Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımızın koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməsi zəruridir

Hazırda ölkəmizdə işğal olunan torpaqlarımızın azad olunması uğrunda haqq savaşı gedir, müzəffər Azərbaycan Ordusu qələbə tarixi yazır. Ön cəbhədən gələn xoş xəbərlər, Silahlı Qüvvələrimizin hər qarış torpaq uğrunda göstərdiyi şücaət və qəhrəmanlıq hamımızda qürur hissi doğurur. Lakin bu məqamda etiraf etməliyik ki, vətəndaşlarımız tərəfindən müharibə başlayandan COVID-19 pandemiyasına qarşı əvvəlki ciddi münasibət bəslənilmir. Belə ki, cəmiyyətdə yay aylarında mütəxəssislərin tövsiyələrinə riayət edilirdisə, hazırda virusa qarşı mübarizə qaydalarına elə də ciddi əməl olunmur. Adamlarda sanki bir arxayınlıq yaranıb. Əslində isə belə olmama­lıdır. Qaydalara riayət edilməməsinin nəticəsidir ki, artıq respublikamızda pandemiyanın daha da geniş yaylması təhlükəsi ortaya çıxıb. Bu isə özünü son vaxtlar yüksələn rəqəmlərdə açıq-aydın büruzə verir.

Qeyd edim ki, son vaxtların sta­tistikası nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejimi oktyabrın 19-dan noyabrın 2-dək sərtləşdirilib. Noyabrın 2-dən sonra yeni məhdudiyyətlərin tətbiqi və yaxud yumşaldılmalar isə birbaşa vətəndaşlardan asılı olan məsələdir.

Virus infeksiyalarından qorunma­ğın əsas yollarından biri gigiyenik qay­dalara düzgün əməl etməkdir. Buna görə də hər bir kəs şəxsi gigiyena qaydalarını diqqətdə saxlamalı, əllərin yuyulmasının ən təsiredici gigiyenik üsul olduğunu unutmamalı və bununla da öz sağlamlığını qorumaqla yoluxma hallarının qarşısını almalıdır.

Qapalı məkanlarda, məsələn, iaşə müəssisələrində ventilyasiya siste­minin normal işləməsi daim diqqətdə saxlanılmalıdır. Əgər bu məsələyə laqeyd yanaşılarsa, daha konkret desək, ventilyasiya pis işləyərsə, deməli, hava zəif sirkulyasiya edəcək. Bununla da insanların virusa yolux­ma təhlükəsi daha yüksək olacaq. Ümumiyyətlə, hamı bilməlidir ki, ventilyasiyası normal tələblərə cavab verməyən qapalı məkanlarda virusun daha çox qalma ehtimalı var və bu da insanların infeksiyaya daha çox tutul­malarını şərtləndirir.

Ona görə də əgər məsələyə ciddi yanaşmasaq, yeni çətinliklərlə üz-üzə qalmalı olacağıq. Yoluxma sayının daha da artması qaçılmaz olacaq.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında diqqətçəkən bir məqama da toxun­maq istəyirəm. Bu, uşaqlarda gigi­yenik qaydalara nəzarət edilməsi ilə əlaqədardır. Belə ki, mütəxəssislərin qənaətinə görə, 12 yaş və ondan böyük uşaqların virusun çox yayıldığı və fiziki məsafənin mümkün olmadığı məkanlarda maska taxmaması virusun yayılmasına şərait yaradır. Buna görə də nəzərdə tutulan yaş həddində olan uşaqlar da böyüklərə aid edilən tövsiyələrə əməl etməlidirlər.

ÜST-ün nümayəndəsi Marqaret Harrisin sözlərinə görə, maska taxmaq nəfəs almaqda çətinlik yaradır. Lakin uşaqların sağlamlığını da nəzarətdə saxlamaq zəruridir.

M.Harris daha sonra deyir: “Yolux­ma hallarının artım dinamikasından asılı olaraq şərtlər dəyişə bilər. Beş yaşadək uşaqlara maska taxılmasını tələb etməməyi məsləhət görürük. Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır. 6-11 yaşlı uşaq­ların virusun çox yayıldığı məkanlarda parça maska taxıb-taxmaması barədə qərar verərkən böyüklərin müşahidəsi və maskanı təhlükəsiz daşımaq imkanı kimi konkret amilləri nəzərə almaqla risk dəyərləndirməsinə əsaslanan yanaşma tətbiq etmək lazımdır”.

Koronavirusa yoluxub sağalan şəxsin ikinci dəfə yoluxmayacağını düşünməsi, arxayınlaşaraq mas­ka taxmaması yanlışdır. Dünyada ikinci dəfə koronavirusa yoluxmanın mümkünlüyünü göstərən çox sayda fakt var. Azərbaycanda da təkrar yoluxma hadisəsi qeydə alınıb. Dünya praktikasına əsasən ikinci dəfə yoluxarkən xəstəlik daha ağır keçir. Ona görə də yoluxub sağalanlar da qorunma tədbirlərinə əməl etsinlər, maska taxsınlar, həm özlərini, həm də ətrafdakıları qorusunlar.

Yeri gəlmişkən, bu gün haqqın­da çox danışılan qrip vaksinlərinə də toxunmaq istərdim. Belə ki, hər il Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına əsasən, oktyabrın birinci həftəsindən aprelin ortalarına kimi qrip mövsümü elan edilir. Hər il olduğu kimi, bu il də kəskin respirator xəstəliyə yoluxma hallarında artım olması gözləniləndir. Sadəcə bu, səhiyyə sisteminə düşən yükü artıra bilər. Kimsə bilmir ki, qripə yoluxarkən onu necə keçirəcək. Qrip xəstəliyinin də özünün ağırlaşmaları var.

Hazırda bu il ilk dəfə olaraq ölkə rəhbərliyinin göstərişi ilə respublika­ya qrip əleyhinə vaksinlər gətirilib. İlkin mərhələdə bu vaksinlərin tibb işçilərinə və risk qrupundan olan, xro­niki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub. Sonrakı mərhələlərdə isə adi vətəndaşlara da vurulacaq. Əlbəttə, vaksinasiya məcburi xarakter daşımır, könüllü olaraq hər kəs sahə üzrə təhkim olun­duqları poliklinikalara müraciət edərək vaksini vurdura bilər.

Ölkəmizdə aparılan seroloji testlər barədə isə onu deyə bilərəm ki, Bakı şəhəri üzrə seroloji tədqiqatlar sona çatdırılıb. Hazırda tədqiqatların nəticələri ilə bağlı məlumatlar da var. Lakin məlumatlar təhlil mərhələsində olduğu üçün yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcək.

Gəncə şəhərində möv­cud vəziyyətlə əlaqədar seroloji tədqiqatların aparılması dayandırı­lıb. Sumqayıtda isə davam etdirilir. Seroloji testlər sonrakı karantin rejimi tədbirlərinin sərtləşdirilməsi və ya yum­şaldılması qərarlarına təsir edə bilər.

Xalqımız indiki şəraitdə bir məsələni daim diqqətdə saxlamalıdır: Bu gün Azərbaycanda iki cəbhədə sa­vaş gedir–ön cəbhədə ordumuz, arxa cəbhədə isə həkimlərimiz mübarizə aparır. Belə halda hər bir vətəndaş, şübhəsiz ki, hansısa bir formada ön cəbhəyə kömək etmək istəyir. Bunun üçün isə insanlar özlərini qorumaq­la, qaydalara ciddi əməl etməklə əsgərlərə kömək etmiş olurlar.

İnsanlarımız xəstəlik orduya sızar­sa, nələr baş verəcəyini anlamalıdırlar. Ona görə də bu məsələyə xüsusi diqqətlə yanaşılmalı, qaydalara əməl olunmalıdır. Belə halda əsgərlərimizdə döyüş zamanı öz sağlamlıqlarına əminlik yaranar. Bu hal isə ordumuzun yüksək ruhla vuruşub qələbə qazan­masını şərtləndirər.

Sonda vurğulayım ki, özündə hər hansı bir xəstəlik simptomları müşahidə edən şəxs mütləq sahə həkiminə müraciət etməli, özünün qrip və ya koronavirus olduğunu müəyyənləşdirməlidir.

Kubra CABBAROVA,

1 saylı şəhər poliklinikasının baş həkimi

27 Oktyabr 2020 01:39 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Noyabr 2020 | 23:31
Şəmkirdə nəcib aksiya
27 Noyabr 2020 | 23:30
Heyif ki, yaş imkan vermədi...

Köhnə versiyamızdan xəbərləri izlə