Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu

Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi - “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı sona yaxınlaşmaqdadır. “100 illik tariximiz” devizi altında təşkil olunan festivala növbə ilə nazirliyin regional idarələri ev sahibliyi edir. Eyni zamanda, festivalın tədbirlərində nazirliyin 15 regional idarəsinin hər biri öz guşə-çadırı ilə təmsil olunur. Layihənin əsas məqsədi xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı avqustun 4-də Sumqayıt şəhəri  oldu. Şəhər sakinlərinin və qonaqların böyük coşqu ilə qarşıladığı festival maraqlı anlarla yadda qaldı. Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində keçirilən tədbirdə yerli sakinlər, mədəniyyət işçiləri, respublikamızın bölgələrindən gələn qonaqlar əsl mədəniyyət bayramının şahidi oldular.

Bulvar ərazisində regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirildi.

Qonaqlar əvvəlcə 15 regional mədəniyyət idarəsinin təşkil etdiyi sərgi ilə tanış oldular. Bölgələrimizin mədəni zənginliyi, incəsənət nümunələri festivala gələnlər tərəfindən böyük maraqla qarşılandı.

Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qaldı. Folklor qruplarının, bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər şəhər sakinlərində və qonaqlarda xoş ovqat yaratdı.

Mərasimdə iştirak edənlər bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdilər.

Qeyd edək ki, iyunun 25-də Masallı şəhərində başlanan festival yekunlaşmaq üzrədir. Festival Lənkəran, Salyan, Sabirabad, Füzuli rayonunun Horadiz şəhəri, Ağdamın Quzanlı qəsəbəsi, Göyçay, Mingəçevir, Göygöl, Naftalan, Oğuz, İsmayıllı və Qusarda da keçirilib.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

8 2018 11:52 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə