Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verməlidir

Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatlarının gedişində böyük uğurlar qazanılıb. Cəbhənin bu və ya digər istiqamətlərindən hər gün qələbə xəbərləri gəlməkdədir. Artıq 100-dən çox yaşayış məntəqəsi – şəhərlər, kəndlər işğalçılardan azad edilib. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıb. Bu günlərdə Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini də işğalçılardan azad edib. Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi Twitter səhifəsində bəyan edib.

Bu barədə həmsöhbətim, Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı bildirdi:

– Azərbaycan Ordusu cəbhədə azğın düşmənə dərs verməkdə davam edir. Ali Baş Komandanımız qazanılmış qələbələr barədə Azərbaycan ictimaiyyətini məlumatlandırır. Prezident İlham Əliyev həm də mütəmadi olaraq ordu rəhbərliyi ilə görüşlər keçirir, məsləhətləşmələr aparır, nəticədə qələbəmizi təmin edəcək qərarlar verilir. Oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nöbbəti dəfə Müdafiə Nazir­liyinin mərkəzi komanda məntəqəsində nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi. Dövlət baş­çısı ordumuzun uğurları haqqında geniş məlumat verdi, eyni zamanda, bildirdi ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi viran qoyub, bütün inzibati binalar, evlər, sosial obyektlər, tarixi-dini abidələrimiz da­ğıdılıb. Prezident İlham Əliyev onu da əlavə etdi ki, “işğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir”.

Zənnimcə, Prezidentin bu dağıdıl­mış binalar və infrastrukturlarla bağlı Ermənistandan hesab sorulacağı ilə bağlı dedikləri Azərbaycan ictimaiyyətinin ürəyindən xəbər verdi. Çünki azad olunmuş kəndlərin, şəhərlərin videogörüntülərinə baxanda adam dəhşətə gəlir. İnanmaq olmur ki, bu dağıntıları XXI əsrin insanla­rı törədiblər. Bu, əsl orta əsr vəhşiliyidir. Ona görə də müasir düşüncə bu cür əməl sahiblərinin cəzalandırılmasını tələb edir. Prezident haqlı olaraq tapşırıq verib ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın hansı vəhşilərlə üz-üzə qaldı­ğını bütün dünya gördü.

Hazırda bu vəhşiliklərin cavabını Azərbaycan Ordusu döyüş meydanında cəsarətlə verir. Düşmənə tarixi bir dərs veri­lir. Prezidentin qeyd etdiyi kimi, Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadığı yerləri atəşə tutmaqla həyata keçirir. Bu atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın dinc insan yaralanıb.

Təəssüf ki, ATƏT-in Minsk qrupu, beynəlxalq ictimaiyyət son 30 il ərzində Ermənistanın bu çirkin əməllərinin qarşı­sını almayıb. Əksinə, ona dəstək verilib. Acınacaqlıdır ki, həmin dəstək bu gün də davam edir. Prezident İlham Əliyev bu yaxınlarda BMT TŞ-də keçirilmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi iclasda yenidən işğalçı ölkənin müdafiə olunduğu­nu qeyd edib. Həmsədr ölkələr tərəfindən Azərbaycanın maraqlarına zidd olan, 1993-cü ildə qəbul edilmiş 4 qətnamə üzərindən faktiki olaraq xətt çəkmək mənası daşı­yan sənəd irəli sürülüb. Azərbaycan lideri deyib: “Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yox­dur… Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir… Bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşul­mama Hərəkatına üzv ölkələrdir…Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir”.

Söhbəti yazdı:

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

27 Oktyabr 2020 02:10 - SİYASƏT
SİYASƏT
27 Noyabr 2020 | 17:12
Fransanın tarixinə qara ləkə

Köhnə versiyamızdan xəbərləri izlə