Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidməti  xəbər verir ki, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.
Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilmişdir. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

 

Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

 

Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

 

Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır

 

Ermənistanın bu gün guya Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur.

 

Ermənistan rəhbərliyi dərk etməlidir ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti yeni humanitar atəşkəs rejimini pozan Ermənistanın Azərbaycan Respublikasının bərpa edilmiş dövlət sərhədləri istiqamətində təxribatlar törətməsi ilə bağlı birgə bəyanat yayıb. 
Daxil olan birgə bəyanatda qeyd edilib ki, yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhəboyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.
Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.
Bu baxımdan, Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir. 

28 Oktyabr 2020 00:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə