• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sahibkar – peşə təhsili əməkdaşlığı”

“Sahibkar – peşə təhsili əməkdaşlığı”

Oktyabrın 16-da “Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Sahibkar – peşə təhsili əməkdaşlığı” mövzusunda milli konfrans keçirilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd ölkədə gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsili müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır. Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi, Almaniya İqtisadi İnkişaf Fondu tərəfindən maliyyələşdirilən layihəyə maraq böyükdür.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, tədbirdə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev iqtisadiyyatın müxtəlif sektorlarının inkişafı üçün sahibkarlarla peşə təhsili müəssisələri arasındakı əlaqələrin daha sıx qurulmasının əhəmiyyətini vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan uğurlu nailiyyətlər barədə məlumat verib. O qeyd edib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi mühüm vəzifələrdən biridir.

“Peşə təhsili haqqında” qanunda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulması özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacaq.

Tədbirdə Almaniyanın ölkəmizdəki səfirinin müavini xanım Andrea Sühl təmsil etdiyi ölkənin Azərbaycanda peşə təhsilinin inkişafında maraqlı olduğunu bildirib, xarici sahibkarları da peşə təhsili müəssisələri ilə əməkdaşlığa dəvət edib.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayıb,  bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib.

Daha sonra ekspertlər layihə ilə bağlı təqdimatla çıxış etmişlər.  

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

17 Oktyabr 2018 10:40 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin