Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz haqlıyıq, biz güclüyük

Müsahibimiz Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır

– Fazil müəllim, Prezident İlham Əliyev xalqa müraciətində beynəlxalq qurumları, xüsusən, ATƏT - in Minsk qrupunun həmsədrlərini  sərt tənqid etdi. Sizcə, bundan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinin bir əhəmiyyəti varmı?

– Hesab edirəm ki, onsuz da ATƏT-in Minsk qrupunun bu illər ərzində fəaliyyətinin heç bir mənası olmayıb. Onu mənasızlaşdıran Azərbaycan dövləti, Ali Baş Komandan və rəşadətli ordumuz  oldu. Yəni, artıq ATƏT-in Minsk qrupu  adlanan ermənipərəst, onların maraqlarını güdən,  erməniləri ayaqda tutan, dünya reallığını beynəlxalq hüquqdan ayıraraq tamamilə yeni bir fantaziya açan bir qurum fəaliyyət göstərmək perspektivinə malik deyil. Bunlar, sadəcə, son çıpıntılarını edir və Azərbaycana da hər hansı bir arqumentli sənəd və ya mövqe təqdim edə bilmirlər. Yığışırlar və guya, hər hansı bir qətnamə qəbul edirlər. Guya, BMT Təhlükəsizlik Şurasının iclasını keçirilər. Onların toplantısında  istənilən ölkənin nümayəndəsi soruşa bilərl ki, 27 il əvvəl qəbul etdiyniz 4 qətnamədən nə xəbər var? Məgər bu qətnamələr icra olundumu ki, siz yeni qətnamə qəbul edirsiniz? Dünyada nə baş verdi? Hansı münaqişəni tənzimlədiniz ki, yeni qətnamə qəbul etmək fikrinə düşmüsünüz? Bəli, BMT Təhlükəsizlik Şurasının  qətnamələri yerinə yetirlməyə başlanılıb. Bunu Azərbaycan yerinə yetirir. Özləri yerinə yetirə bilmədikləri qətnamələri indi Azərbaycan, onun Prezidenti  icra edir. Heç olmasa, imkan verin, yardım edin, sizin qəbul etdiyniz qətnamələri sona qədər icra edək. İmkan verin, ölkəyə barış gəlsin. Ona görə də ATƏT-in Minsk qrupu mahiyyətcə Azərbaycana hər hansı bir şərti, mövqeyi, ideyanı diktə edəcək  gücə sahib  deyil.  Böyük, güclü dövlət olanda nə olar ki? Onlar da ortaya reallığı əks etdirən sənəd qoymalıdırlar.

–  Dövlət başçısı elə həmin müraciətində qeyd etdi ki. böyük beşlik dövlətlər digər dövlətlərə təzyiq göstərirlər ki, Azərbaycanın əleyhinə qətnamələr qəbul etsinlər. Məqsəd nədir?

– Azərbaycanın əleyhinə qətnamələr qəbul edilməsində və bəyanatlar yayılmasında məqsəd, təbii ki,  ölkəmizin mövqeyini zəiflətmək, eyni zamanda, Ermənistanı xilas etməkdir. Beynəlxalq ictimaiyyətə də bəllidir ki, hazırda Ermənistan çökmüş vəziyyətdədir. Artıq erməni yalanı, erməni mifi dağılıb. Təsəvvür edin, 30 ildir ki, Dağlıq Qarabağ savaşından söhbət gedir, amma bundan  3 dəfə artıq ərazini girov saxlayırlar. Nə vaxta qədər Ermənistana himayədarlıq edib bu ölkəni dünyanın başına bəla edəcəklər? Ona görə də bu məsələdə  dövlətimizin başçısı bir vacib məqama toxundu. Dünya sanki  bunlardan ibarətdir. Dünyanın reallıqları var və bu reallıqları heç cür dəyişmək mümkün deyil. Əgər ermənilərə muxtariyyət vermək istəyirlərsə, buyursunlar öz ölkələrində versinlər. Sual olunur, məgər  Amerikada,  Fransada erməni  muxtariyyəti var? Bu nə cəfəng, mənasız bir təklifdir? İllərdir ölkəmizə qarşı təzyiqlər göstərilir ki, erməni xalqına   muxtariyyər verin.  Hansı xalqdan söhbət gedir? Ermənilərə bir dəfə muxtariyyət verilib və Azərbaycan ərazilərində özlərinə dövlət yaradıblar. İkinci dəfə də muxtariyyət verib daha bir erməni dövləti  də yaradılsınmı? Bu, çox mənasız və əhəmiyyətsiz bir tələbdir. Hesab edirəm ki, heç kim bu barədə Azərbaycan təzyiq göstərə bilməz.

– Bütün bunlardan sonra  indiyədək  ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsində  hazırlanan prinsiplər öz mahiyyətini saxlaya bilərmi?

– Əlbəttə yox. Bundan sonra artıq yeni reallıqlar meydana gəlib. Dövlət başçı da qəti olaraq bildirdi ki, bundan sonra Dağlıq Qarabağda hər hansı bir referendum keçirilməyəcək.  Ermənilərə təklif oluna bilər ki, Xankəndidə, Şuşada məhəllə yaradılıb. Gəlin, bu məhəllələrdə yaşayın. Onların Azərbaycanda yaşayan azsaylı xalqlardan nəyi artıqdır? Niyə onlara muxtariyyət verilməlidir?  Ona görə də kimliyindən asılı olmayaraq hər bir kəs dövlət başçımızın ətrafında daha sıx birləşməli, həmrəylik nümayiş etdirməli və Ali Baş Komandanın  başladığı bu mübarizəni qələbə ilə başa çatdırmasına nail olmalıyıq. Biz haqlıyıq, biz güclüyük. Qələbə də bizimlədir. Artıq  27 illik yurd həsrətinə son qoyulur və yaxın vaxtlarda Azərbaycan bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə dalğalanacaq.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

27 Oktyabr 2020 12:00 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə