Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Dövlətimizin başçısının parlaq, dərin məzmunlu çıxışını televiziyadan böyük maraqla izlədim. Azərbaycanın hər bir vətənpərvər vətəndaşı kimi, mən də möhtərəm Prezidentimizin son dərəcə prinsipial və qətiyyətli mövqeyini tam dəstəkləyirəm.

Cənab İlham Əliyev dedi: “Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, bu müddət ərzində şanlı Azərbycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir”.

Ermənistan işğalçı, təcavüzkar dövlətdir. Bu ölkə faktiki olaraq, regionda ağır təxribatlar ilə məşğul olur və terrorizmə sponsorluq edir. Heç kimə sirr deyil ki, rəsmi İrəvan Dağlıq Qarabağın ərazisinə Suriyadan və başqa ölkələrdən min bir saxta vəd verib terrorçular gətirir.

Ermənistanın niyyəti işğal etdiyi əraziləri öz nəzarətində saxlamaqdır. Lakin Azərbaycan dövləti bununla heç cür barışa bilməz.

Prezident İlham Əliyev xalqa müraciətində bir daha qeyd etdi ki, Azərbaycan Ordusunun zəfər yürüşü davam edir və ölkəmizin ərazi bütövlüyü təmin olunacaq.

Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva “İnstagram” səhifəsində Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edilməsi münasibətilə xalqımımızı təbrik edib.

Qeyd etmək lazımdır ki, cənab Prezidentin xalqa müraciəti, eləcə də Mehriban xanımın təbriki ölkə ictimaiyyəti və Qarabağ müharibəsi veteranları arasında böyük ruh yüksəkliyi yaradıb.

Mən birinci Qarabağ müharibəsində fəal iştirak etmişəm. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanın mərd, igid oğulları düşməni torpaqlarımızdan tamamilə mütləq qovub çıxaracaqlar.

Bəli, Dağlıq Qarabağda bizim Böyük Qələbəmiz lap yaxındadır. Haqq-ədalət bizim tərəfimizdədir. Biz əzəli və tarixi torpaqlarımızı mütləq azad edəcəyik.

Sonda bir məqamı qeyd etməyi özümə borc bilirəm. Bu gün dünyanın bəzi gücləri işğalçı Ermənistanın tərəfini tutur, Azərbaycana qarşı ədalətsiz təzyiqlər göstərirlər. Lakin unudurlar ki, heç bir qüvvə xalqımızı haqq yolundan döndərə bilməz.

Füzuli RZAQULİYEV, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri

27 Oktyabr 2020 02:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə