Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın atdığı mərmilər nəticəsində Daşkəsən rayonunun meşəlik ərazidə yanğın başlayıb

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terrora da əl atmaqda davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonunun ərazisi Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalıb. Nəticədə meşəlik ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları cəlb olunublar. Yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən və texnikanın tətbiqi mümkün olmadığından onun söndürülməsi, əsas etibarilə əl əməyindən istifadə edilməklə həyata keçirilir. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

26 Oktyabr 2020 17:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə