Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qüdrət Həsənquliyev: İlham Əliyev və Ərdoğan işğala son qoymaq üçün mümkün olan hər şeyi edəcəklər

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev mediaya açıqlamasında Azərbaycan Ordusunun Qarabağ cəbhəsində işğalçı Ermənistanın mövqelərinə sarsıdıcı zərbələr vurmasının, Paşinyan hakimiyyətinin faydasız inadkarlığının düşmənin məğlubiyyəti ilə bitəcəyini söyləyib:

– Mən əvvəllər də erməni təxribatları haqqında söyləmişdim ki, Paşinyanın psixikasında ciddi problemlər olduğu üçün onun addımları normal məntiqlə izah oluna bilməz. Onun hərəkətlərini izləməklə niyyətini müəyyənləşdirmək mümkün deyil. Amma o da mümkündür ki, Köçəryan və Serj Sarkisyanın nəzarət etdiyi Qarabağ klanı və onların ordudakı tərəfdarları Paşinyanı saymır.

90-cı illərdə də Ter-Petrosyan həmişə gileylənirdi ki, səhra komandirləri ona qulaq asmırlar. Biz Minsk qrupunun həmsədrlərinə, beynəlxalq ictimaiyyətə bu barədə məlumat verməliyik. 1992-ci ilin mayın 6-da İran prezidenti Rəfsancaninin dəvəti ilə Petrosyan və Yaqub Məmmədov sülh danışıqları üçün Tehrana səfər etdi. İndi necə ki, həmsədr dövlətlərin iştirakı ilə atəşkəs haqqında razılaşmalara əhəmiyyət vermirlər, onda da ermənilər İrana eyni cür hörmətsizlik edərək danışıqlar getdiyi bir vaxtda Şuşanı işğal etdilər.

Ermənistanın dövlətinin siyasətçilərini, klan başçılarını erməni gənclərin, həm də döyüşə göndərdikləri qadın və uşaqların həyatı yox, hakimiyyət düşündürür. Həm də Qarabağ klanı fikirləşir ki, müharibədə nə qədər çox Paşinyan tərəfdarı qırılsa bir o qədər onların xeyirinədir. Ona görə də, ola bilsin, fikirləşirlər ki, məğlubiyyətdən istifadə edib Paşinyanı devirərlər. Lakin Qarabağ klanı Ermənistanda hakimiyyətə gəlməsi Rusiyanın münaqişəyə aktiv müdaxilə edib bizi dayandıra bilməz. Rusiya bilir ki, bunu etsə Azərbaycanı həmişəlik itirəcək. Ona görə də bizimlə münasibətlərə sadiq qalıb, bəyan etdikləri neytrallığı qoruyacaqlar.

Hər şey Türkiyə və Azərbaycanın qətiyyətindən asılı olacaq. Türkiyə güclü dövlətdir. Kimsənin Ərdoğanın iradəsini sındıra biləcəyini düşünmürəm. Ona görə zamanında söyləyirdim ki, nə qədər ki, Ərdoğan hakimiyyətdədir biz torpaqlarımızın azad olunması üçün savaşa başlamalıyıq. İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik. Onlar işğala son qoymaq üçün mümkün olan hər şeyi edəcəklər.

R.TAHİR,
“Xalq qəzeti”

29 Oktyabr 2020 10:45 - CƏMİYYƏT
CƏMİYYƏT
25 Noyabr 2020 | 03:25
“Xristian irsimizi tanıyaq”

Köhnə versiyamızdan xəbərləri izlə