Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kayseri Ticarət Odasının Azərbaycanla həmrəylik konfransı keçirilib

Kayseri Ticaret Odasının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanla həmrəylik konfransı keçirilib. “Zoom” proqramı üzərindən həyata keçirilən və televiziya vasitəsi ilə canlı yayınlanan onlayn konfransda Azərbaycan Respublikası Milli Məclisinin üzvləri – Qənirə Paşayeva, Məşhur Məmmədov və Elnur Allahverdiyev iştirak ediblər.

Ticarət Odası rəhbərliyi Azərbaycana qardaş məhəbbətini ifadə edərək, bir millətin iki dövlətinin, bir millət - bir dövlət kimi də hərəkət edə bilmə əzminin bütün dünya tərəfindən görüldüyün vurğulayıb: “Hər bir türk qurum-quruluşu kimi, Kayseri Ticarət Odası da, bütün imkan və bacarıqları ilə Azərbaycanın yanında olmaqda davam edəcək. Qarabağ öz əsl sahibinə - azərbaycanlı qardaş-bacılarımıza qayıdacaq, bölgəyə sülh, əmin-amanlıq gələcəkdir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Kayserinin qardaş ölkə şəhərləri içində özünəməxsus mötəbər yerə sahib olduğunu xatırladaraq, bu şəhərin müzəffər Azərbaycan Ordusunun işğaldan azad edəcəyi Şuşa şəhəri ilə qardaş şəhər olması təklifi ilə çıxış edib. Komitə sədri qeyd edib ki, Şuşa da, Kayseri də ortaq türk mədəni irsinin özünəməxsus ünvanlarıdır və rəsmi olaraq qardaşlaşmış şəhərlər statusu ilə, gələcəkdə ortaq layihələr, mədəni-kütləvi tədbirlər keçirilməsi ümumi işin xeyrinə olacaqdır.

Qənirə Paşayeva bütün türk və müsəlman aləmini qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Emmanuel Makronun türk mallarını boykot etmə çağırışına cavab olaraq fransız mallarının boykot edilməsi ilə bağlı çağırışına qoşulmağa səsləyib: “İlk növbədə dünya azərbaycanlılarına çağırış edirəm. Dünya azərbaycanlıları da daxil olmaqla dünya türklərinin sayı fransızlardan ən azı 2,5 -- 3 dəfə çoxdur. Bu hesabla, hörmətli Cümhurbaşqanının çağırışına qoşulmaqla, Makronun nə qədər yanlış hesablar içində olduğunu göstərə bilərik.

Fürsətdən istifadə edib, qardaş Türkiyə Cümhuriyyəti dövlətinə, xalqına, Azərbaycanın haqlı davasına verdiyi yüksək mənəvi-siyasi dəstək üçün bir daha təşəkkürümü yetirirəm”.

Milli Məclisin deputatı Məşhur Məmmədov Türkiyənin Azərbaycanın ən böyük yatırım qoyduğu ölkə olduğunu bildirib, qardaşlıq, qonşuluq bağlarının böyük iqtisadi layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib.

Deputat Elnur Allahverdiyev iqtisadi imkanların paylaşılmasının, bir-birinə qarşılıqlı dəstək göstərilməsinin Azərbaycan - Türkiyə münasibətlərinə daha yüksək dərəcə qazandırdığını söyləyib.   

Sonda, “qardaş Azərbaycan ordusunun 30 ildir ermənilər tərəfindən işğal edilən torpaqlarını azad etmə mücadiləsini təqdir və dua ilə dəstəkləyirik” - deyə Kayseri Ticarət Odası mənsublarının ümumi fikri bir daha qeyd olunub.

Qeyd edək ki, Kayseri Ticarət Odası 1896-cı ildə qurulub. Ticarət Odasının İdarə heyətinin başqanı Ömər Gülsoydur.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Oktyabr 2020 16:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə