• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan musiqisi İtaliyada

Azərbaycan musiqisi İtaliyada

İtaliya Respublikası Prezidentinin Kuirinale Sarayının Kapella Paolina zalında hər həftənin bazar günləri keçirilən, Rai Radio 3 ictimai radiosu ilə  bir saatlıq canlı yayımlanan məşhur “Kuirinale Konsertləri”nin  buraxılışlarından biri Azərbaycan musiqisinə həsr olunub.

Mədəniyyət Nazirliyinin rəsmi saytında   bildirilir ki, konsertin  açılışında “Kuirinale Konsertləri” proqramının təsisçisi və aparıcısı professor Stefano Katuççi çıxış edərək  bu tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və muğamın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirib.

Azərbaycan və İtaliya arasında sıx əməkdaşlığın olduğunu vurğulayan aparıcı cari ilin iyulun 18-19-da İtaliya Prezidenti Sercio Mattarellanın, sentyabrın 25-26-da isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərini xatırladıb.

Professor Stefano Katuççi Azərbaycanın zəngin musiqi mədəniyyəti irsi barədə danışıb, konsert proqramı çərçivəsində italyan maestro Pierluici Ruccieronun rəhbərliyi ilə Azərbaycan, italyan və macar musiqiçilərindən ibarət Belcan-Tar ansamblının ifasında Azərbaycanın klassik musiqi nümunələrinin və xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam ansamblının ifasında muğam və xalq mahnılarının təqdim ediləcəyini bildirərək konsertin repertuarı haqqında məlumat verib.

S.Katuççi Qarabağın Azərbaycan muğamının beşiyi, Şuşanın isə Azərbaycan musiqi sənətinin mərkəzi olduğunu, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin Şuşada böyüyərək yaradıcılığına burada başladığını, konsert  proqramı çərçivəsində muğamlarla yanaşı, Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Fərhad Bədəlbəylinin müəllifi olduğu “Şuşa” kompozisiyasının da səsləndiriləcəyini bildirib.

Bundan sonra  Üzeyir Hacıbəylinin “Koroğlu uvertürası”, “Arazbarı”, Qara Qarayevin “Yeddi gözəl valsı”, Fərhad Bədəlbəylinin “Şuşa”, Həsən Rzayevin “Çahargah rapsodiyası” əsərləri,  eyni  zamanda, xalq mahnıları  səsləndirilib.

Eyni konsert proqramı İtaliyanın Abruzzo Regional Şurasının binası olan Emiçilio Sarayında da keçirilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Oktyabr 2018 12:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
15 Noyabr 2018 | 16:05
Muzeyin eksponatları Berlində

Ən son xəbərləri səhifəmizdən də izləyin