Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Biz, Aytmatov Əskər Çingizoviç, Osmanaliyev Kayrat Mederbekoviç, əsas vəzifəsi qırğız və türk yazıçısı Çin­giz Aytmatovun yaradıcılıq və mənəvi irsinin qorunub saxlanılması və təbliği, onun humanist ideallarının təşviqi olan “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin üzvləriyik.

Biz qürur duyuruq ki, Çingiz Aytma­tovun kitabları qardaş Azərbaycanda çox oxunur və sevilir, Azərbaycan xalqı onu öz yazıçısı kimi qəbul edir.

Biz ölkənizin inkişaf edən bir dövlət qurmaq istiqamətində qazandığı uğur­lara, dünya miqyasında malik olduğu nüfuza sevinirik.

Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası - işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük.

Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qana­dından yaralanan azadlıqsevər qızıl qar­talı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uçur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir.

İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedişi­ni narahatlıqla izləyir.

Azərbaycan Ordusu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir.

Böyük Lev Tolstoyun və Çingiz Aytmatovun ardınca müharibənin insan zəkasına və mahiyyətinə zidd fenomen olduğuna əminik. Ancaq bəzən xalq belə bir addım atmağa məcbur olur. Vətəninə, torpağına məhəbbət – bu müqəddəs hiss hər bir xalqa instinktiv səviyyədə xasdır.

Azərbaycanlılar üçün Qarabağ on­ları birləşdirən milli meqafikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevrildi.

Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddətdə bitməsini, danışıqlar prosesinin bərpa edilməsini və Qara­bağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olunmasını diləyirik.

Hər hansı müharibə, xüsusilə mülki əhaliyə qarşı bəşəriyyətin əsrlər boyu yaşadığı acı təcrübə əsasında aparılan müharibə qaydalara məhəl qoyulmadığı zaman qəddarlıq və insanlıqdan kənar nəticələrə gətirib çıxarır.

Müharibə cinayətlərinin bilərəkdən və soyuqqanlılıqla törədilməsi, Ermənistan ordusunun cəbhə xəttindən çox uzaqda yerləşən sülhsevər Azərbaycan şəhərlərini qəsdən bombalaması faciəvidir və dərindən pislənilməlidir. Uşaqlar da daxil olmaq­la mülki şəxslərin qurban olması çox təəssüf doğurur.

Cənab Prezident, Sizə və bu hücum­lar nəticəsində həlak olanların yaxın­larına dərin hüznlə başsağlığı veririk. Yerləri cənnət olsun. Bütün yaralıların tezliklə sağalmalarını arzu edirik.

Əminik ki, bu cür çirkin hərəkətlər Azərbaycan Ordusunun döyüş ruhunu qıra bilməyəcək, Azərbaycan xalqını qorxutmayacaq, müharibənin gedişini öz xeyrinə dəyişə bilməyəcək, əgər bu qey­ri-insani hərəkətlərin məqsədi belə idisə.

Cənab Prezident, Siz dahi atanız və bütün Azərbaycan xalqının atası - Heydər Əliyevin işlərinin layiqli davam­çısısınız.

İndi Azərbaycan xalqının qarşınıza qoyduğu tarixi vəzifənin - ölkənin ərazi bü­tövlüyünün bərpası üçün həlledici andır. Əminik ki, müdrik və uzaqgörən lider ola­raq, bu missiyanı qardaş Azərbaycan xal­qı naminə, bölgədə və dünyada sülhün və sabitliyin qorunması naminə, beynəlxalq hüquq və sivil vasitələr çərçivəsində danı­şıqlar yolu ilə layiqincə yerinə yetirməkdə uğur qazanacaqsınız. Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun.

Hörmətlə,

 

Aytmatov Əskər ÇİNGİZOVİÇ
“Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti,
Moldokmatova Assol ABDIKALIYEVNA
“Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin vitse-prezidenti,
Jumabayeva Dinara ESENBEKOVNA
Baş katib,
Osmonaliyev Kayrat MEDERBEKOVİÇ
İdarə heyətinin üzvü

27 Oktyabr 2020 02:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə