Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstərir ki, Bakının orduya, müdafiəyə çəkdiyi xərclər əbəs deyildi.

AZƏRTAC xəbər verir ki, bu barədə “Pravda.ru” nəşrinə hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko söhbət açıb.

O, birinci Qarabağ müharibəsindən danışaraq xatırladıb ki, o vaxt Azərbaycanda hakimiyyətə Xalq Cəbhəsi gəlmişdi. Ekspert deyib: “Əlbəttə, sərt mərkəzləşdirilmiş hakimiyyətin yoxluğu şəraitində o dövr üçün səfərbərlik və döyüş əməliyyatlarının düzgün idarə edilməsini həyata keçirmək mümkün olmadı. Ermənistan isə bizdə Müdafiə naziri vəzifəsinə Pavel Qraçov təyin olunduqdan sonra ciddi dəstək qazandı. Qraçov Ermənistana rəğbət bəsləyirdi, qəbul edilən müəyyən qərarlara müvafiq olaraq, Ermənistan öz ərazisində yerləşən hərbi hissələrdəki texnikanın bir hissəsinə sahib oldu, digər hissəni isə anbarları çapıb talayaraq öz əlinə keçirdi”.

İ.Korotçenkonun fikrincə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyət düzəldi. Rusiyalı ekspert deyib: “Heydər Əliyev tanınmış sovet dövlət xadimi, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, vaxtilə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş, yüksək hazırlıqlı, iradəli, sərt və sözübütöv siyasətçi idi. Prezident Heydər Əliyev Azərbaycan ordusunu bərpa etməyə, faktiki olaraq sıfırdan yaratmağa başladı. Çünki Xalq Cəbhəsi özündən sonra çox acınacaqlı miras qoymuşdu. Artıq İlham Əliyev hakimiyyətə gələndə o, iri infrastruktur neft-qaz layihələrini həyata keçirməyi bacardı, bu layihələr əhəmiyyətli həcmdə valyuta gəlirləri gətirməyə başladı. Bu vəsaitlər hesabına bütün Azərbaycan inkişaf edirdi, lakin böyük təxsisatlar məhz orduya yönəldilirdi. Ona görə də bugünkü Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır”.

27 Oktyabr 2020 15:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə