Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənimdir, Vətənimdir, Vətənimdir – Qarabağ!

İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlər boyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün nifrət yaratmaqla məşğuldurlar.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın “Rai-1” televiziya kanalına müsahibəsindən

26 oktyabr 2020-ci il


Bəli, erməni ideoloqları, siyasətçiləri, ziyalıları və çox təəssüf ki, hətta din xadimləri də bu gün anti-türk, anti- Azərbaycan təbliğatı aparmaq­la, düşmənçiliyi təbliğ etməklə, milli ədavəti gücləndirməklə, gənclərin beynində bütün qonşu ölkələrə qarşı ərazi iddiaları toxu­mu səpməklə məşğuldurlar. Bu da əsassız deyil. Çünki onların özləri də yaxşı bilirlər ki, bugünkü Ermənistan dövləti min illərdən bəri türklərin, azərbaycanlıların vətəni olmuş torpaqlarda yaradı­lıb və qorxurlar ki, nə zamansa bu məsələ qabardıla bilər. Ona görə də qabaqdangəlmişlik edirlər ki, biz tarixi ərazilərimizi bərpa etmək barədə deyil, son zamanlarda qəsb edilmiş torpaqlarımızı işğalçılardan təmizləmək haqqında düşünək.

Əgər belə olmasaydı, ermənilər yeni torpaqlar işğal etmək üçün yeni müharibələrə hazırlaşdıqlarını aləmə car çəkməzdilər. Əgər belə olmasaydı, üç ay ərzində üç dəfə dövlət sərhəddimizdə təxribatlar törətməz, bizi müharibəyə sövq etməzdilər. Hər zaman, hər vəchlə çalışırlar ki, Azərbaycanın başı hansısa məsələyə qarışsın və İrəvan xanlığı məsələsi ikinci, üçüncü mərhələdə qa­laraq unudulsun. Əgər belə olmasaydı, sentyabrın 27-də törətdikləri təxribata cavab olaraq yaranmış müharibə vəziyyətindən çıxmaq istəyərdilər. İstəmirlər. Onların havadarlarının təşəbbüsü ilə son bir ayda üç dəfə humanitar atəşkəs elan olunub və hər üçünü də məhz Nikol Paşinyanın quldur, terorçu, separatçı və işğalçı ordusu pozub.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “Rai-1” televiziya kanalına müsahibəsində bu məsələyə kifayət qədər aydın şəkildə münasibət bildir­mişdir. Dövlət başçımız indiki vəziyyətin bütün məsuliyyətinin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü dəfələrlə deyib. Yəni indiyədək baş verənlərin hamısına görə İrəvan rəhbərləri günahkardırlar. Bəs bundan sonra nə olacaq? Ali Baş Komandanı­mız bu sualı elə cavablandırdı ki, elə bil peşəkar bir pedaqoq ən zəif oxuyan şagirdinə dərsi izah edirdi: “Hər şey Ermənistanın özünü necə aparaca­ğından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub. Humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaq­la. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qur­banların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik”.

Azərbaycanlı siyasətçi, politoloq, ekspert və mətbuat təmsilçiləri dönə-dönə deyiblər ki, bəzi əcnəbi jurnalistlər bütün dünyaya məlum olan, gün kini aydın görünən məsələlər barədə təkrar-təkrar sual verməklə, sanki Azərbaycanın səbr kasasını daşdırma­ğa çalışırlar. Məsələn, italiyalı jurnalist Azərbaycan Prezidentindən soruşur ki, sentyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu?

Fikrimizcə, başqa siyasətçilərin heç biri tamamilə yersiz, mənasız, məzmunsuz, təkrar, hətta təhrikedici olan bu suala cavab verməzdi. An­caq müsahib Heydər Əliyev siyasi məktəbinin məzunu olan görkəmli diplo­mat idi. Mənim yadımdadır, doxsanıncı illərdə Azərbaycan jurnalistlərindən biri özünü Heydər Əliyevin alternativi kimi görən siyasətçidən soruşmuşdu ki, siz onu bu qədər tənqid edirsiniz, bəs onun müsbət cəhəti yoxdurmu? Həmin siyasətçi dedi: “Heydər Əliyevdə dünya siyasətçilərinin heç birində olmayan həmsöhbətə diqqətlə qulaq asmaq, ona əsəbiləşməmək, onu alçaltmamaq keyfiyyəti var. Anlamazın biri qandığı və ya qanmadığı şeylərdən uzun-uzadı danışırsa, Heydər Əliyev yenə də ona diqqətlə qulaq asır. Bu, insani böyüklük­dür.”

Ona görə də Azərbaycan Prezidenti italiyalı mətbuat təmsilçisinin hamıya məlum olan məsələ barəsindəki sua­lını cavabsız qoya bilməzdi. Odur ki, avropalı jurnalisti başa saldı ki, əsas səbəb Ermənistanın danışıqlar pro­sesini hər vasitə ilə pozmaq istəyi idi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır: “Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu”.

Bəli, Ermənistan rəhbəri danışıqlar prosesini tamamilə pozmuş oldu və nəticədə sentyabrın 27-dən sonrakı hadisələr baş verdi. Bəlkə də, Paşinyan düşünürdü ki, biz bu dəfə də təmkin göstərəcəyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər.

Özünü Bakıya Romadan deyil, sanki İrəvandan gəlmiş kimi hiss edən avropalı jurnalist Avrasiyanın ən böyük diplomatlarından biri olan həmsöhbətini “imtahan etməyə” çalışır: “Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruk­tiv yanaşma necə olmalıdır?”

Həmkarımız unutdu ki, bu sualın cavabı Ermənistana himayədarlıq edənlərin tamamilə səhv yolda olduq­larını sübut edəcək. Dövlət başçımız konstruktiv yanaşmanın nədən ibarət olduğunu xatırladaraq konkret tələb ortaya qoydu: “Onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qayta­rılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur”.

Xatırladaq ki, bu yanaşma­lar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, burada konstruktiv yanaşmadan əsər-əlamət qalmamışdı. Ona görə də Paşinyan indi deməlidir: “Bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik”.

Son bir ayda baş verənlər, xüsusən, ermənilərin və onlara himayədarlq edənlərin dünya ictimaiyyətinə həyəcanla çatdırmaq istədikləri “məlumat”lar sübut etdi ki, beynəlxalq aləmdəki anti-türk dairələr təkcə Türkiyənin özündən deyil, hətta hansısa hərbi-təlim məkanında parklandırılmış təyyarəsindən də qorxurlarmış. Belə olmasaydı, sentyabrın 27-dən sonra Azərbaycan Prezidentindən müsahibə alan bütün əcnəbi jurnalistlər – təbii ki, türkiyəli mətbuat təmsilçiləri istisna ol­maqla – dövlət başçımızdan “F-16”-ların burada nə işi olduğunu soruşmazdılar.

Anti-türk dairələrin başına “daş salan” həmin fakt barədə danışan dövlət başçımız konkret faktları ortaya qoydu: “Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”.

Dövlət başçımız növbəti dəfə xatırlatdı ki, Ermənistan rəhbərliyi tərəfindən xoş məram göstərilməlidir. Əgər göstərilməsə, biz hər bir halda bu torpaqları qaytaracağıq: “Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

29 Oktyabr 2020 03:37 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə