Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu dinc əhaliyə atəş açmır

Bu gün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən əzmlə azad etməkdədir. Hər gün yeni bir müjdə ilə qapımızı döyür. İndi yumruq kimi birləşən xalqımız ordumuzun əldə etdiyi tarixi zəfəri qürurla dəyərləndirir.

Soydaşlarımız döyüş meydanında qazanılan qələbələrimizlə yeni tarix yazan Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında torpaq­larımızın bütövlüyünün bərpa edilməsinin tezliklə başa çatacağını söyləyirlər. “Pirsultan” jurnalının və “Sədnik Paşa Pirsultanlı” saytı­nın təsisçisi və naşiri Sarvan Paşayev bu inamını bölüşərək dedi:

– Nəhayət ki, 30 il sonra erməni işğalçı­ları ilə mübarizəyə qalxan Azərbaycan xalqı, sanki, yenidən doğuldu. İstər çiçəklənən respublikanın idarə edilməsində, istər ordu quruculuğunda, istərsə də mənəvi, milli birliyin formalaşmasında qazanılan uğur­lar illərdən bəri çürük təfəkkürlərdə kök salmış “düşmənin güclü himayədarı var” düşüncəsini tamamilə darmadağın etdi.

Ulu öndərimiz – dünya şöhrətli siyasətçi və xalqımızın xilaskarı Heydər Əliyevin illərdən bəri davam edən uzun tarixi dövrü çevrələyən mükəmməl siyasətinin uğurlu davamı düşmənə qarşı mübarizədə üstünlü­yümüzü təmin edib. Hələ gənc yaşlarından ulu öndərin həyat və mübarizə məktəbindən dərs alıb mətinləşmiş dövlət başçısı İlham Əliyev bu gün xalqın sevib-dəstəklədiyi sərkərdə kimi Qarabağ savaşımızın önündədir. İndi Ali Baş Komandanın arxa­sınca gedən Azərbaycan xalqı müqəddəs və tarixi torpaqlarımızın işğalına son qoyur!

Ali Baş Komandan doğma xalqı­nın müqəddəs müharibəsində uğurların təminatçısı olmaqla yanaşı, davakar nazirin girovuna çevrilmiş dinc ermənilərə qarşı da bəşəri bir humanistlik nümayiş etdirir. Ermənistan rəhbərliyinin cəbhədə uduz­duqca Azərbaycanın müharibə getməyən bölgələrinə raketlər atmasının qarşılı­ğında Azərbaycan rəhbəri xalqımızın alicənablığını və insanpərvərliyini bütün dünyaya sübut etdi: biz ermənilər kimi dinc əhaliyə atəş açmırıq, yalnız hərbi təhlükə törədən hədəfi zərərsizləşdiririk.

Döyüşlərdə düşmənin əsir alınmış zabit və əsgərinə qarşı davranışda da xalqımı­zın yüksək humanizm göstərməsi bizim haqq səsimizi eşitmək istəməyənlərin kar qulaqlarına ən ağır sillə kimi dəyir, onları qəflət yuxusundan ayıldır. Bütün bunlar Ali Baş Komandanın iradəsi ilə müharibənin Azərbaycan tərəfdən sivil normalarla aparıl­dığını sübut edir.

Qədim dövrdən üzü bəri türk qadı­nı öz əri ilə çiyin-çiyinə ağır zəhmətlərə qatlaşıb, cıdır meydanında at çapıb, qılınc oynadıb və düşmənə qarşı vuruşub. Bu gün də belədir, ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da dövlət idarəçiliyində olduğu kimi, xalqımızın haqq savaşında da bu ənənələrə sadiqliyini nümayiş etdirir. Onun yaralılarla görüşdə gizlin olsa belə göz yaşı tökməsi izləyicilərin diqqətindən yayınmadı. Hər bir şəhid anasının ağrı- acısını özününkü bilən, əsl türk xanımının bu həssaslığı xalqın milli mübarizə ruhunu yüksəldən amillərdəndir.

İndi şanlı, müzəffər ordumuzun gündəlik zəfərlərinin ilk müjdəsini Ali Baş Koman­dandan gözləyirik və əminik ki, tam qələbə xəbərini də onun dilindən eşidəcəyik. Bu xəbər tezliklə şəhidlərimizin ruhunu şad edəcək, məcburi köçkünləri öz yurdlarına qaytaracaq.

Tanrı Ali Baş Komandanımızı, şanlı ordumuzu və xalqımızı qorusun! Qarabağ Azərbaycandır!

Namiq QƏDİMOĞLU,“Xalq qəzeti”

27 Oktyabr 2020 02:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə