Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Bərdə şəhərini raket atəşinə tutması ilə əlaqədar Ukrayna, Belarus və Moldova KİV-lərinə müraciət ünvanlanıb

 

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini oktyabrın 27-də raket atəşinə tutması ilə əlaqədar Ukrayna, Belarus və Moldova KİV-lərinə müraciət ünvanlayıb.

40-a yaxın informasiya agentliyinə, portal və qəzetə ünvanlanan müraciətdə işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların əlavə protokollarını, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdiyi qeyd olunub.

Müraciətdə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb.

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan və raket sistemlərindən atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, Ermənistandan fərqli olaraq, Azərbaycan mülki insanlara atəş açmır. Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf seçməsi cinayət əməlidir. Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir və bundan sonra da verəcək.

Bəyanatın sonunda Ukrayna, Belarus və Moldova KİV-ləri Ermənistanın terrorçu siyasətini obyektiv işıqlandırmağa və Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırılıb.

Media nümayəndələrinə, həmçinin Bərdənin raket atəşinə tutulması ilə bağlı fotolar da təqdim olunub.

28 Oktyabr 2020 08:47 -

Köhnə versiyamızdan xəbərləri izlə