Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heç bir qüvvə Azərbaycan xalqını haqq yolundan döndərə bilməz

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə dövlətimizin başçısı çıxışında bir aya yaxın davam edən müharibədə ordumuzun mühüm uğurlar əldə etdiyini, hər gün cəbhədən xoş xəbərlər gəldiyini bildirib. Ölkə rəhbəri, eyni zamanda, gün ərzində müntəzəm olaraq döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat aldığını və bununla əlaqədar müvafiq göstərişlər verdiyini diqqətə çatdırıb: “Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edi­libdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır”.

Dövlətimizin başçısı daha sonra işğaldan azad edilən ərazilərimizdəki şəhər və kəndlərin videogörüntülərinin Azərbaycan ictimaiyyətinə təqdim edildi­yini və həmin kadrlardan vəhşi düşmənin yaşayış məntəqələrimizi necə dağıtdığı­nın, viranə qoyduğunun şahidi olduğunu vurğulayıb. Bildirib ki, həmin yerlərdə bir salamat bina belə qalmayıb, bütün evlər, inzibati-sosial obyektlər, tarixi-di­ni abidələr mənfur düşmən tərəfindən dağıdılıb.

Azərbaycan Prezidenti müşavirədə qeyd edib ki, işğal edilən torpaqlardakı acı mənzərə – dağıntılar, xarabalıqlar erməni vandalizmindən xəbər verir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.

Ali Baş Komandanın bildirdiyi kimi, ermənilər otuz il ərzində torpaqları­mızı işğal alında saxlayaraq, istismar ediblər, təbii resurslarımızı oğurlayıb­lar, kəndlərimizi, şəhərlərimizi dağı­dıblar. Bu, qarşımızdakı düşmənin vəhşiliyindən, barbarlığından, vandal xislətindən xəbər verir. Yağıdan azad edilən ərazilərimizdə dağıdılmayan bir bina, bir infrastruktur belə qalma­yıb. Hər yer xarabalığa çevrilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, təhqir edilib.

Burada bir məqamı xatırlatmaq istərdik. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından bö­yük itkilər verən işğalçı geri çəkildikdən, döyüş mövqelərini qoyub qaçdıqdan sonra təxribatlarından əl çəkmir, mülki vətəndaşlarımızı atəşə tutur, infrastruktu­rumuzu dağıtmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini bir daha təsdiqləyir.

Prezident İlham Əliyev çıxışlarında dönə-dönə vurğuladığı kimi, erməni vəhşiliyinin, barbarlığının izləri qalan azad torpaqlarımıza tezliklə Böyük Qayıdış başlayacaq – məcburi köçkülər doğma yurd-yuvalarına qayıdacaq, o yerlərdə geniş abadlıq-quruculuq tədbirləri həyata keçiriləcək. Bunun bariz ifadəsini Cocuq Mərcanlının timsalında gördük. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlar­da yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaq­lar. Necə ki, vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdır­dı. Biz Çocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşa­dırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış as­tanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edil­miş torpaqlara qayıdaraq rahat yaşasın­lar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır”.

Prezident, Ali Baş Komandan İlham Əliyev müşavirədə işğaldan azad edilən bütün bölgələrdə təftiş işlərinin aparıl­ması, bütün dağıntıların qeydə alınma­sı, aktlar tərtib edilməsi, Azərbaycan vətəndaşlarının dağıdılan əmlakının uçotunun hazırlanması ilə bağlı müvafiq tapşırıq verdiyini və bu hərbi cinayətlərə görə Ermənistan dövlətinin mütləq cavab verəcəyini diqqətə çatdırıb. Həmçinin belə bir acı mənzərənin Azərbaycanın hansı vəhşilərlə üz-üzə dayandığının göstəricisi olduğunu xatırladıb. Qeyd edib ki, müharibədə Azərbaycan əsgəri və zabiti ancaq döyüş meydanında düşmənə dərs verib, işğalçını yerinə oturdub, onu torpaqlarımızdan qo­vub: “Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanın­da bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə ya­xın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim”.

Dövlətimizin başçısı müşavirədə sentyabrın 27-dən indiyədək cəbhədə baş verənlərin Ermənistan işğalçı­larının torpaqlarımızdan öz xoşu ilə çıxmaq fikrində olmadıqlarını bir daha göstərdiyini, düşmən ölkənin ötən 30 il ərzində əsas məqsədinin, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədiləşdirmək olduğunu vurğula­yıb. Azərbaycan Prezidenti, eyni za­manda, beynəlxalq vasitəçilərin də işğalçı dövlətə lazımi təzyiq göstərə bilmədiklərini, yaxud da bunu etmək istəmədiklərini təəssüflə xatırladıb: “Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası ke­çirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüş­dür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir”.

Prezident, Ali Baş Komandan İlham Əliyev sözünə davam edərək həmin vaxt Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilməsinə baxmayaraq, bu haqsızlığa etiraz etdiklərini diqqətə çatdırıb. Dövlətimizin başçısı çıxışında həmin dövlətlərin Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələr olduğunu, Azərbaycana onlar tərəfindən göstərilən bu dəstəyi çox yüksək qiymətləndirdiyini xüsusi vurğulayaraq deyib: “Bu onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin hava­darlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk...”.

Müşavirədə ötən müddət ərzində Ermənistan tərəfindən Azərbaycan qarşı dəfələrlə təxribatlar törədildiyi, işğalçı ölkənin ərazisindən hərbi mövqelərimizin, yaşayış yerlərimizin, o cümlədən Gəncə şəhərinin atəşə tutulduğu, nəticədə günahsız insanların həlak olduqları, amma beynəlxalq birli­yin, eləcə də vasitəçilərin buna səssiz qalmaları təəssüflə vurğulanıb. Daha sonra həmin qüvvələrin əsas məqsədinin Ermənistanı öz cinayətləri üzündən düş­düyü müharibə məğlubiyyətindən xilas etmək olduğu qeyd edilib.

Azərbaycan Prezidenti işğalçı ölkənin hazırda üzləşdiyi acınacaqlı durumdan xilasının ancaq bir yolu olduğunu da diqqətə çatdırıb: “Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə ge­dir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı baha­sına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik”.

Müşavirədə Azərbaycan xalqının səbrinin tükəndiyi, 28 il bundan əvvəl yaradılan Minsk qrupunun verdiyi vədə baxmayaraq, işğalçıya təzyiq göstərmədiyi, nəticədə Ermənistanın azğınlaşdlğı, indinin özündə belə bu ölkəyə müftə, pulsuz ən müasir silahlar göndərildiyi, Azərbaycanın haqq savaşı­nı təkbaşına apardığı, ordumuzun böyük rəşadət, peşəkarlıq göstərdiyi vurğula­nıb. Həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əminlik ifadə olunub.

Vaqif BAYRAMOV,“Xalq qəzeti”

27 Oktyabr 2020 02:12 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə