Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər mədəni irsimizi viran qoyublar

“Ağdam rayonu işğal olunandan sonra ermənilər burada qanunsuz qazıntılar apararaq tarixi abidələrimizi saxtalaşdırırlar”. Bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev məlumat verib.

E. Allahverdiyev bildirib ki, Ağ­damda yerləşən Şahbulaq qalası görkəmli dövlət xadimi Pənahəli xanın Qarabağda tikdirdiyi ikinci qaladır. Ağdam rayonu işğal olunandan sonra ermənilər burada qanunsuz qazıntılar apararaq, tarixi abidəmizi saxtalaş­dırır, onun guya “qədim Tiqranakert” şəhərinin qalığı olması barədə cəfəng iddialarla çıxış edirlər.

“Tiqran eramızdan əvvəl I əsrdə yaşamış çardır, ermənilər onu da özününküləşdirirlər. Şahbulaq qalası isə XVIII əsrin ortalarında tikilib. Yəni ortada 19 əsrlik saxtalaşdırma tarixi var”, – deyən deputatın sözlərinə görə, ermənilərin şəhər adlarında “kert” sonluğu istifadə olunur.

Elnur Allahverdiyev tarixçi Türkan İlqarın “kert” sonluğunun ermənilərə heç bir aidiyyatı olmadığı barədə mülahizəsini də bölüşüb. Türkan xanımın yazdığı tarixi mülahizədə bu barədə deyilir:

“Erməni dilində işlədilən şəhər adlarına fikir verək: Tiqranakert, Ar­katiakert, Hunarakert, Stepanakert və s. “Kert” hissəciyi erməni dilində heç bir məna kəsb etmir. Vaxtilə erməni dilçiləri özləri bu sözü fars sözü olan “Kirt” ilə əlaqələndirərək “tikmək” “yaratmaq” “qurmaq” sözlərinin ekvivalenti kimi izah edirdilər. Əslində isə “kert” sonluğu hun mənşəlidir. Bu söz hazırda macar dilində (Kert formasında) və fin–uqor xalqlarının dilində işlənilir (Kart/kort formasında). Mənası bağ, ərazi deməkdir. Qədim şəhər adlarının sonluğunun belə bir məna ilə bitməsi çox məntiqli görünür. Məsələn, Tiqranakert – Tiqranın bağı /ərazisi, Hunarakert – Hunun bağı / ərazisi. Yeri gəlmişkən, ermənilər Hunarakert sözünün izahına da öz dillərində çıxış edərək məna verə bilmirlər, yenə də fars dilinin “hunara” - cəsur /mərd sözü ilə əlaqələndirib mənalandırırlar. Ancaq “hunara” sözü də fars mənşəli söz olmayıb türk mənşəlidir. Adından da görünür ki, Hunarakert elə hunlarla bağlı olan to­ponimdir: Hunarakert – Hun+Ər+Kert, yəni Hun ərinin bağı. “Hünər” sözü də türk mənşəli olub, Hun+Ər birləşməsindən yaranmışdır. İngilis dilində olan Honor/Honour - şərəf, şan–şövkət, şərəfli, qeyrətli sözlərini də bu qəbildən hesab etmək olar”.

Göründüyü kimi, ermənilər faktı kənarda qoyub, saman çöpündən ya­pışırlar. Beləcə, bu vandallar tarix və mədəniyyət abidələrimizin üzərində əməliyyat apararaq, onları öz adlarına çıxmaq istəyirlər. Daha bilmirlər ki, bu abidələrin sahibləri işğal altında olan mədəni irsinə də sahib çıxacaqlar.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

27 Oktyabr 2020 01:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə