Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qoşulmama Hərakatına üzv dövlətlər haqqın tərəfində oldular

Otuz il davam edən Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 1995-ci ildən sonra ilk dəfə olaraq Dağlıq Qarabağda başlanılan Vətən müharibəsinin 2-ci günü, yəni sentyabr ayın 29-da Estoniya və Almaniya dövlətlərinin təklifləri əsasında mövcud hərbi vəziyyətlə bağlı məsələyə baxılmış və hər hansı bir yekun sənəd səsləndirilməmişdir.

Azərbaycan Ordusu tərəfindən Dağlıq Qarabağ ətrafında yerləşən rayonlarımız (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) işğaldan azad olunmuş, orda olan terror qruplaşmaları və Ermənistanın silahlı qüvvələrinə aid hərbi texnika məhv edilmişdir.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri humanitar atəşkəsin imzalanmasına dair birgə bəyanat səsləndirdikdən sonra Rusiya və Fransanın təklifləri əsasında 10 oktyabr oktyabr BMT Təhlükəsizlik Şurası bir daha münaqişənin həlli ilə bağlı müzakirə keçirmiş və bəyanat hazırlamışdır. Lakin, təəssüflə qeyd olunmalıdır ki, dünyadakı siyasi riyakarlıq və ikili standartlar burada da özünü göstərmiş və 1993-cü ildə münaqişənin ədalətli həlli istiqamətində qəbul olunan məlum dörd qətnaməyə heç bir istinad olunmamışdır. Yalnız BMT TŞ-nın digər qeyri-daimi üzvləri və Qoşulmama Hərakatının üzv dövlətlərinin BMT-dən fərqli israrlı və prinsipial mövqeyindən sonra bəyanat qəbul olunmamış və rəsmən geri götürülmüşdür. Bununla da həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə, Bandunq – prinsiplərinə - dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı mənafelərin qorunması və sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi, Qoşumama Hərəkatının sənədlərinə sadiqliklərini növbəti dəfə nümayiş etdiriblər.  

Beləliklə, BMT-nin öz nizamnaməsini yerinə yetirə bilməməsinə dair fikirlər artıq öz təsdiqini tapır. BMT dünyada söz və nüfuz sahibi olan böyük dövlətlərin əlində alətə  çevrilməklə, 2020-ci ildə, demək olar ki, olan-qalan nüfuzunu da itirdi. ATƏT-in Minsk qrupunun həmsədr institutu isə artıq ədalətli qərarlar qəbul etmək şansını tamamilə itirmişdir. BMT TŞ-nın bu biabırçı vəziyyətdən çıxmasına yuxarıda qeyd olunduğu kimi, Qoşulmama Hərəkatının üzv dövlətləri kömək etməyə çalışır və hesab edirəm ki, Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında nümayiş etdirdiyi ikili standartlara söykənən siyasi oyunbazlıq bütün dünya üçün ibrət olmalıdır.

Bu gün Azərbaycan BMT TŞ-nın qətnamələrini yerinə yetirən nümunəvi üzv dövlətdir. Eyni zamanda, Azərbaycan son iki il müddətində Qoşulmama Hərəkatına şərəflə, ləyaqətlə rəhbərlik etməkdədir. Ölkəmiz Qoşulmama Hərakatının prinsiplərinə uyğun qəbul olunmuş bütün qərarların icrasına nəzarət edərək, dünyada haqqın, ədalətin bərqərar olunması üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcəkdir.

Azərbaycan xalqı, başda Ali Baş Komandan olmaqla sona qədər, suverenliyimiz bərpa edilənədək öz haqq-ədalət mübarizəsini aparacaq, heç vaxt bu yoldan dönməyəcək. Nə qədər ki, gec deyil, dünya dövlətləri sülhün, əmin-amanlığın qorunması prinsiplərinə sadiq qalması, haqqın, ədalətin bərqərar olunması üçün BMT-yə təsir etməyə çağırıram.

Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

27 Oktyabr 2020 15:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə