Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Latviya XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Oktyabrın 26-da Azərbaycan Respub­likası Xarici İşlər Nazirliyi və Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Xari­ci İşlər nazirinin müavini Xələf Xələfov, Latviya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktoru Yaniş Mazeiks rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Latviya arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluqlarını ifadə ediblər. Bu xüsusda, Azərbaycan ilə Latviya ara­sında 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlığın Yara­dılması haqqında Bəyannamə xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndirilib.

Tədbirdə ikitərəfli iqtisadi əməkdaşlığın geniş potensia­la malik olduğu qeyd edilib, iqtisadi-ticari, elmi-texniki və mədəni sahələrdə əlaqələrin təşviqinə dair məsələlərin müzakirəsi və həlli məqsədilə Hökumətlərarası Komissi­yanın növbəti - 8-ci iclasının 2021-ci ildə keçirilməsinin mümkünlüyünə inam ifadə olunub.

Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib, hər il çox say­da azərbaycanlı gəncin Latviya universitetlərində təhsil alma­sından məmnunluq bildirilib.

Görüşdə, eyni zaman­da, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Münaqişənin sülh yolu ilə həlli üçün BMT Təhlükəsizlik Şurasının mü­vafiq qətnamələrinin yerinə yetirilməsinə diqqət çəkilib. X.Xələfov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü bildirib.

Nazir müavini Latvi­ya tərəfinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, o cümlədən iyulun 12- 16-da Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı və sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüz aktı barədə məlumat ve­rib. X.Xələfov Ermənistan silahlı qüvvələrinin huma­nitar atəşkəsi pozmaqda davam etdiyini, münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturun məqsədyönlü şəkildə raket atəşinə tutduğunu, sentyab­rın 27-dən etibarən ölkəmizə qarşı yeni hərbi təxribatları nəticəsində 65 mülki şəxsin həyatını itirdiyi və 300-ə yaxın dinc sakinin yaralandı­ğını həmsöhbətinin diqqətinə çatdırıb.

Nazir müavini bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində özünümüdafiə hüququna əsaslanaraq, Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması üçün hərbi-siyasi tədbirləri davam etdirir. Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərində Silahlı Qüvvələrimizə qarşı müharibə aparması­na görə tam məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü qeyd olunub. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tam tərk etməyənədək bölgədə dayanıqlı sülh təmin oluna bilməz.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regio­nal və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

27 Oktyabr 2020 02:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə