Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda deyilir: “Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaq­lar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.

Hərbi hədəf əlamətləri olma­yan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətini bir daha nümayiş etdirir.

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi soyqırımı, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir.

Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu cinayətə görə baş nazir və müdafiə naziri də daxil olmaqla, Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıyır.

Rəsmi olaraq elan edilmiş humani­tar atəşkəs dövründə və hər iki dövlətin Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Cenevrə görüşü ərəfəsində Azərbaycanın ya­şayış məntəqələrinə və mülki şəxslərə hücumun edilməsi Ermənistanın məqsədinin danışıqları pozmaq, gərginliyi artırmaq və üçüncü dövlətləri münaqişəyə cəlb etmək olduğunu açıq şəkildə göstərir.

Ermənistanın vəhşi əməlləri barədə susmaq və Azərbaycan dinc əhalisinə qarşı törədilən bu cinayətləri cəzasız qoymaq, cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması, məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri ad­dımlar atmalı və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olun­muş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Azərbaycan bu qeyri-insani hərəkətlərə görə cavabdeh olan şəxslərin ədalətdən yayınmaması və məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməyəcək”.

29 Oktyabr 2020 03:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə