Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğal bölgəsindəki məscidlərimiz yenə də azan verəcək…

“İşğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrimizin sayı ilə bağlı statistik məlumat  “İşğal altında qalan abidələrimiz” adlı kitabda əks olunub. Kitab müxtəlif dillərdə çap olunub və bir sıra ölkələrdə yayılıb”.

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov işğal bölgəsindəki dini abidələrimizdən danışarkən bildirib.

Onun sözlərinə görə, statistik hesablamalarda məscidlərin sayının 67 olaraq göstərildiyi qeyd edilir: “Əslində isə bizim işğal altında qalan və yenicə azad olunmuş ərazilərimizdəki  məscidlərimizin sayı 67-dən çoxdur. Çünki sovet dövründə məscidlərin əksəriyyətinin təyinatı dəyişdirilərək, anbara və ya kluba çevrilmişdi. Sovet dövründən sonra məscidlərin təyinatı yenidən dəyişdirilərək, ibadət evinə çevrilməyə başladı. Lakin Qarabağın işğalı ilə bu hadisələr üst-üstə düşdüyünə görə təyinatı tam dəyişdirə bilmədik”.

G.İsmayılovun sözlərinə görə, Ermənistan işğal altında qalan tarixi-dini abidələrimizlə bağlı fəaliyyəti 3 istiqamətdə həyata keçirib:

“Birinci istiqamət Türk-İslam abidələrinin hamısının dağıdılmasına yönəldilib. İkinci fəaliyyət istiqaməti Azərbaycanın tarixi irsi olan Alban məbədlərinin Qriqorian kilsəsinə çevrilməsidir. Laçın rayonu ərazisindəki “Ağoğlan”, Kəlbəcərdəki “Gəncəsar” məbədi Qriqorian kilsəsinə çevirilmişdi. Onları Qriqorian kilsəsinə çevirməkdə məqsəd Azərbaycan tarixi irsini öz mədəniyyətlərinin bir hissəsi kimi göstərməkdir. Qriqorian kilsəsinə çevirə bilmədiklərinin hamısını dağıdıblar.

Üçüncü istiqamət isə 2 məscidimizi dağıtmadan saxlayıb, tarixi-dini abidələrimizə hörmətlə yanaşdıqlarını əyani göstərmək üçün istifadə ediblər. Bu məscidlərdən biri İrəvan şəhərindəki “Göy məscid”, digəri isə Şuşadaki “Yuxarı Gövhər ağa” məscididir. Lakin bu iki məscidi İran-fars mədəniyyətinin nümunəsi kimi təqdim ediblər”.

G.İsmayılov qeyd edib ki, ermənilərin bu iki məscidi təmir etməkdə məqsədi oradaki Azərbaycan izlərini itirməkdir.

Cənab Prezidentin dediyi kimi, “Onlar məscidlərimizi dağıtsalar da, biz onları ürəklərimizdə,yaddaşlarımızda inşa etmişik. Ordumuz torpaqlarımızı azad etdikdən sonra məscidlərimizi, məbədlərimizi yenidən bərpa edəcəyikAzərbaycan ordusunun qələbəsi gün kimi aydındır”.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 Oktyabr 2020 15:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə