal sonra siyasi riya­karlıq nümayiş etdirərək İnsan Hüquqları üzrə Avro­pa Məhkəməsinə müraciət etmişdir. 2020-ci il sentyab­rın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin müraciətinə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydası əsasında həm Ermənistanı, həm də Azərbaycanı mülki əhalinin Konvensiya hü­quqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə və öz öhdəliklərinə riayət etmək üçün görülmüş tədbirlər barədə məlumat verməyə dəvət etmişdir.

Avropa Məhkəməsinin bu dəvəti ilə əlaqədar ola­raq Azərbaycan hökuməti 2020-ci il oktyabrın 13-də məhkəməyə müvafiq məlumat təqdim etmişdir.

Məlumatda vurğulanır ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz aktına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlan­mış əks-hücum əməliyyatının gedişi zamanı Azərbaycan Respublikası İnsan Hüquqla­rına dair Avropa Konvensiya­sına və beynəlxalq humanitar hüquqa əsasən öz üzərinə götürdüyü öhdəliklərə tam və qəti şəkildə riayət edir və heç bir formada mülki əhali və mülki obyektlər hədəfə alınmır.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri təcavüzkar ordu və hərbi birləşmələrə qarşı əməliyyat keçirərək yalnız le­gitim hərbi obyektləri hədəfə alır. Azərbaycan Respubli­kasının Müdafiə Nazirliyi də bu istiqamətdə bəyanatlar vermişdir.

Eyni zamanda, Avropa Məhkəməsinə Ermənistanın öz Konvensiya öhdəliklərinə əməl etməməsi, onun silahlı münaqişə başlayandan bu günədək Azərbaycana qarşı müharibə cinayətləri törətməsi və bunun nəticəsində onlarca mülki şəxsin həlak olması, yüzlərlə vətəndaşın yaralanması, minlərlə yaşayış binalarının, şəxsi evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsi barədə məlumat verilmişdir.

Avropa Məhkəməsinə təqdim edilmiş məlumata, həmçinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Ermənistan tərəfindən beynəlxalq humanitar hü­ququn norma və prinsipləri, Cenevrə konvensiyaları, xüsusilə müharibə zamanı mülki əhalinin müdafiəsi haq­qında 1949-cu il 12 avqust tarixli Konvensiya, BMT-nin Uşaq Hüquqları Konven­siyası və insan hüquqları sahəsində digər sənədlərin müddəalarının kobud şəkildə pozulması barədə hesabatla­rı əlavə edilmişdir.

Azərbaycan tərəfi Avropa Məhkəməsinə bu məlumatı təqdim etməklə dövlətimizin beynəlxalq təşkilatların üzvü kimi öz beynəlxalq öhdəliklərinə tam riayət etdiyini, Ermənistanın isə Av­ropa Məhkəməsini öz siyasi oyunlarına alət etməkdən əl çəkmədiyini bir daha göstərmişdir.

– Azərbaycan hökuməti necə, Ermənistanla bağ­lı Avropa Məhkəməsinə müraciət edibmi?

– 2020-ci il oktyabrın 27- də Azərbaycan hökuməti Av­ropa Məhkəməsinə müraciət edərək, Ermənistan Res­publikası barəsində təminat tədbirlərinin tətbiq edilməsini tələb etmişdir. Bu müraciət Ermənistanın şikayətindən fərqli olaraq ciddi xarak­ter daşıyır və Ermənistan tərəfindən konvensiya öhdəliklərinin pozulması barədə kifayət qədər əsaslı sübutlara söykənir.

Müraciətdə Ermənistan Respublikasının silah­lı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və kəndlərin, habelə mülki infrastrukturun artil­leriya atəşinə məruz qoyul­duğu, bunun nəticəsində 69 vətəndaşımızın qətlə yetiril­diyi, 326 mülki şəxsə xəsarət yetirildiyi, minlərlə yaşayış evlərinə və mənzillərə bərpaolunmaz ziyan vu­rulduğu, eyni zamanda, beynəlxalq neft boru kəməri, su kəməri, Mingəçevir su an­barı və digər iqtisadi infrast­ruktur obyektlərinin hədəfə alındığı göstərilmişdir. Bunlarla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Ombudsmanı, Baş prokurorluğu, digər hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən toplanmış mötəbər sübut­lar, foto və videomaterial­lar təqdim edilmişdir. Yeri gəlmişkən məlumat verim ki, qeyd edilən faktlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 43 cinayət işi başlanmışdır.

Ermənistan Res­publikası, həmçinin öz silahlı qüvvələrini, hərbi texnikasını Azərbaycan ərazisinə göndərməklə, xarici ölkə vətəndaşlarını Azərbaycan ərazisində hərbi əməliyyatlarda iştira­ka cəlb etməklə, Qarabağ ərazisindəki cinayətkar rejimə maliyyə, siyasi və digər yardım göstərməklə öz kon­vensiya öhdəliklərini kobud şəkildə pozmaqdadır.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respubli­kası öz müraciətində Avro­pa Məhkəməsindən tələb etmişdir ki, Ermənistan öz ərazisindən və Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki infrastrukturunun artilleri­ya atəşinə tutulmasının, işğal olunmuş ərazilərdə cinayətkar dəstələrə hərbi, siyasi, maliyyə və digər dəstək verilməsinin, si­lahlı qüvvələrinin, hərbi texnikasının və muzdlula­rın Azərbaycan ərazisinə göndərilməsinin dərhal dayandırılması, öz silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılma­sı barədə təminat tədbirlərini müəyyən etsin.

Ümid edirik ki, Avropa Məhkəməsi Azərbaycanın müraciəti ilə bağlı ədalətli qərar qəbul edəcək. Azərbaycan Respublikası­nın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi, ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir! Biz zəfər çalacağıq!

29 Oktyabr 2020 00:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə