Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gigiyenaya əməl etməyə uşaqlıqdan adət edilməlidir

“Son zamanlar bütün diqqətimiz torpağımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşlərə yönəldiyi üçün neçə aydır aramızda dolaşan “gözə görünməyən” düşmənə - yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ayıq-sayıqlığımızı bir az itirmişik”. Bu sözləri “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov deyib. O qeyd edib ki, Xüsusi karantin rejiminin qaydaları, mütəxəssislərin aylardan bəri dönə-dönə verdiyi tövsiyələrə əməl etməyi sanki azaltmışıq. Son bir neçə günə qədər müşahidə olunan müsbət dinamika əksəriyyətimizdə pandemiyanın bitdiyi təsəvvürünü yaradıb.

“Kütləvi toplanma halları artıb, maskanın istifadəsi ya azalıb, ya da düzgün istifadə olunmaması halları artıb, sosial məsafə gözlənilmir. Bunun da nəticəsi artan yoluxma göstəriciləridir. Payız-qış mövsümündə belə laqeyd yanaşma xüsusilə təhlükəlidir. Ona görə də baş verəcək fəsadlaşmaların qarşısını almaq üçün hər kəsi gecikmədən vətəndaş məsuliyyəti nümayiş etdirməyə səsləyirəm. Hər birimiz kütləvi toplanma yerlərindən bacardıqca kənar olaq, vətəndaşların sıx olduğu yerlərdə maskadan düzgün istifadə edək, əl gigiyenasına riayət edək, sosial məsafəni saxlayaq və ətrafdakılara nümunə olaq, bunu onlara aşılayaq. O zaman virusun bizi üstələməsinin qarşısını ala bilərik”, - deyə təşkilatın sədri bildirib.

Fikrət Xəlilov vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyə çağırıb: “Bunlar əsasən şəxsi gigiyena qaydalarına söykənir ki, biz adi həyatımızda da həmişə bunu rəhbər tutmalıyıq. Hazırda həmin qaydalara əməl etməyənlər də az deyil. Ümumiyyətlə, insan o qaydalara, tələblərə qarşı məsuliyyətli olur ki, onlara uşaqlıqdan vərdiş etsin. Bu səbəbdən yaxşı olardı ki, uşaqlarımıza birinci sinifdən etibarən şəxsi gigiyena qaydaları tədris olunsun. Vərdişlər bildiyimiz kimi əsas etibarilə uşaqkən yaranır və insanın həyat tərzinə çevrilir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Oktyabr 2020 16:25 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə