Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” həqiqətini döyüş meydanında gerçəkləşdirir

Bir aya yaxındır ki, Qarabağ cəbhəsindən gələn xoş xəbərlər hər bir azərbaycanlını qəlbən sevindirir, xalqımızı tarixi qələbəyə bir az da yaxınlaşdırır. Otuz il danışıqlar yolu ilə, beynəlxalq təşkilatların qərarlar qəbul etməsi ilə Azərbaycanın ərazi bütövlüyü təmin edilmədi. Əksinə, erməni hərbi-siyasi rəhbərliyi, demək olar ki, bu müddətdə hər gün azərbaycanlılara göz dağı verdi. Son vaxtlarda isə Dağlıq Qarabağa aid olmayan sərhəd kəndlərimiz də atəşə tutulur, dinc sakinlər uşaq, qadın, yaşlı demədən qətlə yetirilirdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev siyasi danışıqlar yolunun dala­na dirəndiyini gördükdən sonra bütün bu hərbi təxribat və siyasi oyunbazlıqlara son qoymaq üçün düşmənə və onun havadarlarına xalqımızın gücünü göstərmək, tor­paqlarımızı işğaldan azad etmək qərarına gəldi. Bu, Azərbaycan xalqının çoxdan gözlədiyi qətiyyətli addım idi.

Sentyabr ayının 27-də baş­layan Vətən müharibəsində hər gün cəbhədən gələn şad xəbərlər qələbənin uzaqda olmadığının göstəricisidir. Bu qələbənin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi sahədə dəqiq hesablanmış gedişlərinin, müdrik və gərgin fəaliyyətinin nəticəsidir.

Bir aya yaxındır ki, Xalq və Li­der birliyinin ən yüksək səviyyədə gerçəkləşməsi nəticəsində cəbhədəki irəliləyiş davam edir, işğalçı hər gün geriyə – faşizm yuvası Ermənistana doğru sıxış­dırılır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehba­lıyev başda olmaqla həmkarlar təşkilatları, milyon yarımdan çox ittifaq üzvləri cənab Prezidentin ətrafında sıx birləşib. Həmkarlar İttifaqları ailəsinin üzvü olaraq Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqı Respub­lika Komitəsinin əhatə etdiyi sahə üzvləri də bir nəfər kimi dövlət başçısının yürütdüyü siyasəti ürəkdən dəstəkləyir. Apardığımız fəaliyyət nəticəsində hər bir üz­vümüz döyüşçülərimizə bacardığı mənəvi və maddi dəstəyi göstərir. Gənclərimiz Səfərbərlik Xidmətinə müraciət edərək cəbhəyə yol­lanmaq üçün hazır olduqlarını bildirirlər. Komitəmiz AHİK-in üzvü kimi hərbi fonda yardım göstərir, sahə üzvləri olan şəhid ailələrinə maddi və mənəvi yardım göstəririk.

Həmkarlar təşkilatımız beynəlxalq Həmkarlar İttifaqları ilə də sıx əlaqə saxlayır, Azərbaycan həqiqətlərini onların kanalları ilə dünyaya yayır. Türkiyə “Özorman-iş”, Türkiyə Orman Mühəndisləri Odası, MDB Beynəlxalq Meşə İşçiləri Həmkarlar İttifaqla­rı Federasiyası, mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq İnşaat və Meşə Sənayesi İşçiləri Həmkarlar Federasiyası, Fransa Beynəllxalq Kənd Təsərrüfatı, Meşə və Yeyinti Sənayesi İşçiləri Həmkarlar Federasiyasının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən üzv təşkilatlarına erməni vandalla­rının Azərbaycanın dinc əhalisinə qarşı terror hadisələri barədə ətraflı məlumat və vizual material­lar ünvanlamışıq.

Mərkəzi ofisi Parisdə yerləşən Beynəlxalq Kənd Təsərrüfatı, Meşə və Yeyinti Sənayesi İşçiləri Həmkarlar Federasiyası 150 üzv təşkilatı özündə birləşdirir ki, bu da yüzdən çox ölkə deməkdir. Xüsusi qeyd etmək istərdim ki, Beynəlxalq İnşaat və Meşə Sənayesi İşçiləri Həmkarlar Fede­rasiyası MDB üzrə koordinatoru Mixail Kartaşev ingilis dilində yaz­dığımız mətni rus dilinə çevirərək şəkillərlə bərabər MDB-dən olan üzv təşkilatlara yönləndirib. Dost təşkilatlardan aldığımız cavablar, məktublar həmkarlar birliyinin həmrəyliyindən, haqq və ədalətin tərəfində durmalarından xəbər verir. Demək olar ki, sahə həmkarlar ittifaqlarına, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanlanmış məktublarda xalqımızın ədalətli savaşına, torpaq bütövlüyünə haqq qazandırılır, tezliklə ədalətli sülhün bağlanması arzu edilir.

Qardaş Türkiyə Respublikası­nın Öz-Orman İş Həmkarlar İttifaqı sədri Səttar Aslanın Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə göndərdiyi məktub qardaşlığın, bir millət, iki dövlət anlamının bariz nümunəsidir. Beləliklə, Azərbaycan xalqının haqq işini dünyadakı həmkarlarımız müdafiə edir, səsimizə səs verirlər. Şanlı ordumuzun cəbhədəki uğurları dost ölkələr, sülhsevər xalqlar tərəfindən də sevinclə qarşılanır və müdafiə edilir.

Fəxarətlə bildirmək istərdim ki, bu uğurlar illərin bəhrəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin illər uzunu apardığı məqsədyönlü fəaliyyətdən əlavə, müharibə başlanandan bəri xarici telekanallara, xəbər agentliklərinə, verdiyi çoxsaylı müsahibələr, bir sıra bəyanat və açıqlamalar da haqq işimizə dünya miqyasında ciddi dəstək qazandırır.

Xalqın sevimli rəhbərinə bu tarixi mübarizəsində uğurlar arzu­layırıq. Cənab Prezidentin bütün dünyaya bəyan etdiyi və döyüş meydanında gerçəkləşdirdiyi kimi: “Qarabağ Azərbaycandır!”

Telman QULİYEV,
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

27 Oktyabr 2020 01:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə