Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan pozulan haqq-ədaləti indi müzəffər ordumuzun gücü ilə bərpa edir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün demək olar ki, hər gün aparıcı telekanallara və infor­masiya agentliklərinə müsahibələr verir, ordumuzun cəbhə uğurları ilə bağlı özünün rəsmi “Twitter” səhifəsində xalqımıza sevinc, qürur hissi yaşadan xəbərlər çatdırır. Dövlətimizin başçısının oktyabrın 25-də Silahlı Qüvvələrimiz tərəfindən Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndinin və Qubadlı şəhərinin işğalçılardan azad edilməsi ilə bağlı məlumatı bunun parlaq ifadəsidir.

Beləliklə, Azərbaycan Ordusu hər gün cəbhədə irəlilədikcə və torpaqlarımız azad edildikcə düşmən tərəfin də tələb və təklifləri, başqa sözlə, sentyabrın 27-dən əvvəl danışıqlar masasında qoyulan məsələlər öz aktuallığını itirir.

Xatırladaq ki, danışıqlar masasında əvvəlcə beş, daha sonra iki rayonun Azərbaycana qaytarıl­ması, məcburi köçkünlərin evlərinə qayıtmaları, Dağlıq Qarabağda referendumun reallaşması və s. məsələlər yer almışdı. Lakin məlum olduğu kimi, artıq əvvəlki status-kvo və təmas xətti mövcud deyil. Çünki Azərbaycan Ordusu Ali Baş Komandanın uzaqgörən siyasəti və gücü sayəsində artıq bəlli rayonları düşmən tapdağından azad edib və etməkdədir.

Prezidentimiz də dediyi kimi, Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Azərbaycan danışıqlar zamanı buna razılıq verməyib və indi ərazinin böyük bir hissəsinin geri alındığı bir vaxtda bundan söhbət belə gedə bilməz.

Prezident İlham Əliyev Yaponiya­nın “Nikkei” qəzetinə müsahibəsində də bu barədə fikirlərini bildirib: “Əvvəlki satus-kvo artıq mövcud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olma­lıdır”.

Bu gün Azərbaycan işğalçı ölkəyə daha böyük itkilər vermədən əraziləri boşaltmaq imkanı yaradır, amma işğalçı dövlət, təəssüf ki, reallaşan təmaslarda konstruktiv addım atmaq barədə düşünmür.

Ümumiyyətlə, düşmənin bu cür mövqeyi 30 ildir ki, davam edir. İndiyədək danışıqlar masasında əsas mövzu BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq şəkildə Azərbaycanın işğal edilən ərazilərinin boşaldılması olub. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” bəyanatları və qondarma “dqr”i danışıqlara tərəf kimi salmaq cəhdləri ilə illərdir ki, mövcud masanı, necə deyərlər, alt-üst edib və müharibədən başqa çıxış yolu qoymayıb.

Hərbi əməliyyatların başlan­masından sonra qurulan təmaslarda Ermənistanın sərgilədiyi mövqe və mülki əhaliyə hücumları da göstərdi ki, bu ölkənin rəhbərliyi ilə nəyi isə müzakirə etmək, hansısa bir nəticəyə gəlmək mümkün deyil. Xüsusilə Moskvada əldə olunan birinci “hu­manitar atəşkəs”dən saatlar sonra Gəncəyə ballistik raketlər atması, dinc əhalini qətlə yetirməsi, ikinci “humanitar atəşkəs”dən cəmi 2 dəqiqə sonra isə yenə mülki əhalini və yaşa­yış məntəqələrini hədəf alması bunu təsdiqləyir.

Dövlətimizin başçısı çıxışların­da atəşkəsə nail olmaq üçün edilən cəhdlərin uğursuzluğunun Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhaliyə, hərbi mövqelərinə hücumlarının dayandırılmaması ilə bağlı olduğunu bildirib. Prezident İlham Əliyev daha sonra deyib: “Ermənistan azad edilmiş əraziləri yenidən geri götürmək istəyir, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədir, şəhərləri ballistik raketlərlə atəşə tutur. Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər Azərbaycana hücum olunursa, onun həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var. Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, atəşkəsi pozmamalı, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd göstərməməli, işğal olunmuş bütün Azərbaycan ərazilərinin boşal­dılması üçün üzərinə ciddi öhdəlik götürməlidir”.

Onu da qeyd edək ki, Azərbaycanla müharibə fonunda Ermənistanda iqtisadi-siyasi vəziyyət getdikcə gərginləşir. Düşmən ölkə dərin böhran şəraitində yaşayır, siyasi qüvvələr arasında parçalanma sürətlənir. Tezliklə “Qarabağ klanı”nın Ermənistandan olan siyasi qüvvələrlə toqquşmasının başlayacağı gözlənilir. Əslində, sülhə hazır olmayan həmin qüvvələr dərindən anlayılar ki, Paşinyan hakimiyyətdən getmək ərəfəsindədir. Yaxşı bilirlər o, hazırda müharibə cinayətləri ilə ölkəni siyasi-iqtisadi uçuruma yuvarlayır. Bu isə Ermənistanın gələcək mövcudluğunu sual qarşısına qoyur. Şübhəsiz ki, belə bir şəraitdə işğalçı respublikada hakimiyyət uğurunda mübarizənin getdikcə şiddətlənməsi təbiidir. Yəni Köçəryan bir, Sərkisyan digər, hazırkı prezident isə başqa bir istiqamətdən mübarizə aparır.

Azərbaycanda isə Ermənistandan fərqli vəziyyət hökm sürür. Respub­likamızda hər bir kəs öz torpağında Vətən müharibəsi getdiyini yaxşı bilir, müharibənin haqq, ədalət savaşı olduğunu dərk edir. Ona görə də xal­qımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir, dövlət başçımızın arxasında dayanır. İnsanlarımız cəbhə üçün, şanlı ordumuz üçün əlindən gələni etməyə çalışır. Bir sözlə, bu gün ölkəmizdə həmrəylik, milli vəhdət var, ruh yüksəkliyi yaşanır.

Kifayət qədər güclü, qüdrətli Azərbaycan hazırda öz iradəsini və hökmünü göstərir, müstəqillik qazandığı ilk gündən qarşısına qoyduğu hədəfə doğru günbəgün uğurla irəliləyir, suverenliyinin, ərazi bütövlüyünün bərpası yolunda əzmlə mübarizə aparır. Erməni faşistlərinin 30 il ərzində işğalda saxladıqları və dağıtdıqları bütün dini, mədəni, qədim abidələrimizin, xaraba qoyduqları ya­şayış evlərimizin bərpasına hazırlaşır.

Sonda onu da xatırladaq ki, bu gün Azərbaycanın haqq savaşında beynəlxalq hüquq bizim tərəfimizdədir. Bugünə kimi beynəlxalq təşkilatlar tərəfindən Dağ­lıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli qərarlar qəbul olu­nub. BMT Təhlükəsizlik Şurasının 7 bəyanatında və 4 qətnaməsində (822, 853, 874, 884 nömrəli qətnamələr) Ermənistan dövlətinin işğalçı olduğu açıq şəkildə göstərilib. Torpaqların azad edilməsi, qaçqınların öz yurdla­rına qayıtması tələb olunub. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti və diplomatik prinsipiallığı nəticəsində, Ermənistan istisna olmaqla, 54 üzv dövlət tərəfindən Azərbaycanın haqlı mövqeyini müdafiə edən xüsusi sənəd imzalanıb.

Bütün bunlarla bərabər, Dağlıq Qarabağ münaqişəsinin başlan­dığı vaxtdan indiyədək müxtəlif beynəlxalq təşkilatlar – Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, digər nüfuzlu qurumlar tərəfindən münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul edilib. NATO-nun müvafiq sammitlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənib.

Uzun illər ərzində Ermənistanın bu beynəlxalq tələblərə məhəl qoymadığını, mövcud status-kvonu hər vəhclə uzatmağa çalışdığını və beynəlxalq ictimaiyyətin də buna göz yumduğunu, üstəlik, düşmənin yeni təxribatlara, xalqımıza qarşı təhqiramiz davranışlara əl atdığını görən Azərbaycan pozulan haqq-ədaləti indi məhz müzəffər ordumuzun gücü ilə bərpa edir.

V. BAYRAMOV, “Xalq qəzeti”

27 Oktyabr 2020 02:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə