Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu milyonlarla soydaşımızın arzusunu reallaşdırır

Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra, əlbəttə ki, münaqişənin nizam­lanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Hər gün bayrağımız respublikamızın 27 il işğal altında qalmış yeni bir yaşayış məntəqəsində ucaldılır. Sentyabrın 27-dən indiyədək Azərbaycanın 4 rayonu, 3 qəsəbəsi və 165 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsi, Murovdağ yüksəkliyi, Suqovuşan, Xudafərin körpüsü və strateji əhəmiyyətli yüksəkliklər Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. İndi həmin ərazilər rəşadətli ordumuzun nəzarətindədir. Bu uğurlar Prezident İlham Əliyevin siyasi xadim, qətiyyətli, müzəffər Ali Baş Komandan kimi müdrik fəaliyyətinin bariz nümunəsidir. Bu, həm də Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünün göstəricisidir. Ölkəmiz artıq nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

“Münaqişənin hərbi yolla nizamlanması mümkün deyil” deyənlərə...

Əslində, həm düşmənlərimiz, həm də dünya ictimaiyyəti dörd il əvvəl --2016- cı ilin Aprel döyüşlərində Azərbaycan Or­dusunun gücünü görmüşdü. O zaman cəmi dörd gün davam edən döyüşlərdə uzun illər işğal altında qalan ərazilərimizin 2 min hektardan çoxu, həmçinin Lələtəpə və digər mühüm əhəmiyyətli yüksəkliklər Silahlı Qüvvələrimizin nəzarətinə keç­mişdi. Ondan sonra baş verən təxribatlarda Ermənistan ordusuna sarsıdıcı zərbələr vurulan zaman Azərbaycan Ordusunun gücü dünyaya bəlli oldu. Gördülər ki, Azərbaycan Ordusunun dün­yanın 50 ən güclü ordularından biri olması təsadüfi deyilmş. İşğalçı ölkənin havadarları artıq hiss etdilər ki, Azərbaycanın Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etmək iqtidarın­dadır. Bunun qarşısını almaq üçün “Münaqişənin hərbi yolla nizamlanması mümkün deyil” kimi bəhanə gətirib bu yol­la Ermənistana himayədarlıq edirdilər. İşğalçı ölkə isə köhnə vərdişindən əl çəkmir, havadarla­rına arxayın olaraq, necə deyərlər, özünə gələn kimi, yenidən sərhədboyu ərazilərdə təxribatlar törədir, dinc əhalini qətlə yetirir, yaşayış məntəqələrini yararsız hala salır.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində “səy göstərən” beynəlxalq təşkilatlar, bu problemin aradan qaldırıl­masında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri də yenə özlərini, lallığa, korluğa və karlığa qoyurlar. 30 ilə yaxın müddətdə Ermənistanın nazı ilə oynamaları işğalçı ölkəni daha da quduzlaş­dırdı. Bu müddət ərzində işğalçı ölkəni öz adı ilə çağırmamaları, onların dinc əhalini, uşaqla­rı qətlə yetirmələrinə, yaşayış məntəqələrini, qəbiristanlıqları, digər obyektləri dağıtmalarına, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmalarına göz yummaları vəziyyəti bu həddə çat­dırdı. 30 il ərzində Ermənistanın törrətdiyi terror aktlarına, soyqı­rımına, vəhşiliyinə görə nəinki sanksiya tətbiq olunmadı, hətta ona “dur!” – deyən də tapılmadı.

Sentyabrın 27-də Ermənistanın başladığı genişmiqyaslı təxribat, sonradan bunu müharibə həddinə çatdırması, xalqımızın səbr kasa­sını daşdırdı. Həm işğalçı ölkəyə, həm dünya ictimaiyyətinə, həm də “Münaqişənin hərbi yolla nizamlan­ması mümkün deyil” – deyənlərə bəlli oldu ki, münaqişənin hərbi yolla nizamlanması mümkün imiş. Vəziyyətin bu həddə çatmasına isə Ermənistanın beynəlxalq hüquq normalarına saymazlığı imkan yaratdı.

Münaqişənin “diplomatik həlli yoxdur” bəyanatına sözardı

Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatı bu ölkənin işğalçı siyasətdən əl çəkməməsindən irəli gəlirdi. Bir də ki, Paşinyan həmin bəyanatı verəndə artıq iş işdən keçmişdi. Bundan sonra danışıqlar masasında oturma­ğa üzü qalmayıb. Artıq döyüş meydanında məğlub olan Paşin­yan diplomatiya cəbhəsində də uduzacağını aydın bilirdi. Onun bu bəyanatı suda batanın saman çöpünə əl atmasına bənzəyirdi. Digər tərəfdən təcavüzkar ölkənin hazırkı rəhbərinin iş­ğalçı siyasətindən əl çəkmək istəmədiyini və münaqişənin da­nışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etirafı idi. Baş nazirin bu bəyanatı bir daha təsdiqlədi ki, 27 ildir işğal altın­da olan ərazilərin Azərbaycan Ordusu tərəfindən azad olun­ması zamanı Ermənistan silahlı qüvvələrinin darmadağın edildiyi­ni görən və atəşkəs üçün iki dəfə ağ bayraq qaldıran Paşinyanın əsl niyyətinin sülh olmadığı qısa zamanda bəlli oldu. O da bəlli oldu ki, bu, erməni hiyləsi idi və əsas məqsəd yeni işğala əl at­maq idi. Bu dəfə arzusu ürəyində qaldı. Paşinyan “konfliktin hazırkı mərhələsində diplomatik həll variantı yoxdur” – deməklə, beynəlxalq aləmə “sübut etmək” istəyirdi ki, guya, Azərbaycanın dayanmaq, Ermənistanın şərtləri ilə razılaşmaq fikri yoxdur. Dövlətimizin başçısı Paşinyanın şərtlə bağlı cavabını vaxtında ver­mişdi: “...Sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək…”

“Konfliktin hazırkı mərhələsində diplomatik həll variantı yoxdur” -- deyən Nikol Paşinyan əgər bu düşüncədədirsə, bəs onda niyə ölkəsinin xarici işlər na­zirni danışıqlar üçün gah Moskva­ya, gah da ABŞ-a göndərirdi? Hu­manitar atəşkəsə riayət olunması üçün vasitəçi ölkələrin səylərinə hörmətsizlik edən Ermənistan rəhbərliyinin, Moskvada xarici işlər nazirlərinin görüşündən sonra və Vaşinqtonda həyata keçiriləcək məsləhətləşmələr ərəfəsində diplomatik səylərə xələl gətirən bu bəyanatı verməklə Ermənistanın uzun illərdir münaqişənin həlli ilə bağlı sərgilədiyi dağıdıcı mövqeyin növbəti bariz nümunəsidir. Baş nazir öz ölkəsinin və ordusunun potensialına yaxından bələd olduğu halda, niyə vətəndaşlarını qırğına verirdi? O, hələ də dərk edə bilmir ki, münaqişənin davamlı həllinin və bölgədə gərginliyin aradan qaldırılmasının yeganə yolu beynəlxalq hüququn aliliyi, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı və onlara hörmətin təmin edilməsi ilə mümkündür.

Paşinyanın bu açıqlama­sı, əslində, Ermənistanın hər şeydən ümidini üzmüş vəziyyətə düşməsindən xəbər verir. O, bu bəyanatı ilə həm də özünü qorumağa çalışır. Çünki əhalini bilərəkdən qırğına göndərən ölkə başçısı bilir ki, Qarabağ­da döyüşlərdən bir addım geri çəkilmək ona çox çətin anlar yaşa­dacaq. İlk növbədə, yerli əhaliyə, övladları bu döyüşdə həlak olan minlərlə valideynə cavab verməli olacaq. Buna görə də özünü qorumaq üçün belə bir bəyanat səsləndirib. Azərbaycana qarşı təcavüz siyasəti çərçivəsində bugünədək hər hansı təzyiq hiss etməyən, törətdiyi çoxsaylı cinayət əməllərinə , terror akt­larına görə hüquqi məsuliyyətə cəlb edilməyən Ermənistan rəhbərliyi verdiyi məsuliyyətsiz bəyanatları və törətdiyi əməlləri ilə öz xalqını uçuruma daha da yaxınlaşdırır. Paşinyan belə açıq­lamanı verərkən həm də kiməsə güvəndiyini, ona arxa-dayaq olacaqlarına arxayın olub. Ancaq əvəzində...

Tərs şillə...

Paşinyan əvvəlcə Kollek­tiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini bu münaqişəyə cəlb etmək istədi. Bəhanəsi də bu oldu ki, KTMT üzvləri bir-birinin ərazi bütövlü­yünün qorunması barədə kömək üçün müqavilə imzalayıblar. Rusi­ya Prezidenti V. Putin Paşinyanın bu yalvarışlarına cavabı “Ros­siya 24”ə açıqlamasında verdi. Dedi ki, Ermənistan KTMT-nin üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Ancaq hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir”.

Rusiya Prezidenti bu günlərdə “Valday" klubu forumunda bir daha bu məsələyə qəti mövqe­yini bildirərək dedi: “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti əbədi davam edə bilməz. Biz problemin həlli üçün ən müxtəlif variantlar təklif etmişik. Hər dəfə son anda nəticə əldə emək olmayıb.”

KTMT-dən əli ətəyindən uzun qayıdan Paşinyan kömək üçün ABŞ Prezidenti Donald Trampa yalvardı. D. Trampın cavabı da qısa və konkret oldu: “Minsk qrupu həmsədrlərinin belə bir vəziyyətdə Ermənistana dəstək vermələri mümkün deyil”. Donald Trampın Qarabağda hərbi əməliyyatların yenidən başlaması haqda açıq­laması, əslində, Nikol Paşinyana mesaj idi. Yəni, sənə bu nəticə barədə xəbərdarlıq etmişdik, amma dinləmədin, indi bizdən dəstək gözləmə.

Napoli–Bakı Assosiasiyasının beynəlxalq təşkilatlara çağırışı da diqqəti çəkən məqamlardandır. Qurumun prezidenti Cuzeppe Caniglianinin yaydığı bəyanatda deyilir: “Başda İtaliya olmaqla, bü­tün beynəlxalq ictimaiyyət, hər bir təşkilat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoy­maq üçün müdaxilə etməli, mülki insanlar arasında ölən və yara­lananların qarşısını almaq üçün tələb irəli sürməlidir”.

NATO da Ermənistanı məyus etdi. Qurumun baş katibi Yens Stoltenberq və Ermənstan prezi­denti Armen Sarkisyan Brüsseldə NATO-nun qərargahındakı görüşlərindən sonra keçirdikləri mətbuat konfransında alyansın baş katibi bu barədə məlumat verib. Deyib ki, Ermənistan prezidentinə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırladıb. Dinc əhalinin hədəf seçilməsinin qəbuledilməz və yolverilməz olduğunu deyən baş katib belə halların dərhal dayan­dırılmasının zəruriliyini bildirib. O, münaqişənin sülh yolu həllinin tapılmasının vacibliyini bildirib və Ermənistanla Azərbaycan arasında müzakirələrin davam etdirilməsini tövsiyə edib.

Ümidi Fransaya qalan işğal­çı Ermənistanın bu ölkədən də gözləntiləri puça çıxdı. Əvvəlcə Ermənistanın müdafiəsinə qal­xan Fransa prezidenti, görünür, rəhbərlik etdiyi ölkənin ATƏT- in Minsk qrupunun həmsədrlərindən biri olduğunu yadına salıb. Erməni həmkarı ilə danışıqlar aparan Em­manuel Makron vəziyyətdən çıxış yolunun yalnız danışıqlar yolu iə mümkün olduğunu bildirib. Makron, eyni zamanda, dialoqun davam etdirilməsi üçün sakit bir atmosferə ehtiyac olduğunu da deyib. Bu­nunla da Ermənistanın Avropadakı sonuncu ümid yeri də puç olub. Göründüyü kimi, Nikol Paşinyan böyük ümid bəslədiyi, güvəndiyi arxa-dayaqlarından tərs şillə aldı.

Hazırda Ermənistanda daxili vəziyyət getdikcə gərginləşir. Budəfəki döyüşlərdə də məğlub olduğunu görən Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüb. Bunu Ermənistandakı siyasi meydanın bütün nümayəndələri də yaxşı gö­rür. O, siyasi partiya rəhbərlərini, hətta rəqiblərini də toplayıb, guya, vəziyyətdən çıxış yolunu birgə axtardığını sübut etmək istəyir. Ancaq gecikib. Çünki sələfləri Koçaryanla Sarkisyan ona heç vaxt dəstək verə bilməzlər. Onlar Paşinyanı səhv yolda olmaqda, ordunu pis günə qoymaqda , xalqı güdaza verməkdə ittiham edirlər. Levon Ter-Petrosyanın da Paşinyana dəstək verməyəcəyi açıqlamalarından bəllidir. Vəziyyət getdikcə daha da pisləşir. Azərbaycan Ordusunun Dağlıq Qarabağda tam qələbəsindən sonra Ermənistanda daha acına­caqlı hadisələrin şahidi olacağıq.

Referendum olmayacaq

Dövlət başçımızın bugünlərdə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində “Dağlıq Qarabağ­da heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmaya­cağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığı­mız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddaratını təyinetməyə gəldikdə , ermənilər artıq öz müqəddaratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var” – fikrini səsləndirməsi, əslində, dünya ictimaiyyətinə bir mesajdlr. Bunun­la da bir daha bəlli odu ki, əvvəlki status-kvo artıq mövcud deyil və təmas xətti yoxdur. Bundan sonra Ermənistan rəhbərliyinin yeganə çıxış yolu işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməkdir. Onsuz da milyonlarla soydaşımızın arzusunu həyata keçirən Azərbaycan Ordusu bu işin öhdəsindən şərəflə gəlir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

27 Oktyabr 2020 01:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə